“Müasir İnkişaf” İctimai Birliyi “Erkən evliliyə son” adlı kitab çap edəcək

8 iyun 2018-ci il tarixdə “Müasir İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Erkən evlilik” probleminin sosioloji tədqiqi və onun həlli istiqamətində maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsi çərçivəsində Abşeron rayonu, Xırdalan şəhərindəki 2 saylı orta məktəbdə konfrans keçirilib.

Tədbirdə ilk çıxış edən məktəbin direktoru Ədalət Camalova mövzunun kifayət qədər aktual olduğunu bildirib. Onun sözlərinə orta təhsil müəssisələrində bu mövzuda maarifləndirici tədbirlər müntəzəm olaraq keçirilməlidir. O, rəhbərlik etdiyi məktəbin təhsildə əldə etdiyi nailiyyətlərdən, şagirdlərin uğurlarından söz açıb.

“Müasir İnkişaf” İctimai Birliyinin sədri, dialoq.info saytının baş redaktoru Mübariz Göyüşlü təmsil etdiyi ictimai təşkilatın fəaliyyət göstərdiyi müddət ərzində çoxsaylı tədbirlər, görüşlər keçirdiyini, nəşrlər ərsəyə gətirdiyini vurğulayıb. Bu çalışmalara dəstək olan qurumlara, xüsusən də QHT-lərə Dövlət Dəstəyi Şurasına minnətdarlığını bildirən M.Göyüşlü erkən evlilik mövzusunda icra etdikləri layihə çərçivəsində “Erkən evliliyə son” adlı kitab hazırladıqlarını qeyd edib.

AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə doktoru, gender üzrə mütəxəssis Rauf Məmmədov “erkən nikah” termininin yanlış olduğunu, bunun əvəzində “erkən evlilik” ifadəsindən istifadəni məsləhət görərək səbəbini izah edib. R.Məmmədov erkən evliliyin yaranmasında və yayılmasında islam dinini ittiham edənlərlə razılaşmayaraq bu problemə Latın Amerikası ölkələrində də geniş rast gəlindiyini vurğulayıb. R.Məmmədov erkən evliliyin cəmiyyət üçün, ailələr üçün yaratdığı ciddi fəsadları faktlarla, statistik rəqəmlərlə açıqlayıb. Alim problemin həlli üçün bir sıra təkliflər səsləndirib. O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə ruhanilər arasında bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasının mümkünlüyündən də bəhs edib.

Abşeron rayon İcra Hakimiyyətinin böyük məsləhətçisi, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə rayon komissiyanın məsul katibi Hafiz Mikayılov çıxış edərək rayonda bu istiqamətdə görülən işlərdən, ortaya çıxan neqativ hallara qarşı mübarizə aparılmasından danışıb. H.Mikayılov bu istiqamətdə cəza tədbirləri ilə yanaşı maarifləndirmə işlərinin olmasını da müsbət qoymətləndirib, QHT-lərlər birgə belə konfransların keçirilməsini əhəmiyyətli saydığını söyləyib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here