“Müasir İnkişaf” İctimai Birliyi

“Tarix unudulmaz, Millət bölünməz, Torpaqdan pay olmaz!” fikrini əldə rəhbər tutan birlik öz fəaliyyətini Azərbaycançılıq ideologiyası, Türk-İslam ideyası üzərində qurur. Təşkilatın başlıca məqsədi Azərbaycan Milli Kimliyi, Milli Dövlətçilik İdeologiyası, vətənpərvərlik, milli-mənəvi dəyərlər, Azərbaycançılıq, Türk-İslam ideoloji prinsiplərini təbliğ etmək, bu istiqamətdə maarifçilik fəaliyyətini həyata keçirməkdir. Təşkilat eyni zamanda Azərbaycan-Türkiyə-İran Birliyinin qurulması, Türk Konseyinə – Türk Dövlətlərinin Əməkdaşlıq Şurasına və İslam Əməkdaşlıq Təşkilatına inteqrasiya ilə bağlı həyata keçirilən dövlət siyasətinə dəstək olmağı qarşısına məqsəd qoyub.
“Müasir İnkişaf” İctimai Birliyinin Təşkilat Komitəsi 11 yanvar 2005-ci ildə yaradılmış, 5 iyun 2005-ci il tarixdə təsis olunmuş, 1 fevral 2006-cı il tarixədək «Türk-İslam Dünyası» İctimai Birliyi adı altında fəaliyyət göstərmişdir. Təşkilat 1 fevral 2006-cı ildə «Müasir İnkişaf» İctimai Birliyi adlandırılmış və Ədliyyə Nazirliyinin kollegiyasında 15 mart 2006-cı ildə dövlət qeydiyyatına alınmış, 25 sentyabr 2011-ci ildən beynəlxalq təşkilat kimi fəaliyyət göstərməklə bağlı qərar qəbul etmişdir.
Təşkilat 2009-cu ildə “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi” Konsepsiyasını; 2013-cü ildə “Milli Dövlətçilik İdeologiyası” Konsepsiyasını; “Milli tarix dərslikləri, milli şüur və milli maraqlar” adlı Konsepsiyanı hazırlamışdır.
Təşkilat 2008-ci ildə (Azərbaycanda Atatürk Mərkəzi və “Qismət” mətbəəsi ilə birlikdə) “Türk Qafqaz İslam Ordusu və ermənilər”, “Missioner” kitablarını; 2013-cü ildə “Azərbaycan Milli Kimliyi” kitabını; 2016-cı ildə “GMO terroru” kitabını; 2017-ci ildə “Ermənilərin müsəlmanlara, xristianlara, yəhudilərə qarşı soyqırımı” kitabını çap etmişdir.
Təşkilat 2008-ci ildə Türkiyənin Azərbaycandakı Səfirliyi, TİKA Bakı ofisi ilə birgə “Türk yenilməz, Çanaqqala keçilməz” layihəsini həyata keçirmişdir.
Təşkilat Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 2009-cu ildə “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin formalaşdırılması sahəsində kompleks tədbirlər” layihəsini; 2011-ci ildə “Azərbaycan tarixi dərsliklərinin monitorinqi” layihəsini; 2013-cü ildə “Milli İdeologiya haqqında araşdırma və tədqiqatlar” layihəsini; 2015-ci ildə “Gənclərin zərərli vərdişlərdən və yad təsirlərdən qorunmasına yardım məqsədilə maariflənmə kampaniyası” layihəsini; 2016-cı ildə “Genetik Modifikasiya Olunmuş (GMO) məhsullarla bağlı əhalinin məlumatlandırılması tədbirlərinin təşkili”; 2017-ci ildə “Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı törətdikləri soyqırımı faktlarının yerli və beynəlxalq ictimaiyyətə çatdırılması” layihəsini layihəsini həyata keçirmişdir.
Təşkilat 2013-cü ildə “Milli-Mənəvi Dəyərlər və Milli Kimlik” layihəsini (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun iştirakı ilə) həyata keçirmişdir.
Təşkilat 5 iyun 2005 – 5 iyun 2017-ci illərdə 100-ə qədər tədbir gerçəkləşdirmişdir. Tədbirlərdə ümumilikdə 6000-dən çox şəxs iştirak etmişdir.

 

TƏŞKİLATIN YARATDIĞI QURUMLAR və GÖRDÜYÜ İŞLƏR (qısa təsvir)

“Türk Eli” jurnalı

Təşkilatın 2008-ci ilin iyun ayından “Türk Eli” adlı (on dörd sayı çap edilib) jurnalı nəşr olunur. Jurnal 2006-cı ilin oktyabr ayından 2008-ci ilin iyun ayına qədər «Dialoq-XXI əsr» adı altında (üç sayı) nəşr olunub. Azərbaycanla yanaşı bir neçə ölkəyə də yayımlanan “Türk Eli” elmi-ictimai-ideoloji maarifləndirmə sahəsində geniş təbliğat aparmaqdadır.

 

Dialoq.info və Ru.dialoq.info xəbər saytları

Təşkilatın 2014-cü ilin 1 fevralından etibarən xəbərləri hər gün yenilənən, təhsil, elm, mədəniyyət, media, QHT, iqtisadiyyat, idman və s. sahələrdəki ən son yenilikləri oxuculara çatdıran Dialoq.info xəbər portalı – www.dialoq.info Azərbaycan dilində fəaliyyət göstərir.
Təşkilatın 2017-ci ilin 1 iyulundan etibarən xəbərləri hər gün yenilənən Ru.dialoq.info xəbər portalı – www.ru.dialoq.info rus dilində fəaliyyət göstərir.

 

Dünya Türklərinin Həmrəylik Günü

Təşkilat – professor Oruc İbrahimoğlu Türksevər tərəfindən 2006-cı ildə gündəmə gətirilən Dünya Türklərinin Həmrəylik Günü ideyasının həyata keçməsi üçün Türkiyədə fəaliyyət göstərən Türk Ocaqlarının Bakı Təmsilçiliyi ilə birgə bir neçə il ərzində təbliğat aparmış və çoxsaylı tədbirlər keçirmişdir. Nəticədə Türk Dövlət Başçılarının 2010-cu ilin sentyabr ayında Türkiyənin İstanbul şəhərində keçirilən toplantısında qəbul edilən qərara görə hər ilin 3 oktyabr tarixi Türk Dövlətlərinin Birliyi Günü – Dünya Türklərinin Həmrəylik Günü kimi rəsmiləşdirilmişdir.

 

“Milli Kimlik” Araşdırma Mərkəzi

Təşkilatın Araşdırma Şöbəsinin bazasında 6 sentyabr 2008-ci ildə “Türk-İslam” Araşdırma Mərkəzi yaradılmış, 9 dekabr 2012-ci ildə adı dəyişdirilərək “Avrasiya Dünyası” Araşdırma Mərkəzi, 11 mart 2017-ci il tarixdə “Milli Kimlik” Araşdırma Mərkəzi adlandırılmış, Əsasnaməsi qəbul edilmiş, strukturu müəyyən edilmişdir. Mərkəzin təşkilatçılığıyla 2009-2017-ci illərdə aktual mövzularla bağlı çoxsaylı tədbirlər, diskussiyalar keçirilmişdir.

 

Təşkilatın xarici ölkələrdəki təmsilçilikləri

Təşkilatın – 25 sentyabr 2011-ci il tarixdən beynəlxalq qurum kimi çalışması üçün qərar qəbul olunmuşdur. Buna uyğun olaraq 29 aprel 2012-ci ildə Təşkilatın Gürcüstan Respublikasında, 14 oktyabr 2012-ci ildə Fransa Respublikasının Strasburq şəhərində Təmsilçilikləri yaradılmışdır. Bundan başqa Türkiyə və Rusiya ilə bu istiqamətdə işlər genişləndirilmişdir.

 

“Vətənpərvər Gənclər” Klubu

Təşkilatın tərkibində tələbələrin fəaliyyətini əlaqələndirən və 7 may 2005-ci il – 2 mart 2007-ci il tarixlərində «Xəzər» Diskussiya Klubu adlanan; 2 mart 2007-ci il – 30 may 2010-cu il tarixlərində «Türk-İslam Dünyası» Diskussiya Klubu adlanan qurum fəaliyyət göstərmişdir. 16 sentyabr 2012-ci il tarixdən “Vətənpərvər Gənclər” Klubu adlanan qurumun təşkilatçılığıyla həm ali məktəblərdə, həm orta məktəblərdə, həm də müxtəlif ünvanlarda minlərlə tələbə gəncin və orta məktəb şagirdinin iştirak etdiyi 50-dən çox tədbir keçirilmişdir.

 

Əli bəy Hüseynzadə adına Türk-İslam Dünyasına Xidmət Mükafatı

Təşkilatın – İdarə Heyətinin qərarı ilə 2011-ci ildə Əli bəy Hüseynzadə adına Türk-İslam Dünyasına Xidmət Mükafatı təsis olunmuş və mükafat 2011-ci ildən Azərbaycanda, Türkiyədə Türk-İslam ideyasının yayılmasında xidmətləri olan nüfuzlu şəxslərə verilməkdədir.