RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT 2019.08.14

Mübariz Mənsimov: “Bizim gəmimizi kimsə batıra bilməz”

310

13 avqust gecə saat 22:25 radələrində göyərtəsində 14 heyət üzvü olan və ilk səfərinə çıxmağa hazırlaşan, “Palmali” şirkətlər qrupuna məxsus “MAMMAD AMİN RASULZADE” adlı yeni gəmi İstanbulun Dəmir bölgəsində “Doric Warrior” gəmisi tərəfindən vurulub. Bu açıqlama ilə “Palmali” şirkətinin mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva çıxış edib. Onun sözlərinə görə “MAMMAD AMİN RASULZADE” gəmisinin uzunluğu 129 metr olduğu halda toqquşmaya səbəb olmuş “Doric Warrior” gəmisinin uzunluğu 230 metrdir:

“Bölgəyə Sahil Təhlükəsizliyi Baş İdarəsinin 3 xilasedici gəmisi cəlb edilib. Xoşbəxtlikdən xəsarət alan yoxdur, lakin toqquşma nəticəsində gəmiyə zərər dəyib. Bir gəminin dayandığı halda başqa gəmi tərəfindən vurulması 1/1000 ehtimal olunan hadisə sayılır. Toqquşmanın səbəbləri ciddi araşdırılır. “Palmali” şirkətinin rəhbərliyi hadisə yerindədir. Gəmi limanda ilk səfərini həyata keçirmək ücün gözləyirdi.

Maraqlıdır ki, hadisə baş verəndən dərhal sonra bu xəbər bəzi qüvvələr tərəfindən bütün saytlara ötürülüb. Özünü Türkiyə mediyası adlandıran, əslində isə Azərbaycan KİV-lərinin istinad etməsi ücün maliyyələşən, adı it dəftərində olmayan sayt bu insidenti baş xəbər edir.

Təbii ki, bundan sonra “dost” media qurumları “Palmali” şirkətinin mövqeyini öyrənmədən, hadisə zamanı ölən yaxud yaralanların olub-olmadığını soruşmadan xəbəri yayırlar. Bir daha xatırladırıq ki, “MAMMAD AMİN RASULZADE” gəmisinin göyərtəsində 14 nəfərdən ibarət heyət olub.

Digər tərəfdən, yazırlar ki, ay aman, gəmi köhnədir, yüklüdür. Bir daha bəyan edirik: “Toqquşma hadisəsi ilə gəminin köhnə və ya təzə olmasının, yaxud yüklü-yüksüz olmasının heç bir əlaqəsi yoxdur!” Üstəlik, özlərindən uydururlar ki, guya gəmi batır. Gəmimiz dayandığı yerdə başqa gəmi tərəfindən vurulsa da, yenə də yazırlar ki, gəmi köhnədir və batır.

Vurğulayırıq: “MAMMAD AMİN RASULZADE” gəmisi batmır! Gəmimizi batıra bilmədiz və heç vaxt bunu bacarmayacaqsınız. “Palmali”nin gəmisini batırmaq düşündüyünüz qədər də asan iş deyil!”

Baş verən hadisə ilə bağlı “Palmali” şirkətlər qrupunun prezidenti, xeyriyyəçi iş adamı Mübariz Mənsimov da sosial şəbəkə üzərindən paylaşım edib: “MAMMAD AMİN RASULZADE” adlı gəmimiz ilə Liberiya bayraqlı “Doric Warrior” gəmisi ilə çarpışdı. Daha doğrusu gəmimiz dayandığı yerdə başqa gəmi tərəfindən vuruldu. Şükür ki, hər şey normaldır və təhlükəli vəziyyət yoxdur. “Doric Warrior” gəmisi barəsində İstanbul prokurorluğunda cinayət işi açılıb, istintaq gedir. Gəmi barəsində isə həbs qətimkan tədbiri seçilib”. Mübariz Mənsimov hadisəni sonuna qədər araşdıracaqlarını bəyan edib. O, bildirib ki, “Rəsulzadə” gəmisinə çarpan gəmi ondan on dəfə böyük gəmidir: “Ancaq buna rəğmən gəmimiz batmadı. Bizim gəmimizi kimsə batıra bilməz”. O, bildirib ki, çox böyük bir şirkətlə müqavilə bağlanmışdı və buna əsasən, Rəsulzadə gəmisi ilk yükünü daşımaq üçün səfərə hazırlaşırdı: “Arzunuzu ürəyinizdə qoyacam, çünki 3-4 günə gəmi yenidən hazır olacaq”. M.Mənsimov “gəmi köhnədir” iradını yazan şəxslərə cavab verməyi də unutmayıb: “Mən yoruldum deməkdən ki, gəmi tanker idi və bütün yeni və müasir standartlarla quru yük gəmisinə konversiya edilib”.

Qeyd edək ki, 6 avqust 2019-cu il tarixdə “MAMMAD AMİN RASULZADE” gəmisinin ilk səfərə çıxması münasibətilə təntənəli mərasim keçirilmişdi. Tədbirdə yüksək vəzifəli şəxslər, tanınmış alimlər, Azərbaycandan dəvət olunmuş jurnalistlər, QHT rəhbərləri, o cümlədən Xalq Cümhuriyyətinin lideri Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə iştirak edib. Mərasimdə gəmiyə “MAMMAD AMİN RASULZADE” adının verilməsi və bu ad altında yeni gəminin Azərbaycanı bütün dünyada təbliğ edəcəyi xüsusi vurğulanaraq mühüm tarixi hadisə adlandırılmışdı. Biz də Yeni Kanal internet televiziyası və Dialoq.info saytı olaraq mərasimdə iştirak etmiş, onu canlı işıqlandırmışdıq. Tədbir zamanı mütəxəssislər gəmini, onun texniki və digər göstəricilərini, ona Rəsulzadənin adını verilməsini yüksək qiymətləndirmişdilər.

Baş verən hadisəyə gəldikdə isə, dayanan gəmiyə digər bir gəminin gəlib çarpmağı mində bir rast gəlinən hadisədir. “Palmali”nin bu addımının çox böyük diqqətə səbəb olduğunu nəzərə alsaq hadisədə təxribat elementinin olmasını ehtimal etmək mümkündür. Bəzi saytlar hadisə baş verən kimi onu tirajlayaraq, başqa istiqamətlərə yozmaqla bu fəaliyyətin üzərinə kölgə salmaq istədilər. Lakin sosial şəbəkələrdə sadə insanların Mübariz Mənsimova, Palmaliyə dəstək ifadə edən şərhləri, paylaşımları onları çətin duruma saldı.

Toqquşma nəticəsində Rəsulzadənin adını daşıyan gəmiyə ciddi ziyan dəyməyib. Lakin mütəxəssislərin fikrincə bu kiçik ziyanı belə tam olaraq həll etmək üçün böyük maliyyə tələb olunur. Hazırda “Palmali” şirkəti tərəfindən qəzanın səbəbləri araşdırılır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı