Müəllimlər İnstitutunun filial direktorunun məhkəməsi başlayıb

Müəllimlər İnstitutunun filial direktorunun məhkəməsi başlayıb

Gəncə Ağır Cinayətlər Məhkəməsində Müəllimlər İnstitutunun bağlanan Gəncə filialının sabiq direktoru Ramiz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Prosesdə zərərçəkmiş İdris Əliyev ifadə verərək deyib ki, övladını instituta qəbul etdirməsi üçün R.Məmmədova 16 min manat pul verib. O, R. Məmmədovun həbs edilməsini istəyib.
R. Məmmədov isə ondan pul almadığını deyib.
İclasda ifadə verən zərərçəkmiş Mahir Həsənov isə 7250 manatının R.Məmmədov tərəfindən ələ keçirildiyini açıqlayıb.
Proses fevralın 17-də davam edəcək.
Qeyd edək ki, Ramiz Məmmədov 2000-ci ildən Gəncə filialının rektoru olub. 2013-cü ildə Təhsil Nazirliyinin yoxlaması nəticəsində işdən azad olunub. Bağlanan təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar olunub. Ramiz Məmmədov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinir. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

APA