Müqəddəs torpaqlardakı dini abidələrimiz

Albaniyanın din və dövlət xadimləri ilk orta əsrlərdən müqəddəs torpaqlarda – Sinay dağında, Yerusəlim ətrafında 30-dan artıq kilsə və monastr tikdirib, öz vəsaitləri hesabına kilsələri zəngin dini ədəbiyyatla təmin ediblər. “Karaman” dastanı XVI əsrdə italyan dilinə tərcümə edilərək Venetsiya şəhərində nəşr olunub.

Bu fikirlər fevralın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda keçirilən elmi seminarda səsləndirilib.

İnstitutdan bildirilib ki, seminarda qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri, professor İlhami Cəfərsoy “Müqəddəs torpaqlarda dini abidələrimiz: Sinay Alban perqamenti” mövzusunda məruzə ilə çıxış edib. Zəngin dini və dünyəvi ədəbiyyatımızın çoxundan xəbərsiz olduğumuzu deyən İ.Cəfərsoy bildirib ki, Mesrop Maştosun və Sunik yepiskopu Beniaminin tərtib etdikləri əlifba ilk alban əlifbası deyil. Albanlar bundan əvvəl Akkad və Urartu mixi yazılarından istifadə ediblər. Bu barədə Kayseri şəhəri yaxınlığından tapılan Kültəpə mixi yazılarında və Urartu dövrü Atamxan, Alçalı, Göyçəgölü qaya yazılarında bilgilər var. Kültəpə mixi yazıları eramızdan əvvəl XIV əsrə, Atamxan və Alçalı yazıları isə eramızdan əvvəl IX-VIII əsrlərə aiddir. Qəbul olunmuş konsepsiyaya görə, albanların adı ilk dəfə eramızdan əvvəl 331-ci ildə Qavqamel döyüşü ilə bağlı çəkilir. Ancaq Kültəpə kitabələri göstərir ki, albanlar Troyanın işğalından əvvəl Van gölü ilə Qafqaz dağları arasında yaşayıb, Aralıq dənizi vasitəsilə ticarət ediblər. O zaman metal pullar olmadığından alban tacirləri sözdələşmələrini gümüş və bürünc külçələrlə aparıblar. Başqa bir dövlətdə ticarət icmasının olması o zaman üçün ticarət attaşesi deməkdir. Nəticə budur ki, eramızdan əvvəl II minilliyin ortalarından Albaniya dövləti mövcud olub.

Sinay perqamentinin tam şəkildə bizə gəlib çatmadığını bildirən İ.Cəfərsoy qeyd edib ki, gürcü çarı VI Vaxtanqın (1707-1737) əmri ilə ayrı-ayrı qəbilə-tayfa dillərində yazılmış salnamələr gürcü dilinə tərcümə olunub, sonradan ilkin nüsxələri yandırılıb. Çar Vaxtanqın əmri ilə xarici ölkələrdəki kilsə salnamələrinin bəziləri pozulub, ancaq Sinay Alban perqamentinin bəzi səhifələrini yandırmaq mümkün olmayıb. Gürcü keşişləri mətni tam poza bilməyiblər. Perqamentin alban mətni, az da olsa, salamat qalıb.

Sonda professor İ.Cəfərsoy iştirakçıların suallarını cavablandırıb.