Müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir

Dekabrın 8-də Mərkəzi Klinikada Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib.

Əvvəlcə Mərkəzi Klinikanın rəhbərliyi və kollektivi Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Tədbirdə çıxış edən Mərkəzi Klinikanın baş direktoru, Əməkdar Həkim İxtiyar Sultanov dahi siyasətçinin həyat və fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verib. Müasir müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir deyən baş direktor bu dahi şəxsiyyətin bütün ömrünü ölkəmizin inkişafı, xalqımızın rifahının yaxşılaşmasına həsr etdiyini vurğulayıb: “Ulu Öndərin zəngin irsinə nəzər saldıqda onun Azərbaycan üçün gördüyü əzəmətli işlərin, böyük və dəyərli ideyaların uğurlu nəticələrini hər kəs öz sahəsində aydın hiss edir. Azərbaycanın müstəqilliyi ərzində həyatımızın bütün sahələrində əldə olunan uğurlar məhz ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya ilə bağlıdır”.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının inkişafı və tərəqqisi naminə misilsiz xidmətlərinin olduğunu qeyd edən Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tanınmış kardiocərrah Kamran Musayev Ümummilli Liderin ölkəmizin dövlət müstəqilliyinin dönməzliyini təmin etməklə yanaşı, millətimizin ideoloji xəttinin təməl prinsiplərini müəyyənləşdirdiyini də vurğulayıb: “Ümummilli Lider Heydər Əliyev sözün əsl mənasında, müstəqil Azərbaycan dövlətinin bütün istiqamətlər, o cümlədən səhiyyə sahəsi üzrə də inkişafının əsaslarını formalaşdıran dahi şəxsiyyətdir”.

Tədbirin sonunda görkəmli şəxsiyyətin ömür yolundan bəhs edən videoçarx nümayiş olunub.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here