“Müstəqilliyimiz əbədidir, dönməzdir”- Kürdəmirdə tədbir

Kürdəmir Rayonun Heydər Əliyev Mərkəzində Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 27-ci ildönümü münasibətilə “Müstəqilliyimiz əbədidir, dönməzdir” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısının müavini Vəsilə Əsgərli, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, Heydər Əliyev Mərkəzinin foyesində təşkil edilmiş uşaqların əl işlərindən ibarət sərgiyə tamaşa ediblər.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli bu əlamətdar gün münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, xoş arzularını çatdırıb: “Azərbaycan xalqı dünyanın ən qədim dövlətçilik mədəniyyətinə malik olan xalqlarındandır. Ölkəmizin ərazisində həm eradan əvvəl, həm də sonra qüdrətli dövlət qurumları mövcud olmuş, bu dövlətlər xalqımızın siyasi, sosial, mədəni və iqtisadi tarixində mühüm rol oynamışlar. XIX yüzilliyin əvvəlində Rusiya və İran imperiyaları Azərbaycanı öz aralarında bölüşdürdükdən və müstəqil dövlətçiliyimizə son qoyduqdan sonra xalqımız dəfələrlə öz dövlətçiliyini bərpa etmək üçün ayağa qalxmış, nəhayət XX əsrin əvvəllərində respublika tipli yeni dövlətlərini – Azərbaycan Xalq Cümhuriyyətini yaratmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) müasir dövlətçilik tarixində çox böyük yeri və rolu var. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin imzaladığı sərəncama əsasən “2018-ci il Cümhuriyyət ili” olduğundan respublikamızda dövlət səviyyəli silsilə tədbirlər keçirilir və keçirilməkdədir”.
Dəyirmi Masada şəhər 1 saylı tam orta məktəbin müəllimi Gülbəniz İbrahimova “18 oktyabr Dövlət Müstəqilliyi günüdür”, rayonda yerləşən N saylı hərbi hissənin siyasi işlər üzrə komandir müavini, kapitan Qorxmaz Mehdiyev “Müstəqillik dövründə Azərbaycan Respublikasının hərbi quruculuq fəaliyyəti”, şəhər 3 saylı tam orta məktəbin müəllimi Əsbət Musayeva “Müstəqillik illərində Azərbaycan qadını”, Heydər Əliyev Mərkəzinin elmi işçisi Xəyyam Məlikov “Heydər Əliyev və Müstəqil Azərbaycan gəncliyi” mövzularında çıxışlar ediblər. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin dövlətimiz və dövlətçiliyimiz, həmçinin xalqımız üçün qurub yaratdığı müasir Azərbaycanın parlaq uğurlarından söhbət açılıb. Daha sonra şəhər 1 saylı tam orta məktəbin şagirdlərinin təqdimatında “Müstəqilliyimiz əbədidir” adlı kompozisiya nümayiş olunub.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here