Müxtəlif istiqamətlər üzrə metodiki vasitələr hazırlanıb

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin əsas fəaliyyəti çərçivəsində növbəti mərhələdə səkkiz müxtəlif istiqamət üzrə metodiki vəsaitlər hazırlanıb.

Nazirlikdən bildirilib ki, mərkəz tərəfindən- “Kitabxanalarda istifadəçilər üçün “Yay məktəbinin” təşkili”, “Muzeylərdə uşaq ekspozisiyalarının təşkili”, “Muzey fondlarında əlyazmaların mühafizə qaydaları”, “Muzey və muzey tipli müəssisələrdə bədii tərtibat işinin əsasları”, “Gənc və yeniyetmələr üçün Yeni il şənliyinin ssenarisi”, “8-13 yaşlı uşaqlar üçün Yeni il şənliyinin ssenarisi”, “Vokal ixtisasının tədrisinə dair metodiki tövsiyə”, “5-7 yaşlı uşaqlar üçün yeni il şənliyinin ssenarisi” və digər vəsaitlər tərtib olunub. Bu metodiki vəsaitlər gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində, mədəni və intellektual səviyyəsinin formalaşmasında, hərtərəfli inkişafında kitabxanaların rolu, xüsusilə də yay tətillərində kitabxanalarda bu məqsədə xidmət edən tədbirlərin, həmçinin oxucuların cəlb edilməsi və daha səmərəli vaxt keçirməsi üçün işin təşkili haqqında məlumat və məsləhətlər verilir.

Bildirilib ki, metodiki vəsaitlərin müəlliflərinin hazırladıqları ayrı-ayrı tədbirlərin ssenarilərindən təkcə paytaxtda deyil, bölgələrdə də fəaliyyət göstərən mədəniyyət mərkəzləri və onların filiallarında istifadə oluna bilər. Bu səbəbdən də hazırlanmış bütün vəsaitlərin rayon (şəhər) mədəniyyət və turizm idarələrinə göndərilməsi və yerlərdə təqdimatların aparılması nəzərdə tutulub.

AZƏRTAC