Muzeydə “Qadın zorakılığına son deyək!” adlı tədbir keçirilib

Milli Azərbaycan Tarixi Muzeyində Qadınlar Şurası tərəfindən “Qadın zorakılığına son deyək!” adlı tədbir keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd ictimaiyyəti bu problemin miqyasına, nəticələrinə yönəltmək, qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması üçün əhaliyə düzgün istiqamətlənmiş məlumatlar təqdim etməkdir.
Tədbirdə Regional Gender Mərkəzi İctimai Birliyinin sədri Şərqiyyə Dadaşova, İctimai Liderlərin Məşvərət Məclisinin sədri Həsən Şıxəliyev, Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülqədəm Mirzəyeva, muzeyin əməkdaşları, qonaqlar iştirak ediblər.
Tədbiri muzeyin Elmi işlər üzrə direktor müavini, muzeyin Qadınlar Şurasının sədri t.ü.e.d. Nərgiz Əliyeva giriş sözü ilə açıb, qonaqları salamlayıb, tədbirin mahiyyətini vurğulayıb. N. Əliyeva muzeydə yeni yaradılan Qadınlar Şurasının fəaliyyəti haqqında məlumat verib: “Dünyada zorakılığa məruz qalan insanların 95%-ni qadınlar təşkil edir. Zorakılıq halları daha çox təhsil səviyyəsi aşağı olan ölkələrdə baş verir. Cəmiyyətdəki sosial-psixoloji gərginliyin əsas yükü qadının üzərindədir. Qadına özünü ifadə etmək imkanının verilməsi, qadın həmrəyliyi, stereotiplərin qırılması günümüzün ən vacib məsələlərindəndir. Şura yaradılan gündən məhz bu xüsusları gündəmdə tutaraq qadınların problemlərini üzə çıxarmaq, onların həlli üçün yollar axtarmaq istiqamətində iş aparır, müraciət edənlərə effektifif şəkildə diqqət göstərməyə çalışır”.
N. Əliyeva cəmiyyətdə qadınların hüquqi və siyasi fəaliyyətindən, qadınlara qarşı məişət zorakılığından danışıb, bu sahədə maarifləndirmə və təbliğatyönümlü tədbirlərin həyata keçirilməsinin zəruriliyini diqqətə çatdırıb.
Regional Gender Mərkəzi İctimai Birliyinin sədri Şərqiyyə Dadaşova çıxışında müasir dövrdə daha qlobal xarakter daşıyan bu problemin qabardılması üçün 1999-cu ildə Birləşmiş Millətlər Təşkilatında 25 noyabr tarixinin “Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə günü” kimi elan edildiyini vurğulayıb: “Qadın zorakılığına qarşı mübarizə bütün dünyada olduğu kimi, Azərbaycanda da daim diqqətdə saxlanılır. Həmin günün keçirilməsində məqsəd ictimaiyyətin diqqətinin problemə yönəldilməsi üçün hökumət, beynəlxalq və qeyri-hökumət təşkilatlarını bu mövzuda müxtəlif tədbirlərin görülməsinə çağırmaqdır. Bu bəhsigedən problemlərin kökünü ailə institutumuzdakı yanlışlıqlarda, fərdlər arasında düzgün münasibətlərin qurulmamasında axtarmaq lazımdır. Dünyagörüşləri, səviyyələri fərqli insanlar eyni ailəni, eyni mühiti bölüşməyə can atmamalıdırlar. Bu gün cinslərarası aqressiyanın aradan qaldırılması, qadına neqativ münasibətin dəyişməsi üçün orta məktəbdən başlayaraq sistemli maarifləndirmə işlərinin aparılması zəruri hal almalıdır. Unutmamalıyıq ki, qadınlarla bağlı problemlərin həlli ailə institutunun düzgün formalaşmasından, erkən nikahların qarşısının alınmasından və savadsızlığın aradan qaldırılmasından keçir”.
Ş. Dadaşova Azərbaycanın regionlarında qadın zorakılığına qarşı keçirilən tədbirlərdən və onların həlli istiqamətində görülən işlər barəsində də ətraflı danışıb.
Tədbirdə iştirak edən İctimai Liderlərin Məşvərət Məclisinin sədri Həsən Şıxəliyev və Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülqədəm Mirzəyeva çıxışlarında qadınlara, uşaqlara qarşı zorakılıq hallarına dövlət tərəfindən böyük diqqət yetirildiyini və bu problemlərin aradan qaldırılmasında, ölkəmizdə qadın zorakılığı ilə mübarizə istiqamətində görülən tədbirlərdən söhbət açıblar. Çıxışlarda məişət zorakılığının subyektləri, cəmiyyətdə və məişətdə qadın zorakılığı, zorakılığın formaları, erkən və məcburi nikah məsələləri gündəmə gətirilib.
Tədbir mövzu ətrafında aparılan müzakirələrlə, sual-cavab diskussiyası ilə davam etdirilib. Mərasimdə qadına qarşı zorakılıq mövzusunda hazırlanmış maarifləndirici materiallar paylanılıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here