Muzeydə “Tariximizin şanlı qələbə döyüşü”

Milli Azərbaycan Tarixi Muzeyində  Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin və YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının təşkilatçılığı ilə 2016-cı ilin aprel döyüşlərinin ildönümünə həsr olunmuş “Tariximizin şanlı qələbə döyüşü” adli maarifləndirici tədbir keçirilib.
Tədbirdə muzey əməkdaşları, tarixçilər, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri, Səbayel rayonu 96 saylı Ağdam köçkün orta məktəbi və 7 saylı tam orta məktəbin şagirdləri iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə  muzeyin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d. Bəhmən Kərimov açıb. Çıxışda Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş vətən övladlarının əziz xatirəsi yad edilib, 2016-cı ildə baş vermiş döyüşün tarixi əhəmiyyətindən danışılıb. Bildirilib ki, Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, hər an torpaqları azad etmək iqtidarında olduğunu, habelə Azərbaycan əsgərinin vətənpərvər və qəhrəman obrazını nümayiş etdirdi. Bu döyüşlər zamanı Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrinin təxribatlarına tutarlı cavab verərək nəyə qadir olduğunu göstərdi.
Qarabağ qazisi, Gənc Vətənpərvərlər İctimai  Birliyinin sədr müavini İslam Əzimov və “Azərbaycan Ordusu” qəzetinin hərbi müxbiri Lalə Hüseynova çıxışlarında Azərbaycan torpaqları uğrunda qəhrəmanlıq göstərmiş zabit və əsgərlərimizin şücaətindən danışıb, gənc nəslə tariximizin bu şanlı döyüşlərini unutmamağı tövsiyə ediblər.
Tədbir məktəblilərin ifasında təqdim edilən bədii hissə ilə başa çatıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here