Nərimanov rayonunda “Mənim yaşıl şəhərim” adlı layihənin açılışı keçirilib.

57 saylı tam orta məktəbdə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Gənclərin Elmi Araşdırmaları Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Mənim yaşıl şəhərim” layihəsinin açılış mərasimi və ilk təlimi keçirildi.

Açılış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, “Gənclərin Elmi Araşdırmaları Mərkəzi” ictimai birliyinin nümayəndəsi, təlimçi Teymur Mustafayev, 57 saylı tam orta məktəbin direktoru Gülnarə Cəfərova, məktəbin müəllim heyəti və 50 nəfər şagird iştirak etmişlər.

İlk olaraq 57 saylı tam orta məktəbin direktoru Gülnarə Cəfərova qonaqları və məktəbliləri salamladı, “Gənclərin Elmi Araşdırmaları Mərkəzi” ictimai birliyinin gələcək fəaliyyətində uğurlar arzuladı.

Təlimçi Teymur Mustafayev layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi yeniyetmə və gənclər arasında ekoloji mühitin formalaşdırılması, ətraf mühitin qorunması, onlar arasında sağlam həyat tərzinin təbliği məqsədi ilə ekoloji aksiyaların təşkil edilməsindən ibarətdir. Təlimçi qeyd etdi ki, bəşəriyyətin müasir yaşayışını ekologiyasız təsəvvür etmək mümkün deyil. Bu gün yaşadığımız həyatda ətraf mühitin mühafizəsi və bu sahədə baş qaldıran problemlərin həllində  cəmiyyətin müxtəlif nümayəndələrinin, xüsusilə də yeniyetmə və gənclərin məlumatsızlığı müşahidə edilir. Yeniyetmə və gənclər qlobal ekoloji problemlər barədə mütəmadi olaraq məlumatlanmalı olduqları halda, onların çox hissəsi bu sahədə maariflənməyə biganə yanaşırlar. Bəzən də ekoloji problemlərin həllində üzərilərinə düşən vəzifələrin vacibliyini ciddi qarşılamırlar. Halbuki yaşadığımız mühitin hər bir sahəsində yeniyetmə və gənclərin rolu və müdaxiləsi mühüm rol oynamalıdır. Çünki onlar hər sahədə təbliğat işlərində vətəndaş cəmiyyətinin ən  fəal nümayəndələridir.

Daha sonra çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov qeyd etdi ki, ötən dövrlərdə ətraf mühitin çirklənməsinin qarşısının alınması heç də prioritet məsələ deyildi. Ancaq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ekoloji problemlərin aradan qaldırılmasına yönələn siyasəti bu yanaşmanı dəyişdi. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində yeni ekoloji siyasət formalaşmağa başladı. 2003-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən tövsiyə edilən ekoloji siyasətə dair ilk sənəd kimi “Azərbaycan Respublikasının Ekoloji Konsepsiyası” təsdiq edildi. Ətraf mühitin mühafizəsi dövlət başçısı cənab İlham Əliyevin daim diqqət mərkəzindədir və bu sahədə ciddi islahatlar həyata keçirilir. Bu gün Azərbaycan ətraf mühitin yaxşılaşdırılmasına dair bütün vacib beynəlxalq konvensiyalara qoşulmuşdur. “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” təsdiq edilmiş və bir sıra proqramlar qəbul olunmuşdur. Qarşıya qoyulan vəzifələrin icrasına müvafiq dövlət orqanları tərəfindən nəzarət edilir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2010-cu il ölkəmizdə “Ekologiya ili” elan edilmişdir. “Ekologiya ili” çərçivəsində müxtəlif tədbirlər həyata keçirilir, spesifik sahələr üzrə elektron resurslar yaradılır, əhali arasında maarifləndirmə işləri gücləndirilir. Ölkəmizdə ekoloji mühitin pozulması, meşələrin, otlaqların, kənd təsərrüfatına yararlı torpaqların azalması, bəzi yerlərdə tamamilə sıradan çıxması, atmosfer havasının, Kür, Araz və digər çayların, Xəzər dənizinin, torpaqların çirklənməsi, bir sıra bitki və heyvan növlərinin bioloji müxtəlifliyinin pozulması və ya azalması ekoloji problemlərin təxirə salınmadan həllinin zəruriliyi ekoloji biliklərə tələbat və marağı gündən-günə artırır.

Sonda qonaqlar tərəfindən şagirdləri maraqlandıran suallar cavablandırıldı.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here