“Nanomateriallar, onların texnikada tətbiq sahələri” mövzusunda məruzə dinlənilib

AMEA-nın Radiasiya Problemləri İnstitutunda 27 Mart – Elm Gününə həsr olunan tədbir keçirilib.

Tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov açaraq “Elm günü”nün keçirilməsi haqqında ölkə başçısının Sərəncamının önəmini qeyd edib və bu gün münasibətilə Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının 17 yanvar 2019-cu il tarixli qərarı ilə təsdiqlənmiş Tədbirlər Planı haqqında iştirakçılara məlumat verib.

Sonra sözügedən Tədbirlər Planına uyğun olaraq müəssisənin elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyevanın “Nanomateriallar, onların texnikada tətbiq sahələri” mövzusunda məruzəsi dinlənilib. O, müasir dövrdə elm və texnikanın inkişafının yeni və yüksək keyfiyyətli material və maddələrin tətbiqi ilə bağlı olduğunu qeyd edib. Bildirib ki, son illərdə nanomateriallar, onların əsasında nano-texnologiyalar, yüksək texniki və davamlılıq göstəricilərinə malik yeni material və maddələrin alınmasına yönəlmiş elmi-texniki proqramlar böyük əhəmiyyət kəsb edir.

Alim, həmçinin RPİ-də nano zərrəcik, maddə və materiallarda ionlaşdırıcı şüaların təsiri altında gedən proseslərin qanunauyğunluqlarının müəyyənləşdirilməsi, onların davamlılıqlarının artırılması yolları və tərkibini dəyişmədən xassələrinin yaxşılaşdırılması üzrə aparılan elmi tədqiqatlar barədə məlumat verib. Bundan əlavə, elektronikada, texnoloji proseslərdə, neft-qaz istehsalı sahələrində geniş istifadə olunan nano maddə və materiallara ionlaşdırıcı şüaların təsirinin tədqiqi, eləcə də aqressiv mühitə davamlı halların alınması və keyfiyyətlərinin köklü şəkildə dəyişilməsi imkanlarının araşdırıldığını söyləyib.

Sonda mövzu ətrafında iştirakçıların sualları cavablandırılıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here