“Nardarandakı polis postları sakinlərin təhlükəsizliyi üçündür”

Sabunçu Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov müsahibə verib.

– Hüquq-mühafizə orqanları tərəfindən Nardaranda xüsusi əməliyyat keçirilməsindən artıq iki il ötür. Belə bir əməliyyatın keçirilməsini zəruri edən səbəblər hansılar idi?

– Nə qədər acı olsa da, etiraf etməliyik ki, Nardaran sakinləri uzun illər din pərdəsi ilə maskalanmış bir qrup cinayətkarın təzyiqi altında qorxu və vahimədə yaşayıb və onların diqtəsi ilə qəsəbədə dövlət qanunlarının icrası iflic vəziyyətdə olub. Orada yaşayan vətəndaşlarımız yaranmış belə şəraitdən olmazın əziyyət və məhrumiyyət çəksələr də qorxudan səslərini belə çıxara bilmir, dövlət qurumlarına şikayət etməkdən çəkinirdilər.
Təbii ki, bütün bunlar dövlət və ictimai təhlükəsizliyə cavabdeh olan hüquq-mühafizə orqanlarını daim narahat edirdi. Burada profilaktiki söhbətlər aparılırdı, ölkənin qanunları izah edilirdi, bir sözlə, nizam-intizam yaratmağa çalışırdıq. Təəssüflər olsun ki, artıq özlərini qəsəbənin söz sahibi kimi hiss edən həmin qrup dövlət qanunları ilə hərəkət etmirdi.

Konkret bir faktı deyim: 2015-ci il noyabr ayının əvvəlində qəsəbə sakini olan bir nəfər hakimiyyət nümayəndəsinə zor tətbiq edərək müqavimət göstərdiyi üçün Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldı. Onun atası və ətrafında olan bir qrup Polis İdarəsinin qarşısına toplaşaraq saxlanılan şəxsin azad edilməsini tələb edirdilər. Biz onlara saxlanılan şəxsin hər bir vətəndaş kimi qanun qarşısında cavab verməli olduğunu və bura toplaşıb yersiz tələblər irəli sürməyin özünün də qanun pozuntusu olduğunu izah etdik. Buna baxmayaraq onlar bizi eşitmək belə istəmirdilər. Əksinə, İdarənin qarşısına toplaşan aqressiv qrup polisə hücum çəkərək bir neçə əməkdaşa xəsarət yetirdi. Lakin qısa müddətdə onların bu qanunsuz əməllərinin qarşısı qətiyyətlə alındı.

Görünən o idi ki, onların qanunlara tabe olmaq niyyəti yoxdur və hətta özlərinə dəstək üçün respublikanın müxtəlif rayonlarından dini ekstremizmə və cinayətə meylli olan şəxsləri də qəsəbəyə toplayırdılar. Məqsədləri polis idarəsinə basqın edərək silah-sursat əldə etmək və ölkədə ictimai-siyasi sabitliyi pozmaq, təxribatlar, kütləvi iğtişaşlar və terror törətmək idi.

Bizə məlumat daxil oldu ki, əvvəllər Nardaran və nardaranlılarla heç bir əlaqəsi olmayan, din pərdəsinə bükülərək respublikamızın müxtəlif bölgələrində qanunsuz hərəkətlər etmiş Taleh Bağırov dövlətin konstitusion quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlətin qurulması məqsədilə “Müsəlman birliyi” adlı qondarma bir hərəkat yaradaraq Nardaranda peyda olub. Məhz onun rəhbərliyi ilə Bakıda və respublikanın digər bölgələrində olan dini radikalizmə və cinayətə meyilli şəxsləri yağlı vədlər verib Nardarana toplayaraq onları odlu silah, partlayıcı maddələrlə təchiz edərək silahlı cinayətkar dəstə təşkil edilib.

Bu məsələyə qeyri-ciddi yanaşmaq olmazdı. Vaxtında buna müdaxilə edilməsəydi, sizi əmin edirəm, bunun nəticələri çox ağır ola bilərdi. Bütün bunları nəzərə alan Daxili İşlər Nazirliyinin rəhbərliyi həmin şəxslərin zərərsizləşdirilməsi məqsədilə Nardaranda xüsusi əməliyyat keçirilməsinə dair qərar verdi. Noyabrın 26-da baş tutan əməliyyat zamanı cinayətkar qrup polis əməkdaşlarına müxtəlif növdən olan odlu silahlarla müqavimət göstərdi. Onların davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu xidməti silahdan istifadə etmək məcburiyyətində qaldı. Nəticədə cinayətkar dəstənin 4 üzvü məhv edildi, digərləri isə yaxalanaraq məsuliyyətə cəlb edildilər.

Qəsəbədə qanunların bərpası, ictimai asayişin və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədi ilə keçirilən həmin əməliyyat zamanı polis və digər hüquq-mühafizə orqanlarının əməkdaşları öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirdi və təəssüf ki, bu zaman 2 əməkdaşımız cinayətkarlarla mübarizədə qəhrəmancasına həlak oldu. Məhz onların həyatı bahasına olsa da, əməliyyat nəticəsində ölkədə ictimai-siyasi sabitliyi pozmaq və qarşıdurma yaratmaq istəyən radikal ekstremistlərin planları iflasa uğradı.

Bu gün özlərini müxalifət adlandıran bəzi qüvvələr utanmadan iddia edir ki, guya Nardaran hadisələrini elə hüquq-mühafizə orqanları təşkil edib. Xalqdan dəstək ala bilməyən bu adamlar dövlətçiliyə qarşı çıxan bir qrup ünsürü müdafiə etməklə özlərinə tərəfdar toplamağa çalışırlar. Onlara xatırlatmaq istəyirəm ki, müdafiəsinə qalxdıqları həmin cinayətkarlar, müstəqil Azərbaycan dövlətinə, dövlət atributlarımıza, qanunlarımıza hörmətsizlik edən, bütöv bir qəsəbəni özlərinin girovuna çevirmiş adamlar olub.

– Məlum olduğu kimi, son hadisələrə qədər Nardaran qəsəbəsi Bakının digər kənd və qəsəbələrindən tam fərqlənirdi. Bu qəsəbə sanki dini qayda-qanunlarla idarə olunurdu, bəzi valideynlər qız uşaqlarını məktəbə buraxmırdılar, qəsəbəni cinayətkar keçmişləri olan bir qrup idarə edirdi. Əməliyyatlardan sonra Nardaranda nələr dəyişib?

– Bu gün Nardaranda vəziyyət tamam dəyişib. Respublikamızın bütün bölgələrində olduğu kimi, burada da əhali təhlükəsizlik şəraitində yaşayır və gündəlik qayğıları və işləri ilə məşğul olurlar. Dövlət orqanlarının yerli nümayəndələri kənd sakinlərinin yaxından köməyi ilə uzun illər bu kənddə problemə çevrilmiş təhsil, səhiyyə və digər sosial problemlərin birdəfəlik aradan qaldırılmasına nail olublar.

Rayon Təhsil Şöbəsi və Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri profilaktik tədbirlər nəticəsində vaxtilə təhsildən yayınmağa məcbur olan bəzi məktəb yaşlı uşaqlar yenidən məktəbə qaytarılıb. Bu gün kənddəki orta məktəbdə şagirdlərin dərsə davamiyyəti tam təmin olunub.

Onu da qeyd etməliyəm ki, əvvəllər nardaranlı gənclər arasında müxtəlif bəhanələrlə hərbi xidmətdən yayınma halları baş verirdi. Polisin və Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarının həyata keçirdikləri müvafiq işlər, tədbirlər sayəsində bu gün fəxrlə demək olar ki, hərbi xidmətə çağırış yaşlı bütün naradaranlı gənclər Azərbaycan Silahlı Qüvvələrinin tərkibində Vətənə xidmət edirlər.

Qeyd edilən əməliyyat tədbirindən dərhal sonra Nardaranda yeni polis bölməsi fəaliyyətə başladı. Artıq bu Polis Bölməsinin əməkdaşları da öz xidməti vəzifələrini uğurla yerinə yetirirlər. Elə bunun nəticəsidir ki, bu gün Nardaranda demək olar ki, ağır cinayət hadisələri törədilmir. Qeydə alınan ümumi cinayətlərin 96 faizinin açılması təmin edilib. Sakinlərin bütün dövlət qurumlarına, o cümlədən polisə olan etibarının və güvəninin göstəricisidir ki, son hadisələrdən bu günədək (2016-2017-ci illər) müxtəlif məsələlərlə bağlı rayonun polis orqanlarına müraciət edən 5291 nəfər qəsəbə sakini Rayon Polis İdarəsinin və qəsəbədəki Polis Bölməsinin rəhbərliyi tərəfindən qəbul ediliblər. Əvvəllər polisə şikayət etməkdən çəkinən qəsəbə sakinləri tərəfindən bölməyə minə yaxın şikayət və ərizə daxil olub ki, onların da hər birinə operativ baxılaraq qanunamüvafiq qərarlar çıxarılıb.

– Daxili İşlər Nazirliyi qeyd olunan əməliyyat tədbirindən dərhal sonra sakinlərə qanunsuz saxlanılan silah-sursatın polisə könüllü təhvil vermələri barədə müraciət etdi. Bu çağırış nəticə verdimi? 

– Əlbəttə, o müraciətin çox böyük əhəmiyyəti oldu. Cənab nazir bizə göstəriş verdi ki, sakinlərlə danışın, kimdə qanunsuz silah varsa, könüllü təhvil versin. Bu məqsədlə rayonun icra başçısının və hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə qəsəbə sakinləri ilə mütəmadi görüşlər keçirildi və onlara əllərdə olan qanunsuz silah-sursatın polisə könüllü təhvil verilməsinin əhəmiyyəti və vacibliyi izah edildi. Məhz belə profilaktik söhbətlərdən sonra bu çağırışa dəstək verən kənd sakinlərinin yaxından köməyi ilə bu günədək 12 ədəd avtomat, 15 ədəd tapança, 88 ədəd ov tüfəngi, 34 ədəd əl qumbarası, 16 ədəd “Molotov kokteyli”, 1500-ə yaxın müxtəlif çaplı patronlar və digər hərbi ləvazimatlar könüllü olaraq polisə təhvil verilib.

– Nardaran hadisələrindən iki il ötməsinə baxmayaraq, qəsəbənin giriş-çıxışındakı polis postları hələ də qalır. Bu, Nardaranda təhlükənin hələ də sovuşmadığından xəbər verir?

– Yuxarıda qeyd etdiyim faktlar və eləcə də tədbirlərimizin təhlili onu deməyə əsas verir ki, bu gün qəsəbədə təhlükəsizlik və profilaktiki tədbirlərin davam etdirilməsi zəruridir. Bu postlar heç kimin gediş-gəlişinə mane olmur, əksinə, polis postları Nardaran sakinlərinin təhlükəsizliyini daha etibarlı təmin etmək üçün fəaliyyət göstərir.

– Ötən müddət ərzində Nardaranda hansı infrastruktur və yenidənqurma işləri aparılıb?

– Çox sevindirici haldır ki, bu gün Nardaran əvvəlki Nardaran deyil. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ali diqqət və qayğısı sayəsində burada bir sıra infrastruktur və yenidənqurma işləri aparılıb və proses davam etməkdədir. Son iki ildə ümumi abadlıq-quruculuq işləri ilə bərabər xeyli sayda sosial obyektlər tikilib. Bura 42-ci Polis Bölməsi, Dövlət Təhlükəsizliyi Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin yerli bölmələri, Mədəniyyət Evi, İşıq İdarəsi, Rayon İcra Hakimiyyətinin ərazi nümayəndəliyi, ATS və poçt binası daxildir. Hazırda Nardaranda “ASAN Xidmət” üçün yeni bina inşa olunur və yaxın zamanlarda qəsəbə sakinləri bu xidmətdən də tam yararlana biləcəklər.

APA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here