Naxçıvan Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi Lənkəranda

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Xalq Artisti Rza Xudiyev, baş rejissoru, Xalq Artisti Kamran Quliyev və aparıcı aktyoru, Əməkdar Artist Əbülfəz İmanov Lənkəran Dövlət Dram Teatrında olublar.

Görüşdə çıxış edən teatrın direktoru, Xalq Artisti Rza Xudiyev rəhbərlik etdiyi sənət ocağının keçdiyi çətin və şərəfli inkişaf yolundan danışaraq bildirib ki, Naxçıvan Muxtar Respublikasında teatr sənətinin davamlı inkişafı təmin edilib, sənət ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilib.

Xalq Artisti Kamran Quliyev çıxışında Naxçıvanda teatr kollektivlərinin əməyinin dövlətimiz tərəfindən daim yüksək qiymətləndirildiyini, səmərəli fəaliyyətlərinə görə yaradıcı heyətin fəxri adlara, Prezident təqaüdünə və mükafatlara layiq görüldüyünü bildirib.

Tədbirdə Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov, teatrın quruluşçu rejissoru, Əməkdar Artist Adil Zeynalov, aparıcı aktyoru, Xalq Artisti Qabil Quliyev çalışdıqları sənət ocağının ötən 127-ci mövsümdə qazandığı nailiyyətlərdən, qarşıdakı dövrdə nəzərdə tutulmuş yaradıcılıq planlarından danışıblar.

Görüş zamanı hər iki kollektivin qarşılıqlı təcrübə mübadiləsinin perspektivləri, müştərək tamaşaların hazırlanması, eyni zamanda həm Naxçıvanda, həm də Lənkəranda qastrol səfərlərinin təşkil edilməsi məsələləri müzakirə olunub.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here