Naxçıvan Dövlət Universitetində payız-qış mövsümünə hazırlıq məsələləri müzakirə olunub

Muxtar respublikaya verilən fasiləsiz enerji, təbii qaz, içməli suya olan tələbatın tam ödənilməsi, istilik sistemlərinin qurulması Naxçıvan Dövlət Universitetində (NDU) bu sahədə olan çətinlikləri aradan qaldırıb.

Bu sözləri NDU-da payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı keçirilən iclasda universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov deyib.

Rektor avqustun 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə ali və orta ixtisas təhsili müəssisələrinin tədris korpuslarının, idman zallarının, sosial xidmət mərkəzləri və yataqxanalarının qış mövsümünə hazırlığı barədə verilən tapşırığı diqqətə çatdırıb.

“Ali təhsil ocağında müasir infrastrukturun yaradılması və tədrisin keyfiyyətinin artırılması istiqamətində görülən işlər muxtar respublikamızda təhsilin inkişafına göstərilən hərtərəfli dövlət qayğısının əyani ifadəsidir”, – deyən rektor onu da əlavə edib ki, həyata keçiriləcək tədbirlər sayəsində ali təhsil ocağı payız-qış mövsümündə heç bir problemlə üzləşməyəcək.

Təsərrüfat və xidmət şöbəsinin müdiri Araz Zalov deyib ki, müşavirədə verilmiş tapşırıqların icrasının təmin olunması ilə əlaqədar hər il payız-qış mövsümünə hazırlıq işlərinin əvvəlcədən görülməsi öz bəhrəsini verir. Bu, soyuq aylarda yarana biləcək çatışmazlıqların qabaqcadan aşkarlanaraq aradan qaldırılmasını təmin edir.

Şöbə müdiri onu da qeyd edib ki, qazanxanaların fəaliyyəti, elektrik enerjisi ilə təchizatı, su və kanalizasiya xətlərinin vəziyyəti reyd briqadası tərəfindən araşdırılır. Vurğulanıb ki, mövsümə qədər görülməsi nəzərdə tutulan işlərin vaxtında başa çatdırılması təmin olunacaq.

Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here