RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT

Nazir sıra baxışları keçirib

12

Kütləvi informasiya vasitələrində öncədən verilmiş elanlara uyğun olaraq, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov mayın 18-də DİN-in Daxili Qoşunlarının Qəbələ rayonunda yerləşən hərbi hissəsində respublikanın Şirvan və Şimal-Qərb zonalarının ərazi polis orqanlarında, mayın 21-də Əlahiddə Çevik Polis Alayında isə Bakı şəhər Baş Polis İdarəsinin tabeli qurumlarında və Sumqayıt, Abşeron şəhər, rayon polis idarələrində vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışlarını keçirib.

DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nazirliyin aidiyyatı baş idarə və şəhər, rayon polis şöbələri rəislərinin də iştirak etdikləri hər iki sıra baxışında paytaxt və həmin bölgələrdə yaşayan, post-patrul xidmətinin polis nəfəri vəzifələrində xidmət etmək istəyən ümumilikdə 563 şəxs iştirak edib. Nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb. Ümumən, iddiaçıların arasından daha hazırlıqlı olan 361 nəfər seçilərək onların daxili işlər orqanlarında xidmətə qəbul olunmaları üçün müvafiq tapşırıqlar verilib.

Namizədlər qarşısında çıxış edən nazir son illər daxili işlər orqanlarında xidmətə qəbulun şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mükəmməl təhsilli, yüksək mənəvi və işgüzar keyfiyyətlərə, hərtərəfli dünyagörüşə malik gənclərin hər zaman dövlət idarəçiliyində daha geniş şəkildə təmsil olunmaları, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri üçün tövsiyə və tapşırıqlarını xatırladan nazir, bu istiqamətdə hər zaman zəruri addımların atıldığını, hazırkı seçimlərin də göstərilən sahədə uzun müddətdir həyata keçirilən məqsədyönlü siyasətin növbəti əyani təzahürü olduğunu bildirib.

Qeyd olunub ki, ümumilikdə, kadrların hazırlıq səviyyəsinin artırılması, gənc əməkdaşlara lazımi diqqət və qayğı göstərilməsi ölkə və DİN rəhbərliyinin fəaliyyətində prioritet istiqamətlərdən və daim nəzarətdə saxlanılan məsələlərdəndir. Nazir R.Usubov xidmətə qəbul üçün seçilən gəncləri təbrik edərək onlara öz tövsiyələrini verib, gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Vətəndaşların nəzərinə bir daha çatdırırıq ki, polis orqanlarında vakant olan post-patrul xidməti vəzifələrində xidmətə qəbulla bağlı növbəti belə tədbir cari il iyun ayının 8-də DİN-in Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən hərbi hissəsində keçiriləcək.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı