RESPONSIVE LEADERBOARD AD AREA
ELM VƏ TƏHSİL

“Neft və geoekologiya” mövzusunda I beynəlxalq məktəb-seminar öz işinə başlayıb

32

AMEA-nın Əsas binasında Neft və Qaz İnstitutunun (NQİ) təşkilatçılığı ilə gənc alim və tələbələrin “Neft və geoekologiya” mövzusunda I beynəlxalq məktəb-seminarı öz işinə başlayıb.

Tədbir AR Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) və Gənclər və İdman Nazirliyi (GİN) tərəfindən elan edilmiş Gənc alim və mütəxəssislərin dördüncü birgə qrant müsabiqəsində qalib olmuş “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr edilmiş I beynəlxalq məktəb-seminar “Neft və geoekologiya” adlı layihəyə əsasən keçirilir.

AMEA-nın gənc alim və mütəxəssislərinin, magistrlərinin, Azərbaycanın ali təhsil müəssisələrinin tələbələrinin, o cümlədən Rusiya, Ukrayna, Qazaxıstan, Almaniya və Gürcüstandan bu istiqamətdə tədqiqat aparan gənclərin iştirak etdiyi seminar EİF, GİN və BP şirkətinin Azərbaycandakı nümayəndəliyinin dəstəyilə baş tutub.

Məşğələni NQİ-nin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, yer elmləri üzrə fəlsəfə doktoru Rəqsanə Əsgərova açaraq iclasın gündəliyi barədə məlumat verib. Bildirib ki, iki gün davam edəcək seminarın plenar iclaslarında 30-a yaxın məruzə dinləniləcək.

Sonra EİF-in icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev çıxış edərək seminarın hazırlıq prosesindən danışıb, məktəbin gənc alimlər arasında beynəlxalq əməkdaşlığın güclənməsində, mədəniyyətlərarası dialoqun inkişafında, Azərbaycan elminin dünyada təbliğində önəmli rol oynayacağını söyləyib.

Məşğələnin mövzusunun müasir dövrün ən aktual məsələlərindən biri olduğunu deyən E.Babayev bu gün dünyada təbii sərvətlərin çıxarılması zamanı bütün normaların gözlənilməsinə baxmayaraq ekoloji problemlərin yarandığını və artmaqda davam etdiyini vurğulayıb. Qeyd edib ki, seminar zamanı müzakirə olunacaq mövzular və qarşıya qoyulacaq məsələlər problemin həllinə töhfə verəcək.

Daha sonra çıxış edən AMEA-nın vitse-prezidenti, NQİ-nin direktoru, akademik İbrahim Quliyev tədbirin dəstəkçilərinə gənc alimlərə yaratdıqları şəraitə görə təşəkkür edib. Akademik neftin insan həyatında oynadığı rola toxunub, o cümlədən qara qızılın yaratdığı ekoloji problemlərdən söz açıb. O, rəhbərlik etdiyi müəssisədə bu istiqamətdə tədqiqatların aparıldığını, NQİ-də gənc alimlərin elmi araşdırmalar aparmaları üçün zəruri şəraitin yaradıldığını vurğulayıb.

Seminarda, həmçinin NQİ-nin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru, professor Vaqif Qurbanov, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov, BP şirkətinin rəsmisi Arzu Cavadova, Gənclər və İdman Nazirliyinin nümayəndəsi İndira Hacıyeva, tədbirin təşkilat komitəsinin katibi Aytən Hüseynova və digərləri çıxış edərək ölkəmizdə aparılan gənclər siyasətindən danışıblar. Qeyd olunub ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən, 5 minə yaxın gənc xaricdə təhsil almağa göndərilib. Bundan əlavə, respublikada gənc alimlərin tədqiqat aparmaları, beynəlxalq elmi mərkəzlərlə əməkdaşlıq etmələri üçün ölkə rəhbərliyi tərəfindən daima dəstək verildiyini söyləyiblər.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı