Nigar Arpadarai: Əsas yeniliklərimiz əyləncə proqramı ilə bağlı olacaq

2019-cu ildə keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıqlar plana uyğun gedir. Hazırda biletlərə endirim kampaniyası davam edir. Formula 1 azarkeşləri 20 faizlik endirimdən yararlana bilərlər. Azərbaycan vətəndaşları üçün daha 25 faiz endirim nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai jurnalistlərə müsahibəsində deyib.

N.Arpadarai deyib ki, növbəti il aprelin sonunda bütün Formula 1 azarkeşlərinin gözü Bakıda olacaq. Yaxın zamanlarda tikinti işlərinə start veriləcək. İlk öncə Pit binasının tikintisinə başlanacaq. Sonrakı mərhələdə – yanvarda təhlükəsizlik baryerləri və tribunalar quraşdırılacaq.

“Konüllülərin qeydiyyatına yekun vurulub. Bir gündə 6 mindən artıq müraciət daxil oldu. Bu gözəl nəticədir. Ümumiyyətlə könüllülərlə iş proqramı artıq hazırdır. Bu il bir çox gənc həm işçi, həm də könüllü kimi bizimlə əməkdaşlıq edəcək”, – deyə N.Arpadarai bildirib.

BŞH-nin rəsmisi deyib ki, Azərbaycan Qran-Prisində trasın konfiqurasiyası dəyişmir. Yarış hər il olduğu kimi, şəhərin mərkəzi küçələrində keçirilir. Əsas yeniliklərimiz əyləncə proqramı ilə bağlıdır. Ötən mövsüm konsert proqramları dəyişmişdi. Belə ki, yarışlardan sonra konsert proqramları təşkil olunurdu. Üç dünya ulduzunun konsertindən əlavə, DJ-lərin şousu da təşkil olunmuşdu. Bu il də əsas dəyişiklik konsert proqramları ilə bağlı olacaq.

Qeyd edək ki, Bakıda növbəti Formula 1 yarışı gələn il aprelin 26-28-də keçiriləcək.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here