Niyə köhnə və ucuz maşınlar ölkəsi olduq?..

Deməli, bugünlərdə bir xəbər oxudum. Deyilirdi ki, ölkəmizdə avtomobil qəzalarının çoxu köhnə nəqliyyat vasitələrinin üzündən baş verir. Təbii ki, qəza olan yerdə xəsarət alanlar, həlak olanlar da var. Anlaşılan odur ki, əgər bizdə bu qədər köhnə nəqliyyat vasitəsi olmasaydı yəqin ki, o qədər də qəza olmaz, yaxud da qəza olduğu zaman belə insanlar sağ qurtularmış…

Amma kimlərsə, nəyə görəsə buna imkan vermir!

…Bakı, Azərbaycanın hər tərəfi hər keçən gün gözəlləşir. Yeni binalar tikilir, yollar çəkilir, körpülər salınır. Azərbaycan tarixinə artıq qurucu prezident kimi düşmüş ölkə başçısı İlham Əliyevin özü şəxsən durmadan çalışır ki, ölkəmiz dünyanın ən seçilən ölkələrindən geri qalmasın.

Prezidentin çalışmaları öz bəhrəsini də verir. Hər il ölkəmiz dünyanın müxtəlif nüfuzlu qurumlarının reytinq siyahılarında bütün sahələrdə yerini yaxşılaşdırır, daha irəli gedir, sayılıb-seçilən ölkələr arasında yerini möhkəmlədir.

Hələ onu da əlavə edim ki, Azərbaycana turist kimi gələnlər də Bakı başda olmaqla gəzib-gördükləri yerlərə heyran olur, bu möhtəşəmliyi ağızdolusu tərifləyir. Təbii ki, bütün bunlar əsassız deyil. Həqiqətən də Azərbaycan son illər ərzində sürətli sıçrayışla irəli gedə bilib və inkişaf göz önündədir.

Amma və lakin!

Amma bütün bu gözəllikləri korlayan bir görüntünü hər kəs hər gün müşahidə edir! Təəssüflə özü də! Hər yerdə görürük bunu. Öz üzərimizdə hiss edirik. Bakının, Azərbaycanın gündən-günə gözəlləşən mənzərəsini o görüntülər çox korlayır, çox!

Maşınlardan danışırıq. Yuxarıda qeyd etdik: qəzalarda köhnə avtomobillərin iştirak payı heç də az deyilmiş…

Bəs, niyə bu gözəlləşən, getdikcə zənginləşən gözəlim ölkəmdə insanlarımız köhnə avtomobillərə daha çox üstünlük verir? Özü də hər keçən il avtomobillər yenilənməkdənsə, köhnələrin sayı artır? Niyə, səbəb nədir?

Səbəbə keçməzdən öncə, kiçik bir qarşılaşdırmanı təqdim edirəm: lap elə burnumuzun ucundakı Gürcüstanda 2008-ci il istehsalı olan işlənmiş Toyota Camry avtomobilinin orta qiyməti 5 min dollardır (8500 manat). Azərbaycanda neçəyədir eyni maşın? Bəli, ən azı 2 dəfə və bəzən də daha artıq qiymətə. O maşını burada 17-18 min manata almaq olar. Niyə, səbəb nədir? Niyə bütün göstəricilərilə bizdən xeyli geri qalan Gürcüstanın vətəndaşları daha yeni maşınlar sürə bilməlidir, bizim vətəndaşlarsa yox?

Yeri gəlmişkən, Gürcüstanda 17 min manata Toyota Camry-nin 2015-ci il buraxılışını almaq olar. Eyni maşının Azərbaycandakı qiyməti isə 25 min dollar – 42 min 500 manatdır! Yenə də sual: niyə, hansı səbəbdən?

Səbəbi aradıq, axtardıq və tapdıq. Bəlli oldu ki, Azərbaycana avtomobil idxalına fantastik gömrük və aksiz vergisi tətbiq edilir. Hələ üstəlik ƏDV filan söhbəti də var və nəticədə, görün nə baş verir.

Gürcüstandan və ya Almaniyadan 5 min dollara aldığınız maşını Bakıda gömrük rəsmiləşdirməsindən keçirdikdən sonra onun qiyməti düz 10 min 500 manat artmış olur! Bunun üstünə 5 min dolların manat qarşılığını – 8 min 500 manatı da gələndə, bəli, 19 min manat edir! Bu qiymətə, yuxarıda da dediyim kimi, Gürcüstan vətəndaşları nəinki 2015, hətta 2016-cı ilin Toyota Camry-sini alıb sürürlər! Hələ onu da əlavə edim ki, mənşə ölkəsindən (və ya göndərən ölkədən) gətirilən maşını orada həqiqətən 5 min dollara aldığını da gömrükdə sübut edə bilmirsən. Bunu da mənə maşınla məşğul olanlar deyir. Deyirlər ki, 5 min dollarlıq maşın gətirirsən, sənin sənədini bir kənara atıb özlərindən daha baha qiymət təyin edirlər. Nəticədə də digər faizlər artır və qiymət bir az da şişir…

Azər HƏSRƏT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here