Nizami Kino Mərkəzində “Bayrağımız kimliyimiz, mənliyimiz və qürur mənbəyimizdir” adlı tədbir keçirilib

Nəsimi Rayon İcra Hakimiyyəti (RİH) 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə silsilə tədbirləri davam etdirir.

Rayon icra hakimiyyətindən bildiriblər ki, Nəsimi RİH-in təşəbbüsü ilə Nizami Kino Mərkəzində “Bayrağımız kimliyimiz, mənliyimiz və qürur mənbəyimizdir” adlı tədbir keçirilib. Tədbirdə ictimaiyyətin nümayəndələri, ağsaqqallar, müharibə veteranları, orta və məktəbəqədər təhsil müəssisələrinin kollektivləri, tələbələr, QHT-lərin nümayəndələri, idmançılar iştirak ediblər.

Tədbir xalqımızın keçmişini, bu gününü və gələcəyini özündə əks etdirən müqəddəs bayrağımızın orkestrin müşayiəti ilə alqış sədaları altında səhnəyə gətirilməsi ilə başlayıb. Sonra müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Daha sonra “Bayrağımız kimliyimiz, mənliyimiz və qürur mənbəyimizdir” adlı videoçarx nümayiş etdirilib, Əməkdar Artist Ağalar Bayramovun ifasında “Azərbaycan Bayrağı” şeiri ifa olunub.

“Natiq” ritm qrupunun, Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti Ehtiram Hüseynovun və rəqs kollektivlərinin ifalarından sonra Nəsimi RİH-in təşəbbüsü və dəstəyi ilə hazırlanan “Azərbaycan Bayrağı” klipinin təqdimatı olub.

Azərbaycan bayrağının rənglərinə uyğun xüsusi geyimli məktəblilərin səhnəyə çıxması iştirakçılarda xoş ovqat yaradıb.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək Dövlət Bayrağı Günü münasıbətilə tədbir iştirakçılarına təbriklərini çatdırıb. O, Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə hər il noyabrın 9-nun Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis olunduğunu bildirib. A.Əsgərov işğal altındakı torpaqlarımızın Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət nəticəsində tezliklə azad olunacağını, Azərbaycan bayrağının Qarabağda, o cümlədən Şuşada, Xankəndidə və digər şəhərlərimizdə dalğalanacağına əminliyini ifadə edib.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here