“Növbəti görüşün yeri və zamanı üzrə danışıqlar aparılır”

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayevanın SİA-ya müsahibəsi:

– Leyla xanım, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində birmənalı olaraq bildirdi ki, 2018-ci ildə Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib. Siz bunu necə şərh edərdiniz?

– Azərbaycan Prezidenti cənab İlham Əliyevin özünün də çıxışlarında qeyd etdiyi kimi ötən 2018-ci il ölkəmiz üçün çox uğurlu bir il olub. Ölkəmiz yerləşdiyi bölgə ətrafında cərəyan edən çoxziddiyyətli proseslər şəraitində məhz dövlət başçımızın birbaşa rəhbərliyi altında həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanda daxili sabitlik və inkişaf təmin olunub. Eləcə də ölkə iqtisadiyyatımızın müsbət artan dinamikası qorunub saxlanılıb, həmçinin təşəbbüskarı olduğumuz, həyata keçirdiyimiz irimiqyaslı layihələr vasitəsilə Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu və rəğbəti daha da möhkəmləndirilib. Bildiyiniz kimi ötən il həmçinin Azərbaycan Prezidentinin Sərəncamı ilə AXC-nin 100 illik yubileyinin qeyd olunması ili idi. Bununla bağlı ötən il ərzində həyata keçirdiyimiz xarici siyasətdə Azərbaycanın istiqlaliyyət və dövlətçilik dəyərlərinin beynəlxalq səviyyədə təşviq olunmasına xüsusi diqqət ayrılmışdır.

Ümumiyyətlə, ötən il ərzində həyata keçirilən xarici siyasətimizdə qarşılıqlı hörmət və bərabərhüquqlu prinsiplərə əsaslanaraq ikitərəfli və çoxtərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi, eləcə də ölkədə təhlükəsizliyin iqtisadi və sosial rifahının dayanıqlığının təmin olunması, həmçinin mədəni sahədə təşəbbüslərin daha da artırılmasına xüsusi diqqət yönəldilib. Həqiqətən də 2018-ci ildə həyata keçirdiyimiz siyasət nəticəsində bu istiqamətə önəmli diqqət ayrılıb. Azərbaycan çoxtərəfli platformalarda yəni beynəlxalq təşkilatlarda öz fəal təmsilçiliyini davam etdirib. Bu sırada xüsusilə BMT və onun ixtisaslaşmış qurumlarını, eləcə də digər təşkilatları qeyd etmək istərdim. Bildiyiniz kimi ötən ilin sentyabr ayında ölkəmiz BMT Baş Assambelyasının 73-cü sessiyasında iştirak edib və bu sessiya çərçivəsində keçirilən tədbirlərdə iştirak edib, çıxışlar olunub, eyni zamanda çoxsaylı görüşlər təşkil olunub. BMT-nin Baş Assambelyası tərəfindən ötən ilin dekabr ayında məhz ölkəmizin müəllifi olduğu, təşəbbüslə çıxış etdiyi itkin düşmüş şəxslərlə bağlı qətnamə qəbul olunub. Bu qətnamədə əsas diqqət münaqişə zamanı itkin düşmüş şəxslərə beynəlxalq ictimaiyyətin diqqətinin yönəldilməsi olub. Bununla belə Azərbaycan digər beynəlxalq təşkilatlarla əlaqələrinin möhkəmləndirməsinə nail olub. Mən bu çərçivədə Avropa İttifaqı ilə münasibətlərimizi qeyd etmək istərdim. 2018-ci ildə Azərbaycan və Avropa İttifaqı arasında bərabərhüquqlu qarşılıqlı, faydalı tərəfdaşlıq münasibətləri uğurla davam etdirilib. Ötən ilin iyul ayında ölkə Prezidentinin Brüsselə etdiyi səfər çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” adlı sənəd imzalanıb. Bu sənəddə önəmli bir məqamı xüsusilə vurğulamaq istərdim ki, Aİ Azərbaycanın suverenliyinə, müstəqilliyinə və beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığına öz dəstəyini ifadə edib. Eyni zamanda ötən ilin əlamətdar hadisələrindən biri də o olub ki, ölkəmiz Qoşulmama Hərəkatının Nazirlər toplantısına ev sahibliyi etdi. 2011-ci ildən etibarən Azərbaycan Qoşulmama Hərəkatına tamhüquqlu üzv seçilib. Biz artıq bu müddət ərzində özümüzü tanıtmaqla yanaşı bu ildən etibarən Qoşulmama Hərəkatının sədri qismində çıxış edəcəyik. Bu ilin payızında ölkəmizdə Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının Zirvə görüşünün keçirilməsi nəzərdə tutulub. Həmçinin digər çoxsaylı təşkilatlar çərçivəsində Azərbaycanın çox fəal münasibətləri, iştirakı davam etdirilib. Bu fəal iştirakımız nəticəsində də bu təşkilatlardakı rolumuz daha da möhkəmlənib.

– Ölkə başçısı həmçinin vurğuladı ki, 2018-ci ildə Azərbaycan Dağlıq Qarabağ münaqişənin həlli işində çox ciddi mövqelərə malik oldu. Bu mövqelər nədən ibarət oldu?

– Həqiqətən də Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün və suverenliyinin möhkəmləndirilməsi bizim xarici siyasətimizin prioritetini təşkil edir. Ötən il ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü əsasında həll olunması istiqamətində diplomatik səylərimiz davam etdirilib. Həyata keçirilən fəaliyyət nəticəsində beynəlxalq təşkilatlar tərəfindən çoxsaylı qərar və sənədlər qəbul olunub. Əslində qəbul olunmuş bütün bu sənədlər münaqişənin həlli üzrə hüquqi bazanın daha da möhkəmlənməsinə və genişlənməsinə xidmət edir. Bu sırada qəbul olunmuş sənədlərə xüsusi diqqət ayıraraq artıq qeyd etdiyim Qoşulmama Hərəkatının bildirmək istərdim. Qoşulmama Hərəkatının Nazirlər konfransı nəticəsində qəbul olunmuş yekun sənəddə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həllinə dəstək öz əksini tapıb. Bildiyiniz kimi ənənəvi olaraq İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair qətnamələr qəbul olunur. Ötən il ərzində də Düşənbədə keçirilmiş Xarici İşlər Nazirlərinin 45-ci sessiyasında belə bir qətnamə qəbul olundu.

Bundan əlavə ötən il İƏT-in sessiyası çərçivəsində 1992-ci il “Xocalı qırğının qurbanları ilə həmrəylik” adlı qətnamə qəbul olundu. Eyni zamanda 2018-ci ildə NATO-nun Zirvə görüşü nəticəsində qəbul olunmuş yekun bəyanatda Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstək ifadə olundu. Beləcə münaqişələrin məhz bu prinsiplər əsasında həllinə dəstək öz əksini tapdı. Mən Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış “Tərəfdaşlıq prioritetləri” adlı sənədi bir daha vurğulamaq istərdim. Həmçinin Avropa Parlamenti tərəfindən dekabr ayında qəbul olunmuş bir qətnaməyə diqqəti yönəldərək qeyd etmək istərdim ki, Aİ-nin təhlükəsizlik sahəsində ümumi xarici siyasətin həyata keçirilməsinə dair qəbul olunmuş bu qətnamədə münaqişələrin məhz suverenlik, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı prinsipi əsasında həllinə dəstək öz əksini tapıb. Bütün bu sadaladığım qərar və qətnamələr, eləcə də qeyd etmədiyim digər çoxsaylı qərarlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin hüquqi bazasının daha da möhkəmləndirilməsini təşkil edir.

– Necə düşünürsünüz, Azərbaycanın Ermənistana qarşı apardığı düşünülmüş, məqsədyönlü və prinsipial siyasəti öz bəhrəsini verdiyi halda 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində hansı irəliləyişlər ola bilər?

– Ötən il ərzində Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında MDB-nin Düşənbədə və Sankt-Peterburqda keçirilmiş Zirvə görüşü çərçivəsində söhbətlər baş tutmuşdu. Eyni zamanda XİN rəhbərləri səviyyəsində ötən ilin son altı ayı ərzində üç görüş keçirilmişdir. Bu görüşlərdən sonuncusu dekabr ayında Milanda baş tutub. Həmin görüş ATƏT-in Nazirlər görüşü çərçivəsində baş tutdu. Milan görüşü nəticəsində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri, eləcə də Azərbaycan və Ermənistan XİN rəhbərləri tərəfindən birgə bəyanat qəbul olundu. Bu bəyanatda əks olunan bir neçə məqama xüsusi diqqət yetirmək istərdim. Birinci növbədə bəyanatda tərəflər münaqişənin davamlı və ədalətli həlli üzrə danışıqları davam etdirməyi razılaşdırdılar. Bu o deməkdir ki, münaqişənin həlli üzrə format dəyişilməz olaraq qalır. Eyni zamanda birgə bəyanatda qeyd olundu ki, hər iki tərəf öz əhalisini münaqişənin həlli üzrə sülhə hazırlamalıdır və sülhə hazırlıq istiqamətində konkret addımlar atılmalıdır. Həmçinin münaqişənin həlli ilə bağlı ən yüksək səviyyədə görüşlər daxil olmaqla intensiv və nəticəyə yönəlik danışıqların davam etdirilməsi çağırışı da öz əksini tapıb. Yəni bu çox vacib məqamlardır. Bu onu göstərir ki, tərəflər münaqişənin həlli üzrə artıq intensiv və konkret nəticəyə əsaslanan danışıqları davam etdirməyə razılaşıblar. Yaxın zamanlarda bu cür təmasların davam etdirilməsi nəzərdə tutulub. Hazırda növbəti belə bir təmasın, görüşün keçirilməsi istiqamətində işlər davam etdirilir. Növbəti görüşün yeri və zamanı üzrə danışıqlar aparılır.

– Son olaraq, 2019-cu ildə Azərbaycanın xarici siyasətinin əsas prioritetləri nədən ibarət olacaq?

– Ümumiyyətlə, qeyd etmək istərdim ki, xarici siyasətimiz ötən ildə olduğu kimi Azərbaycan Prezidenti cənab İlham Əliyevin birbaşa rəhbərliyi altında milli maraqlarımıza əsaslanan və milli mənafeylərimizin beynəlxalq müstəvidə təşviq olunmasına xidmət edən müstəqil, çoxşaxəli və tarazlaşdırılmış fəal xarici siyasətimiz davam etdiriləcəkdir. Xarici siyasətimizin prioritetlərindən bəhs edərkən əlbəttə ki, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyinin möhkəmləndirilməsi istiqamətində səylərimiz davam etdiriləcəkdir. Bu xüsusda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, ilk növbədə isə BMT-nin Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi, eləcə də beynəlxalq təşkilatların qəbul etdiyi digər sənəd və qətnamələr əsasında ədalətli həlli istiqamətində diplomatik səylərimiz davam etdiriləcəkdir. Yəni bu məsələ prioritet olaraq xarici siyasətimizin gündəliyində qalacaq. Həmçinin cari il ərzində bir neçə önəmli tədbirlərin də həyata keçirilməsi nəzərdə tutulub. Artıq bu ilin payızında ölkəmizdə Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının Zirvə görüşünün keçirilməsi nəzərdə tutulub. Eləcə də cari il ərzində üzvü olduğumuz digər beynəlxalq təşkilatlar çərçivəsində fəal iştirakımız davam etdiriləcək. İnanıram ki, bu il həyata keçirilən xarici siyasətimiz də ötən illərdə olduğu kimi çox uğurlu nəticələrini verəcək.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here