“Novruz – Bahar Festivalı”

“Novruz – Bahar Festivalı”

İçərişəhər və Qala qoruqlarında “Novruz – Bahar Festivalı”
Xalqımızın tarixi kökləri ilə bağlı olan, milli adət-ənənələrlə zəngin Novruz bayramı həm də ölkəmizdə baharın gəlişini müjdələyir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi öz ənənəsinə sadiq qalaraq bu il də Novruz bayramı şənliklərinin İçərişəhərdə təntənəli keçirilməsini nəzərdə tutub. Belə ki, cari ilin mart ayının 20-si və 21-də İçərişəhərdə “Novruz – Bahar Festivalı” keçiriləcəkdir.
Festival günlərində Qoşa Qala Qapısı meydanında “Meydan Bazarı” təşkil olunacaqdır. “Meydan Bazarında” ölkəmizdə mövcud olan çoxsaylı sənət sahələrinə aid milli-tətbiqi sənət məhsulları və suvenirlərin, o cümlədən rəsm əsərləri, milli zərgərlik və taxtaoyma sənəti nümunələrinin sərgi-satışı təşkil olunacaqdır.
Novruz Bayramı şənliklərində bir-birindən maraqlı çoxsaylı tədbirlər nəzərdə tutulmuşdur. Səhər saatlarından pəhləvanlar, kəndirbaz və sehirbazlar öz məharətini göstərəcək, uşaq teatrının artistləri, bədii və tarixi personajlar, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan insanların bayram əhval-ruhiyyəsini daha da artıracaq.
Rəngarəng konsert proqramında mahir ifaçıların çıxışında muğam və klassik musiqi əsərləri, müasir estrada və caz musiqisi səsləndiriləcək, Dövlət Nəfəs Alətləri Orkestri, estrada və vokal orkestrləri, xalq rəqsləri qrupları iştirak edəcəkdir.
“Novruz – Bahar Festivalı” çərçivəsində bu il də İçərişəhər Ənənəvi İncəsənət Mərkəzində (Böyük Qala küçəsi, 19 və Kiçik Qala küçəsi, 13 ünvanlarında) “master-klass”lar təşkil olunacaqdır.
Bayram tədbirləri çərçivəsində İçərişəhərlə yanaşı 20 mart tarixində “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da Novruz şənliyi keçiriləcəkdir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunacaq tədbirdə qonaqlar rəngarəng konsert proqramı, milli sənət ustalarının iştirakı ilə Novruzun ənənəvi rəmzləri olan şirniyyatların hazırlanması, xınayaxdı mərasimi, xalça toxumağı kimi tədbirlərdə iştirak edə biləcəklər. Tədbir zamanı qonaqlar həmçinin müxtəlif ölkənin mədəniyyətini əks etdirən tətbiqi sənət əsərləri, suvenirlər, açıqcalar, milli mətbəx nümunələri ilə tanış ola, Azərbaycan milli mətbəxinin bənzərsiz təamlarını dada biləcəklər. Müxtəlif xalqların adət-ənənəsini və özünəməxsusluqlarını ehtiva edən təqdimatlar yaşadığımız “Multikulturalizm ili”nə töhfə vermiş olacaq.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi xalqımızı Novruz bayramı münasibətilə təbrik edir, hər bir ailəyə bol ruzi, firavan həyat, gözəl bayram ovqatı arzulayır və hamını “Novruz – Bahar Festivalı” şənliklərində iştirak etməyə dəvət edir.