“O arzu yerinə yetmədən hansısa azərbaycanlının xoşbəxt olduğuna inanmıram”

“Hər bir azərbaycanlının həqiqi mənada xoşbəxtliyi o zaman olacaq ki, Azərbaycan işğal altında olan torpaqlarını azad edəcək, şəhidlərinin, qurbanlarının qisasını alacaq, üçrəngli bayrağımızı Xankəndində dikəcək və Şuşada qaldıracaq”

Bu gün Azərbaycanın xalq artisti Nurəddin Mehdixanlının doğum günüdür. Altmış iki yaşı tamam olan görkəmli səhnə ustası 1956-ci ildə Cəlilabad rayonunun Tahirli kəndində anadan olub.

Xalq artisti doğum günüylə bağlı arzularını bölüşüb:

“Təbrikiniz üçün çox sağ olun. Təbii ki, ötən illəri istədiyim kimi yaşaya bilmədim. Hansı insan həyatını istədiyi kimi yaşaya bilib ki? Sadəcə olaraq arzuladığın, bilmədiyin, səndən asılı olan və olmayan şeylər var. Doğum günüm mənim üçün adi günlərdən biridir. Yetmiş, səksən, doxsan yaş deyil, amma bilmirik hələ ki, neçə yaşa kimi yaşayacağıq. Bu, insanı tanıyan doğmaları və yaxınları üçün xüsusi əlamətdar bir gündür”.

Xalq artisti ən böyük arzusunun Qarabağa qayıtmaq olduğunu deyib:

“Qarşıda görmək istədiyim odur ki, həyat hər bir azərbaycanlının arzuladığı kimi olsun, mənim də övladlarım onun içində. Azərbaycan gəncləri arzularına yetsinlər, xoşbəxt olsunlar, işləri olsun, zəhmətlərinin bəhrəsini görsünlər. Mənə elə gəlir ki, damarında bu millətin qanı axan hər bir azərbaycanlının bir arzusu var, o da Qarabağa qayıtmaqdır. Arzu edirəm Qarabağda yenidən ocaqlarımız yansın, yollarımız çəkilsin, məktəblərimiz tikilsin. Mənim hərəkat dostum Nurəddin Xoca təbrik yazıb deyir ki, “Adaş, bir vaxtlar azadlıq yollarında birgə irəlilədik. Arzu edərdim ki, Qarabağda da yanaşı, ürəyimiz istədiyi kimi gəzib dolana bilək”. Görürsünüz ki, hər azərbaycanlının bir arzusu var. O arzu yerinə yetmədən, hansısa azərbaycanlının böyük mənada xoşbəxt olduğuna inana bilmərəm. Hər bir azərbaycanlının həqiqi mənada xoşbəxtliyi o zaman olacaq ki, Azərbaycan işğal altında olan torpaqlarını azad edəcək, şəhidlərinin, qurbanlarının qisasını alacaq, üçrəngli bayrağımızı Xankəndində dikəcək və Şuşada qaldıracaq. Ən böyük arzumuz budur”.

Moderator.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here