Ölkəmizin uğurları beynəlxalq təşkilatlar tərəfindən təqdir edilir

Müstəqil Azərbaycan dövləti hazırda özünün dinamik inkişaf dövrünü yaşayır. Ölkə Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi uğurlu daxili və xarici siyasət strategiyası reallaşdırıldıqca Azərbaycan iqtisadi sahədə ciddi uğurlar qazanır. Bunu cari ilin ötən dövrü ərzində əldə olunan nəticələr də təsdiqləyir. Doqquz ayda ölkədə ümumi daxili məhsul istehsalı 0,8 faiz, sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi 10,8 faiz, kənd təsərrüfatı isə 4,3 faiz artmışdır. AMEA-nın İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Aqil Eyvazov ölkəmizdə aparılan islahatlardan ətraflı danışdı və Prezident İlham Əliyevin rəhbərliyi altında əldə olunan uğurları yüksək qiymətləndirərək dedi:

– İlin üç rübündə ölkədə inflyasiya cəmi 2,6 faiz olmuş, əhalinin gəlirləri isə 9,5 faiz artmışdır. Yəni, əhalinin gəlirləri inflyasiyanı 3,6 dəfədən çox üstələmişdir. Bu göstərici özlüyündə Azərbaycanda makroiqtisadi sabitliyin təzahürüdür. Ən sevindirici fakt isə budur ki, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində hökumətin gördüyü tədbirlər nəticəsində 9 ay ərzində ölkə iqtisadiyyatına yatırılan 9 milyard dolların 5,6 milyard dolları və ya 62 faizindən çoxu qeyri-neft sektoruna yönəldilmişdir.

Bütün bu göstəricilər son üç ildə Azərbaycan hökumətinin apardığı islahatların nə qədər düzgün və səmərəli olduğunu bir daha göstərir. Milli iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin uğurla reallaşdırılması, ölkədə azad sahibkarlığın sürətli inkişafını təmin edən qərarların yerinə yetirilməsi beynəlxalq maliyyə qurumlarının və digər reytinq agentliklərinin də diqqətindən yayınmamışdır. Dünya Bankı və Beynəlxalq Valyuta Fondu kimi mötəbər maliyyə institutları tərəfindən Azərbaycanda aparılan islahatlar dəfələrlə yüksək qiymətləndirilmişdir. Bu günlərdə Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın ən çox islahat aparan ölkə elan olunması da təsadüfi deyil.

2015-ci ilin sonlarında dünya bazarlarında neftin qiymətlərinin kəskin ucuzlaşmasından sonra ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda aparılan islahatlara start verildi. Düşünülmüş və hərtərəfli iqtisadi islahatlar nəticəsində ölkədə tezliklə maliyyə sabitliyi və iqtisadi artım bərpa olundu. İqtisadiyyatın aparıcı sahələri olan kənd təsərrüfatı, qeyri-neft sənayesi və digər sektorlarda əhəmiyyətli irəliləyişlər əldə edildi. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq ölkədə sahibkarlığın daha da sürətli inkişafı məqsədilə biznes mühitinin bütün sahələri, o cümlədən biznesə başlama, tikinti üçün icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, vergilərin ödənilməsi, əmlakın qeydiyyatı, xarici ticarətin aparılması istiqamətində əlverişli şərait yaradıldı.

Bütün bu uğurlar, heç şübhəsiz, Azərbaycan Prezidenti cənab İlham Əliyevin güclü siyasi iradəsi və davamlı dəstəyi sayəsində əldə olunmuşdur. Ölkədə aparılan iqtisadi islahatlar həm də “Doing Business 2019” hesabatının bütün indikatorlarını əhatə etmişdir. Nəticədə 2017-ci il və 2018-ci ilin ilk 4 ayında təkcə bu hesabat üzrə 30-a yaxın normativ hüquqi akt qüvvəyə minməklə 70-dən çox islahat tədbiri həyata keçirilmiş və qeydə alınması üçün “Doing Business” komandasına təqdim olunmuşdur.

Dünyanın bu nüfuzlu reytinq agentliyinin hesabatında qeyd olunur ki, ölkəmizdə həyata keçirilən islahatlar Azərbaycanın ümumi reytinqdə yeni rekorda imza atmasına, əksər indikatorlar üzrə mövqeyinin daha üst səviyyəyə qalxmasına imkan yaratmışdır. Belə ki, 2018-ci il 31 oktyabr tarixində Dünya Bankı tərəfindən yayımlanan “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövlətləri siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunmuşdur.

Azərbaycanın mövqeyi ötən illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşmış, dünyanın bir çox ölkələrini geridə qoymuş və Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlmişdir. “Doing Business 2019” hesabatında deyilir: “Avropa və Mərkəzi Asiya bölgəsinə daxil olan Azərbaycan ən yaxşı təkmilləşdirmə göstəricilərinə malik 10 ölkə arasında və qlobal səviyyədə rekorda nail olaraq səkkiz sahə üzrə islahatlar aparmaqla, 2017-2018-ci illərdə biznes fəaliyyətinin daha da asanlaşdırılmasını təmin etmişdir.”
Əlbəttə, müstəqil Azərbaycan dövlətinin beynəlxalq arenada əldə etdiyi bu mühüm qələbə hörmətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi siyasətin alternativsiz olduğunu və aparılan islahatların cəmiyyətin bütün təbəqələrinin mənafelərini əhatə etdiyini bir daha təsdiqləyir.

“Xalq qəzeti”, 3 noyabr 2018-ci il

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here