RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Ölkənin ən mühüm mədəniyyət təsisatları ödənişsiz xidmət göstərəcək

822

25-27 sentyabr tarixlərində Azərbaycanda “Ümumdünya Turizm Günü” və “İrs Günləri” layihələrinin qeyd edilməsinə həsr olunmuş müxtəlif tədbirlər keçiriləcəkdir.
27 sentyabr tarixi Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının təşəbbüsü ilə hər il dünyada “Ümümdünya Turizm Günü” kimi qeyd edilir. Beynəlxalq ictimaiyyət arasında turizmin siyasi, sosial, mədəni və iqtisadi dəyərlərin inkişafında rolunu vurğulayan bu layihə ölkəmizdə də hər il qeyd edilir.
Eyni zamanda hər il sentyabr ayının sonu – oktyabr ayının əvvəlində ölkəmizdə “İrs Günləri” layihəsi keçirilir. Layihə maarifləndirici kampaniyalar, açıq qapı günləri, folklor gecələri, rəsmi açılışlar və etnoqrafik şənliklər formasında qeyd olunur. Layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişinin təmin olunması, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətinin cəlb edilməsi və milli mədəni irsin təbliğindən ibarətdir.
Azərbaycanda “Ümumdünya Turizm Günü” və “İrs Günləri”nin qeyd edilməsi ilə bağlı 25-27 sentyabr 2015-ci il tarixlərində ölkənin ən mühüm mədəniyyət təsisatları ödənişsiz xidmət göstərəcəkdir. Buraya Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət tarix-memarlıq qoruğu İdarəsinin tabeliyində fəaliyyət göstərən sonrakı mədəniyyət təsisatları daxildir:

•Milli Azərbaycan Tarixi Muzeyi;
•Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi;
•”Qobustan” Milli tarix-bədii qoruğu (Ümumdünya İrs Obyekti);
•Azərbaycan Milli İncəsənət Muzeyi;
•Azərbaycan Xalça Muzeyi;
•”İçərişəhər” Dövlət tarix-memarlıq qoruğu (Ümumdünya İrs Obyekti);
•”Qala” Dövlət tarix-etnoqrafiya qoruğu;
•”Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğu;
•”Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğu;
•”Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğu
•Qəbələ Dövlət tarix-bədii qoruğu;
•Kiş tarix-memarlıq qoruğu.

Hər il sözügedən layihələr bir çox dünya ölkəsində keçirilir və müəyyən olunmuş günlərdə ziyarətçilər üçün minlərlə abidələrə və tarixi yerlərə ödənişsiz giriş təmin edilir. Bu təcrübə ilə insanlar yalnız mədəni irsin zənginliyindən zövq almır, eyni zamanda indiki və gələcək nəsil üçün onların qorunmasına və vəziyyətinin yaxşılaşdırılması işlərinə fəal şəkildə cəlb olunur. Hər il təxminən 50 milyona yaxın insan bu təşəbbüsdən yararlanır. Layihələrin qeyd olunacağı günlərdə yuxarıda adları göstərilən mədəniyyət təsisatlarına 30 minə yaxın ziyarətçinin baş çəkməsi nəzərdə tutulur.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı