Ölkəmizin uğur örnəyi: AMEA MEK

Kitabxana haqqında danışıram bu dəfə. Həm də adi və sadə kitabxana deyil, çağdaş çağırışlara cavab verən, sağlam kollektivə sahib olan, nəinki kandarından içəridə, hətta dışarıda belə müsbət auranın adamı bir anda sardığı kitabxanadan.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sayılıb-seçilən, bənzəri olmayan bir elm məbədidir. Ölkə elminin ən nəhəng təmsilçilərinin yolu buradan keçir. Nəzərə alsaq ki, Azərbaycan yaxşı mənada iddialı dövlətdir və onun hər bir qurumu bu iddialarla ayaqlaşmalıdır, AMEA-nın heç də zamandan geri qalmadığını deyə bilərik. Bu qurum Sovetlərin inzibati amirlik idarəetməsindən çağdaş münasibətlər sisteminə keçmiş, özəlliklə də öz işində yeni çağırışlara uyğun tələblərə cavab vermək üçün tətbiqatlar gerçəkləşdirməkdədir.

Belə tətbiqatlardan biri, hətta deyərdim ki, ən önəmlisi AMEA Mərkəzi Elmi Kitabxanasıdır (MEK). Bu qurum yalnız bir kitabxana olmasıyla diqqətimi çəksəydi bəlkə də bu yazı olmazdı. Burada kitabxanadan ötə münasibətlər sistemi və işə yanaşma hətta məndə əlavə marağa səbəb oldu. Nəticə də odur ki, ötən həftə izn aldım, rica etdim ki, ümumiyyətlə kitabxana ilə şəxsimi yaxından tanış etsinlər.

Sağ olsunlar, xahişimi, gözlədiyim kimi, yerə salmadılar. Əksinə, həvəslə qəbul edib kitabxananın qapılarını üzümə açdılar. Qarşımda nadir və son dərəcə modern bir müəssisə, o müəssisənin rəhbərindən tutmuş ən adi işçisinə qədər çağdaş yanaşmaları mənimsəmiş bir kollektivi vardı.

Kitabxananın direktoru Leyla İmanova tanımayanlar üçün işçilərdən heç nə ilə fərqlənməyən sadə duruşu ilə, hər kəslə bərabər davranışıyla və işinə həqiqətən könül verən birisi kimi diqqət çəkir. Xahişimizi nəzərə alıb kitabxananın qurulması, hazırda gördüyü işlər haqqında ayrıntılı bilgi verir. Həm də bunu şövqlə edir. Dərhal anlaşılır ki, işinə uyğun bir kadrdır və bundan zövq alır. Sevir işini.


Leyla xanımdan öyrənirik ki, bu kitabxana oxucuların ixtiyarına tam olaraq 2015-ci ilin sentyabrında verilib. Açığı, belə qısa müddətə bu qədər populyarlıq qazanmaq, bu qədər sevilmək heç də mümkün görünmür. Amma faktdır. MEK bu gün Azərbaycanın ən öndə gələn kitabxanalarından biri, bəzən də birincisidir.

Öyrənirik ki, mövcud imkanlar daxilində kitabxana öz işini ən yüksək səviyyədə təşkil edib. Eyni zamanda o da məlum olur ki, bu müqəddəs ocaq sadəcə oxucu-istifadəçilərə oxu materialları təqdim etməklə qalmır. Həm də hər ay bir neçə ictimai əhəmiyyətli tədbir keçirir. Bu tədbirlərə ölkənin müxtəlif sahələrində çalışan şəxslər dəvət olunur, onların kitabxana ilə daimi ünsiyyəti təmin edilir. (Elə mən də bir neçə dəfə bənzər tədbirlərdə iştirak etmişəm. Marağım və təmaslarım da bunun nəticəsidir.)

Leyla xanımdan onu da öyrənirik ki, fəaliyyətə başlamasından qısa müddət keçməsinə baxmayaraq MEK nəinki Azərbaycanda, ölkədən kənarda da yetərincə əlaqələr qurub, özünü tanıdıb və tərəfdaşlar tapıb. Hətta ABŞ-ın Konqres kitabxanasına qədər gedib çıxıblar. Yəni MEK artıq beynəlxalq kitabxana şəbəkəsinə inteqrasiya olunub. Azərbaycanlı istifadəçilər istədikləri zaman MEK üzərindən bu şəbəkənin xidmətlərinə müraciət edə bilərlər və edirlər də.

Leyla xanım kitabxana haqqında məlumat verərkən ən çox diqqətimi çəkən Milli Rəqəmsal Yaddaş təşəbbüsü oldu. Açığı, çox nadir və gərəkli bir təşəbbüsdür. Mövcud şərtlər daxilində kitabxananın işçiləri Azərbaycanın informasiya daşıyıcılarını rəqəmsallaşdırır, onları nüsxələyir, qorunması üçün əlavə tədbirlər görür. Artıq minlərlə resurs rəqəmsallaşdırılıb və qorunma altına alınıb.

Ənənəvi kataloqlarla yanaşı elektron kataloqlar da tam gücüylə işləyir. Burada hansısa kitabı tapmaq, istifadə üçün əldə etmək nəinki dəqiqələr, hətta saniyələr içində həll edilir. Həm də bu işdə istifadəçilərə kitabxananın peşəkar və gülərüz, çevik işçiləri həvəslə kömək edirlər.

Leyla xanımın geniş bilgilərindən sonra kitabxananı gəzib görməyimiz üçün də şərait yaradıldı. Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova bu işdə yaxından yardımçı oldu. Həm də sadəcə müşayiətçi kimi deyil. Kitabxana haqqında dolğun bilgi sahibi kimi fondlar, ayrı-ayrı xidmət sektorları, onlardan istifadə qayda və imkanlarıyla tanış etdi bizi. Elə ilk andan anlaşıldı ki, Aygün xanım işinin peşəkarıdır, onu tam şəkildə mənimsəyib və özünü məhz bu sahədə tapmasından çox məmnundur.

Gəzdikcə, gördükcə özümü əvəzedilməz bir zənginlik içində hiss edirdim. Burada ən qədim kitab 1508-ci ilə aiddir. Bu nüsxə həm də Azərbaycanın bütün kitabxana sistemindəki ən qədim kitabdır. O kitabın da saxlandığı fondda qalaq-qalaq qədim kitabları görmək, onların aurasını hiss etmək ayrı bir zövqdür mənim üçün.

Hələ bu kitabxanada tədbirlərdə iştirak etdiyim zaman fürsətdən yararlanıb diplomatik guşəyə baş çəkmişdim. Buna baxmayaraq yenidən oranı görməyə məmnun oldum. Bilmirəm, başqa kitabxanalarda bu iş təşkil edilibmi, ya yox, amma burada çox yüksək səviyyədə, peşəkarcasına qurulub. Kitabxana Azərbaycanda akkreditə olunmuş xarici ölkə nümayəndəliklərini işbirliyinə cəlb edir, onlara öz ölkələrinə aid ədəbiyyatı təqdim etmək üçün şərait yaradır. Hazırda diplomatik guşədə bir çox ölkələrin səfirliklərinin hədiyyə etdiyi ədəbiyyat istifadəçilər üçün açıqdır.

Hə, onu da qeyd edim ki, Aygün xanım kitabxanada təşkil edilən sərgilərdən də danışdı, onları göstərib izah etdi. Burada daimi və gündəmə uyğun sərgilər təşkil edilir. Dahi şəxsiyyətlərin, ədəbiyyat adamlarının xatirə günlərində onların əsərləri 15 gün ərzində istifadəçilərə nümayiş olunur. Yaxud da yeni daxil olan ədəbiyyat sərgisi var. Kitabxanaya daxil olmuş yeni əsərlər də 15 gün ərzində ayrıca nümayiş etdirilir.

İstifadəçilərə əlavə texniki imkan və xidmətlər də təklif edilir ki, bu da zamanla ayaqlaşmaq baxımından təqdir olunasıdır.

Yeri gəlmişkən onu da əlavə edim ki, ayrı-ayrı bölmələrə-fondlara yanaşdıqca orada işləyənlər də eyni şövqlə bizi qarşılayır, gərək olduğunda suallarımıza cavab verirdilər.

Gəzdikcə, gördükcə təəssüratlarımın aşıb-daşdığı bir şəraitdə fikirlərimi-qənaətlərimi də ümumiləşdirməyə çalışırdım. Sadəcə tanışlıq üçün getdiyim kitabxana və gördüklərim haqqında bir yazı yazmaq üçün.

Kitabxanayla tanışlıq zamanı beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü də bizi müşayiət etdi, yeri gəldikcə həvəslə suallarımızı cavablandırdı.


Saat yarımlıq ziyarətim sonucu gəldiyim qənaət:

1. Kitabxana texniki və görüntü olaraq çağdaş çağırışlara tam uyğun tərtib edilib.
2. İşıqlıdır, genişdir, çevik davranmaq və xidmət üçün əlverişlidir.
3. Fondları zəngindir, əlçatandır, istifadəsi rahatdır.
4. Elektron xidmətlər yüksək səviyyədə təşkil edilib, yeni texnologiya və tətbiqatlar üçün axtarışlara açıqdır.
5. İstifadəçilərin dincəlməsi, yorğunluğunu atması üçün də geniş imkanlar təqdim edilir.
6. Rəhbər və işçilər (təbii ki, təmasda olduqlarımızı nəzərdə tuturam) öz işinə sevgiylə yanaşır, həmkarlar arasında münasibətlər bir iş yeri üçün ideal sayılacaq səviyyədədir.
7. Kitabxananın rəhbəri özünü işçilərdən ayırmır. (Söhbətlərdən də bəlli oldu ki, onların bu və ya digər problemlərinə daim həssas yanaşır.)
8. İşçilər səmimi münasibətdən sui-istifadə etmir, əksinə, daha məsuliyyətli davranmaq üçün yüksək nizam-intizam nümayiş etdirir.

Sonda gəldiyim ümumi qənaət bundan ibarətdir ki, AMEA MEK həm idarəetmə (rəhbər və kadrların düzgün seçilməsi), həm də texniki təchizat baxımından dövrlə ayaqlaşmağı bacarır. Bu yöndə dövlət siyasətinin həyata keçirilməsində isə hər iki amil olduqca vacibdir. Bu baxımdan həm də onu qeyd edə bilərik ki, AMEA rəhbərliyi, şəxsən prezidenti Akif Əlizadə bu qurumun məhz belə uğurlu alınması üçün düzgün seçib edib, bu siyasətini də davam etdirir. Açığı, könül istərdi ki, hər sahədə belə uğurlu kadr seçimi və sonrakı işin təşkili üçün şərait yaradılsın. Onda uğuru təmin etmək çox asan olur. AMEA MEK-də olduğu kimi.

Azər HƏSRƏT
[email protected]

Ölkəmizin uğur örnəyi: AMEA MEK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here