Ombudsman 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar bəyanat verib

Ombudsman 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar bəyanat verib

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova 1990-cı il 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar bəyanatla çıxış edib.
Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda bildirilir ki, yaddaşlara Qara Yanvar gecəsi kimi həkk olunmuş həmin qanlı tarix təkcə acılarla xatırlanmayan, həm şəhidlərin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqın birliyi, fəxr və şərəf günüdür: “Bakıya daxil olan silahlı qoşunlar milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 nəfər silahsız mülki şəxsi, o cümlədən yaşlıları, qadınları və uşaqları amansızcasına öldürüb, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 744 dinc, günahsız insan yaralanıb, yüzlərlə adam itkin düşüb, 841 nəfər qanunsuz həbs edilib. Yaralıları çıxaran təcili tibbi yardım maşınlarına və həkimlərə də atəş açılıb, nəticədə tibb işçiləri şəhid olub, yaralanıblar. Hətta yanvarın 20-də fövqəladə vəziyyət elan edildikdən sonra daha 21 nəfər öldürülüb”.
Bəyanat BMT-nin baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin insan hüquqları üzrə ali komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin Azərbaycandakı səfirliklərinə, diaspor təşkilatlarına göndərilib.

APA