Onlayn medianın iqtisadi problemləri – dövlət yardım ayıracaqmı

Əflatun Amaşov: “Nə qədər ki, medianın reklam bazarını formalaşdıra bilməmişik, onadək dövlətin yardımına ehtiyac var”
Son vaxtlar gündəmdə olan əsas məsələlərdən biri də onlayn medianın dövlət tərəfindən dəstəklənməsidir. Belə ki, bu mövzu daha öncədən müzakirəyə çıxarılsa da, neftin ucuzlaşması səbəbindən dövlət gəlirlərinin azalması, prosesin reallaşmasına əngəl yaradırdı. Hazırda isə dünya bazarında neftin qiyməti büdcədə nəzərdə tutulduğundan ən azı 30 dollar yüksəkdir.

Belə olan halda, iyun ayında Milli Məclisdə yeni büdcə müzakirələrinin keçirilməsi istisna edilmir. Bu zaman mediaya ayrılan dövlət yardımının tərkib hissəsi kimi, onlayn mediaya da yardım edilməsi səslənən təkliflər sırasındadır. Xüsusən də ölkə mediasının tanınmış simaları onlayn medianın dəstəklənməsini vacib sayır.

Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov yeni büdcə müzakirələri zamanı bu məsələni gündəmə gətirəcəyini bildirdi: “Yeni büdcə iyun ayından sonra müzakirə olunacaq. Bunun əsas səbəbi dünya bazarında neftin kəskin bahalaşmasıdır. 2018-ci ilin büdcəsində neftin qiyməti 45 dollardan götürülmüşdü, bu gün isə artıq Azərbaycan nefti 75 dollardan da baha satılır. Yeni büdcə müzakirə edilərkən çox güman ki, mediaya dövlət yardımının məbləği də artırılacaq. Məni daha çox narahat edən onlayn mediaya yardım ayrılmasıdır. Çünki hazırda bütün dünyada, o cümlədən Azərbaycanda ictimai fikrin formalaşması, informasiyanın operativ yayılması daha çox onlayn media vasitəsilə həyata keçirilir. Azərbaycanda 300-ə yaxın onlayn media orqanı mövcuddur. İndiki şəraitdə ölkəmizdə medianın iqtisadi vəziyyətində müəyyən problemlər var”.Ə.Amaşovun sözlərinə görə, reklam bazarı çox zəif olduğundan onlayn mediaya dövlət yardımının ayrılmasına zərurət yaranır: “KİVDF vasitəsilə çap mətbuatına yardım edilir. Lakin onlayn media bundan kənarda qalır. Mən hesab edirəm ki, eyni dərəcədə internet mediaya da dəstək olunmalıdır. Çünki onlayn medianın izləyiciləri daha çoxdur. Nə qədər ki, biz medianın reklam bazarını formalaşdıra bilməmişik, onların iqtisadi problemləri qalmaqdadır, o vaxta qədər dövlətin yardım ayırmasına ehtiyac var. Biz bu yolla həm də informasiya məkanımızın təhlükəsizliyini təmin etməliyik. Onlayn jurnalistika elədir ki, istənilən daxili və ya xarici qüvvə onları maliyyələşdirə bilər. Belə olan halda həmin internet resursu obyektivliyini itirə bilər. Belə halların qarşısını almaq üçün internet jurnalistika da dövlət yardımı almalıdır. Bununla bağlı mən Milli Məclisdə müzakirələr zamanı da fikirlərimi səsləndirəcəyəm”.Gündəlik Teleqraf” media qrupunun rəhbəri Aynur Camal da “Yeni Müsavat”a danışarkən bu məsələnin diqqətdə saxlanılmasının vacibliyini vurğuladı: “Bu, kifayət qədər aktual və müzakirəyə ehtiyacı olan bir məsələdir. Bizim həmkarlarımız da bu məsələni mütləq diqqətdə saxlamalıdırlar. Təəssüf ki, çap mediası təkcə Azərbaycanda deyil, bütün dünyada öz ömrünü başa vurmaqdadır. Ən tirajlı qəzetlər belə ömrünün qürub çağını yaşayır. ABŞ, Rusiya, Türkiyə kimi çoxsaylı əhalisi olan dövlətlərin mətbuat orqanları belə bu problemdən əziyyət çəkirlərsə, Azərbaycanda da print mediaya marağın azalması kifayət qədər anlaşılandır. Çünki onlayn media sürətlə həyatımıza daxil olub. Hər kəsin əlində mobil telefon var və bu cihaz vasitəsilə dünyanın istənilən nöqtəsində baş vermiş hadisədən saniyələr sonra xəbər tuta bilirik. Print media isə elədir ki, bu gün baş verən hadisələri növbəti gün çap edərək oxucularına məlumat verir. Bir gün sonra artıq o qəzetin yazdıqları oxucu üçün bütün hallarda maraqsızdır. Çünki o, bir gün əvvəl onlayn media vasitəsilə hadisədən hərtərəfli xəbər tutub. Bunun üçün köşkə gedib, pul xərcləyib qəzet almasına ehtiyac qalmır”.

Azərbaycan hökumətinin hər zaman medianın problemlərinə dəstək verdiyini deyən A. Camal bu məsələyə də diqqət ayrılmasını təklif etdi: “Dövlət başçısı jurnalistlərin istər şəxsi problemlərinə, istərsə də peşə fəaliyyəti ilə bağlı yaranmış çətinliklərinə qayğıkeş və həssas münasibət göstərir. Jurnalistlərin həyat şəraitinin yaxşılaşdırılması üçün tikilən çoxmənzilli binalardan tutmuş, KİVDF-nin yaradılmasına qədər Azərbaycan prezidentinin verdiyi bütün sərəncam və qərarlarda özünü göstərir. O baxımdan da mən hesab edirəm ki, artıq diqqət onlayn mediaya yönəldilməlidir. Bunun vaxtı nəinki çatıb, artıq keçir. Bizim çox ciddi şəkildə dövlətin dəstəyinə ehtiyacımız var. Bildiyiniz kimi, Azərbaycan bazarı elə bir bazardır ki, burada yüksək reklam gəlirlərindən danışmaq mümkün deyil. Şirkətlər onlayn media ilə reklam əməkdaşlığı etməkdə o qədər də maraqlı deyillər. Onlar diqqəti daha çox klassik televiziyalara verirlər. O baxımdan mən düşünürəm ki, dövlətin dəstəyi bizim üçün çox əhəmiyyətlidir. Ölkədə ictimai fikri yönləndirən onlayn mediadır. İnsanlar bütün informasiyaları onlayn mediadan alırlar. Onlayn media nə qədər güclü olsa, bu, dövlətin də, cəmiyyətin də xeyrinə olacaq. Necə ki, KİVDF vasitəsilə qəzetlərə dövlətdən maliyyə yardımı ayrılır, eynilə, hətta ondan daha artıq onlayn mediaya maliyyə dəstəyi verilməlidir ki, onlar öz fəaliyyətlərini, ölkənin informasiya siyasətini həyata keçirə bilsinlər”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here