“Ordumuzda ölüm göstəriciləri olduqca yüksəkdir” – Ermənistan parlamentində etiraf

Bu gün Ermənistan parlamenti “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanuna təklif edilən əlavə və düzəlişləri müzakirəyə çıxarmaqdan imtina edib.

Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, təklif olunan qanun layihəsi Ermənistan hərbçilərinin, xüsusən də 18 yaşı tamam olan kimi orduda xidmətə çağırılan gənclərin təcrübəsizliyinin aradan qaldırılması, döyüş hazırlığının yüksəldilməsinə istiqamətlənib və onların 1 illik hərbi hazırlıq müddətindən sonra Ermənistan ordusunda xidmətə çağırılmasını nəzərdə tutur.

Qanun layihəsinin müəllifi, “Çiçəklənən Ermənistan” partiyasından olan deputat Vahe Enfiacyan bu cür tədbirlərin təcrübəsizliyə görə və psixoloji cəhətdən hərbi xidmətə hazır olmayan gənclər arasında ölüm hallarının azalmasına kömək edəcəyini deyib.

“Bu qanun layihəsinin mahiyyəti ondan ibarətdir ki, gənclərimiz minimum 1 illik müvafiq çoxtərəfli hərbi hazırlıq kursun keçdikdən sonra orduda xidmətə başlamalıdırlar. Hesab edirik ki, 18 yaş hərbi xidmətə qəbul üçün olduqca gənc yaşdır. Bu məsələyə çox ciddi yanaşmalıyıq. Çünki ordumuzdakı ölüm hallarının göstəriciləri olduqca yüksəkdir. Xüsusən də, hərbi qulluqçularımız arasında intihar hallarının getdikcə çoxalması və əsgərlərimizin bir-birinə xəsarət yetirməsi sayının artması ciddi narahatlıq doğurur”, – deyə Enfiacyan bəyan edib.

Onun bu etirafı baş nazir Nikol Paşinyanın “Mənim addımım” blokundan olan deputatların xoşuna gəlməyib və nəticədə, qanun layihəsi müzakirəyə çıxarılmayıb. Paşinyanın bloku bunu belə izah edib ki, gənclərin 1 illik ilkin hərbi hazırlığı üçün Ermənistanın kifayət qədər maddi resursları yoxdur.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here