RESPONSIVE LEADERBOARD AD AREA
BAXIŞ BUCAĞI

Ortaq türkçə müzakirəsi: Hansı sözlərdən imtina edək?

37

Bir neçə il bundan öncə Azərbaycanda türk xalqları arasında ortaq ünsiyyət vasitəsinin-ortaq türkçənin yaradılması məsələsi müzakirə olunurdu.

Müzakirələrə Azərbaycan, Türkiyə, hətta Mərkəzi Asiya türkoloqları, dilçiləri də qoşulmuşdu. Müzakirələrdən bir neçə nəticə çıxdı. Bir qrup hesab etdi ki, süni dil yaratmaq doğru deyil, daha yayğın olan türkcələrdən biri ortaq ünsiyyət vasitəsi kimi istifadə oluna bilər. Türk dilləri içərisində daha yayğın olanı, daha inkişaf etmişi və dünyada daha çox tanınanı Türkiyə türkcəsidir. Vahid qərar olmasa da, əksəriyyətin fikri bu oldu ki, türk dili ortaq ünsiyyət vasitəsi ola bilər. Həqiqətən də türk dilinin imkanları Azərbaycan, özbək, tatar, qazax və digər türk dillərindən daha çoxdur. Bu imkanı Türkiyənin inkişaf etmiş serial biznesi, kino sənayesi daha da artırır. Son illər tarixi, məişət, tarix və digər mövzularda çəkilmiş türk serialları türk dövlət və toplumlarında, hətta Rusiyada, ərəb ölkələrində çox baxılır. Türkiyə türk dövlətləri və toplumlarında yayınlanan TRT- AVAZ adlı televiziya açıb. Bu televiziyanın da Türkiyə türkcəsinin təsir dairəsinin genişlənməsində böyük rolu var. Həqiqətən də yaxşı olar ki, türk xalqları arasında ortaq ünsiyyət vasitəsi rus dili yox, türk dili olsun. Ancaq bunun üçün Türkiyə türkçəsi digər türk dillərindən xeyli sözlər almalı, bununla da hamının anlaya biləcəyi dil yaranmalıdı. Sirr deyil ki, ötən əsrin 20-30-cu illərində Türkiyədə erməni mənşəli dilçi Akop Dilaçar islahatları nəticəsində türk dilinə xeyli əcnəbi sözlər daxil olub. Məsələn, pardon, mersi və s. Türk dilində əcnəbi sözlər orijinalda olduğu kimi yazılır. Türk əlifbasında w olmasa da tərkibində w olan sözlər işlənir. Son illər Azərbaycan türkcəsindən türk dilinə yeni sözlər daxil olub. Eləcə də türk dilində bizim türkcəyə yeni söz və ifadələr keçib. Bir sıra tərcüməçilər bildirir ki, Azərbaycan dilinin imkanlarını daha da artırmaq üçün türk dilindən 300-ə dək söz alınmalıdır. Son zamanlar Azərbaycan dilinə Türkiyə türkcəsindən olduqca uğurlu sözlər alınıb. Məsələn, günaydın (salam), qutsal (müqəddəs), sayğı (hörmət), dəstək vermək (yardım etmək), aday (namizəd), toplum (cəmiyyət), seçimlər (seçkilər), qutlamaq (təbrik etmək), aşağılamaq (gözdən salmaq, təhqir etmək), aşırı (həddindən artıq), keşkə (kaş ki), doğum günü (ad günü), idarə et (yola ver), takım (komanda, başqan (sədr), millət vəkili (deputat), qurum (idarə, müəssisə, təşkilat), hoca (müəllim), imam (molla), bilim adamı (alim), uzman (mütəxəssis), canlı yayım (birbaşa translyasiya), yazar (yazıçı), cizgi filmi (multiplikasiya filmi), bilgisayar (kompüter), telefon etmək (zəng etmək) və s. Ancaq təəssüf ki, bəzi yazarlar Azərbaycan türkcəsində anlaşılmayan söz və ifadələri də dilimizə gətirməyə, mediada, sosial şəbəkələrdə istifadə etməyə çalışır. Dövlətin bəkası, tərcih etmək, sil başdan, hadi ordan, sakin (sakit mənasında) və digər sözlərin işlənməsi fikimcə, uğursuzdur və özünə yaşam hüququ qazanmayacaq. Bu yaxınlarda bir tanınmış şəxs vəfat etmiş yaxını haqqında “çok sakin birisi idi” yazmışdı. Müəllif “sakit”, “təmkinli” bir şəxs idi yazmaq istəyib. Lakin bu ifadə uğursuzdur. Çünki sakin bizim dilimizdə o mənanı vermir. Biz bu sözü məsələn, “Bakı sakini”, “kənd sakini” kimi işlədirik.

“Filankəs filankəsə səsləndi: Hodri-meydan”. Bu da uğursuzdur. Fikrin təsir gücünü artırmır, əksinə azərbaycanlı oxucu bu sözü anlamaqda çətinlik çəkir. Halbuki bu cür yazmaq olardı: “Filankəs filan şəxsi debata çağırdı”. Bundansa dilimizdə arxaikləşmiş, hazırda işlənməyən söz və ifadələri yenidən şifahi və yazı dilimizə gətirə bilərik. Məsələn, bu yaxınlarda Qarabağ bölgəsində yaşlı bir insan “Niyə ünvanlı sosial yardım almırsız” sualıma belə cavab verdi: “Sənədləri uşaqlar topladı, lakin sonra ardınca düşmədilər. Məni də alı qoydular, özləri də etmədi”. Demək hazırda türk dilində işlənən “alı koymak” (yəni kənarlaşdırmaq, uzaqlaşdırmaq) ifadəsini işlətmək olar. Bundan başqa son zamanlar “qahmar çıxmaq” ifadəsi işlədilmir. Halbuki bu ifadəni yazı və şifahi dilimizdə yayğınlaşdıra bilərik. Bir neçə kəlmə də adlar barədə. Son 30 ildə Azərbaycanda çoxlu türk mənşəli adlar qoyulub. “Dədə Qorqud” eposundan gəlmə Tural, Aruz, Beyrək, Salur kimi ada və təxəllüslərə rast gələ bilərik. Altay, Elana, Günel, Günay, Sevil, Yaşar, Sevda, Ayan, Ayxan, Ərhun, Ərtürk, Sabutay və digər adların qoyulması çox yaxşıdı. Ancaq Türkiyə türklərində yayğın olan və bəzi hallarda mənası bilinməyən Arda, Cem, Aylin, Teoman, Vaqqas, Vedat və digər adların qoyulması fikrimcə, doğru deyil.

Elman Cəfərli

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı