Ötən il Mingəçevir Tarix Muzeyini 36 min turist ziyarət edib

Maddi-mədəniyyət nümunələrimizin, tarixi keçmişimizin təbliğində, bölgəyə səfər edən yerli və xarici turistlərə dolğun və hər tərəfli məlumatların çatdırılmasında Mingəçevir şəhər Tarix Muzeyi əməkdaşlarının əməyi böyükdür. Şəhərdə fəaliyyət göstərən mehmanxana, otel və istirahət mərkəzləri ilə bağlanan müqavilələrə əsasən həmi turizm obyektlərinin qonağı olan hər bir əcnəbi muzeydəki zəngin və qədim eksponatlarla əyani tanış olmaq şansı qazanır.

1968-ci ildə cəmi 50 eksponatla fəaliyyətə başlayan Mingəçevir şəhər Tarix Muzeyində hazırda 16 min ədəd eksponat sərgilənir. 1946-1953 cü illərdə arxeoloq-alim Saleh Qazıyevin rəhbərliyi altında Bozdağ silsiləsinin cənubunda, Kür çayının hər iki sahilində aparılan arxeoloji qazıntılar zamanı e.ə.III minillikdən XVII əsrədək ayrı-ayrı dövrləri əks etdirən 20 minə qədər maddi-mədəniyyət nümunələri aşkarlanıb. Eksponatların 50-si saxlanılmaqla digərləri tədqiqat üçün AMEA-nın Tarix İnstitutuna göndərilib. Elə həmin 50 ədəd eksponat əsasında da formalaşan muzeydə hazırda nümayiş etdirilən qədim flora və faunanı əks etdirən ekspozisiyalar, Mingəçevir SES-nin tikintisi ilə bağlı çəkilmiş fotoşəkillər və digər məişət əşyaları daha çox diqqəti cəlb edir. Muzeyin müasir Mingəçevir şöbəsində isə Azərbaycan demokratik respublikasının yaranmasından indiyə kimi ictimai-siyasi hadisələrdən bəhs edən ekspozisiyalar mövcuddur. Mədəniyyət ocağında quraşdırılan “aktiv ekran” isə tamaşaçıları virtual aləmə səyahətə dəvət edir.

Muzeyin əməkdaşı Nahid Musayev bildirib ki, “aktiv ekran” Mingəçevirə gələn qonaqların və turistlərin şəhər və muzey haqqında virtual səyahəti mənasına gəlir. “Hər bir izləyici gəlib muzeyimizdəki “aktiv ekran”da istədiyi hər hansı bir məlumatı əldə edə bilər. “Aktiv ekran”da şəhərimiz və muzeyimiz haqqında çox dərin və geniş məlumatlar var. Prezident İlham Əliyevin və ulu öndər Heydər Əliyevin həyatı, fəaliyyəti haqqında geniş məlumatlar var. Həmçinin, mədəniyyətimizin və turizmin inkişafı haqqında çox geniş məlumatlar verilir. Şəhərimizə gələn qonaqlar da “aktiv ekran”a böyük həvəs və maraqla yanaşırlar. Mingəçevirin orta məktəblərində təhsil alan şagirdlər muzeyə ekskursiya edərək şəhərin keçmişi ilə bağlı çoxlu məlumatlar əldə edirlər.

Muzeyin direktoru Nofər Məmmədəliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ötən il muzeyin 36 min tamaşaçısı olub ki, onlardan 2 mini əcnəbi vətəndaşlardır. Xarici turistlər daha çox qədim xalçalarla, e.ə. III minillikdə Mingəçevirdə sivilizasiyanın olduğunu sübut edən su ötürücü borularla maraqlanırlar. Xarici turistlərin isə ən çox diqqətini cəlb edən alman əsiri Villi Deeşin xalqımızın humanistliyi ilə bağlı qələmə aldığı xatirələridir.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here