Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 664 min dəfədən çox müraciət qeydə alınıb

Bu ilin iyun ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 664 min dəfədən çox müraciət olunub və bu, ötən ay “Elektron hökumət” portalına ümumi müraciətlərin 35,4 faizini təşkil edir. Nazirliyin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” “E-hökumət” portalında ən çox istifadə olunan xidmətlərdəndir. Əmək müqaviləsinin bağlanması və ya ona dəyişiklik edilməsi, yaxud xitam verilməsi barədə bildirişlərin elektron informasiya sistemində qeydiyyatdan keçirilərək rəsmiləşdirilməsi üçün fəaliyyət göstərən həmin xidmətə təkcə son bir ayda 317,6 min dəfədən çox müraciət edilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ötən ay nazirliyin “İş yerinə dair arayış” elektron xidmətindən 49,1 min dəfə, “Tibbi-sosial ekspert komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” elektron xidmətindən 34,6 min dəfə, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” elektron xidmətindən 31,4 min dəfə istifadə edilib. Həmin elektron xidmətlərlə yanaşı, “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” (24,5 min müraciət), “Sığortaolunanlara məlumatların verilməsi” (20,9 min müraciət), “Pensiya kalkulyatoru” (19,5 min müraciət) və digər elektron xidmətlərinə olan ictimai maraq getdikcə artır.

Ümumilikdə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 elektron xidməti “E-Hökumət” portalı vasitəsilə əhalinin istifadəsindədir və həmin xidmətlər nazirliyin fəaliyyət sahələri üzrə dövlət xidmətlərinin vətəndaşlara müasir əsaslar üzərində, məmur-vətəndaş təması olmadan şəffaf şəkildə təqdim olunmasına və əhalinin aidiyyəti qruplarına əlçatanlığının təmin edilməsinə imkan yaradır.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here