“Ovuc içi qədər xoşbəxtlik”: internat məktəbində ailə günü

“Ovuc içi qədər xoşbəxtlik”: internat məktəbində ailə günü

Mayın 18-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakıdakı 11 saylı İnteqrasiya təlimli internat məktəbində “Beynəlxalq Ailə Günü” ilə bağlı tədbir keçirilib. Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.

Virtualaz.org-un əməkdaşı xəbər verir ki, 11 nömrəli İnteqrasiya təlimli internat məktəbi 2016-cı ildə Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunub. Hazırda internat məktəbində 1108 nəfər şagird təlim-tərbiyə alır.

Təhsil müəssisəsinin direktor müavini Namiq Kərimov qonaqları internat məktəbi ilə tanış etdi. Yeni təmirdən çıxmış məktəb o qədər səliqəli görünür ki, uşaqların burada özlərini evlərindəki kimi hiss etdiklərinə şübhə etmirsən. Uşaqlarla tanış olduq, söhbət etdik, onlar müəllimlərin qayğısından və təhsillərindən danışdılar. Onu da qeyd edək ki, bu internat xüsusi statusludur, yəni onun yetirmələri fiziki və zehni cəhətdən geri qalan uşaqlardır. Əksəriyyəti ailə vəziyyətlərinin çətin olmasından, ya da valideynlərindən birinin olmaması ucbatından dövlətin himayəsinə sığınıblar.

Namiq Kərimov əməkdaşımızı maraqlandıran bəzi sualları cavablandırdı?

– Uşaqlar 11-ci sinfi bitirdikdən sonra taleləri necə olur?

– Sosial Müdafiə Nazirliyi tərəfindən kimsəsiz uşaqlar üçün yeni binalar tikilib. Keçən il 6 məzunumuz onlar üçün nəzərdə tutulan, Masazırda yerləşən “Gənclər” şəhərciyində mənzillə təmin olunub. Bütün uşaqlara bir otaqlı, hər cür avadanlıqla təmin olunmuş mənzil verilir və onlar işlə təmin ediliblər.

– Bəs ali məktəbə daxil olanlar olur?

– Bu il əvvəlki illərə nisbətən daha yüksək nəticələr əldə etmişik. Hətta bir şagirdimiz keçən il yüksək balla Polis Akademiyasına daxil oldu. Əməklə məşğul olan uşaqlar peşə məktəbinə yönləndilir.

– Hazırda internat məktəbində neçə uşaq var?

– Ümumtəhsil siniflərində 796, xüsusi siniflərdə isə 163 nəfər. Amma elə şagirdlər var ki, dərs saatı bitəndən sonra valideynləri gəlib evlərinə aparırlar. İmkansız ailələrin, yaxud valideynlərin birindən məhrum uşaqlar burada gecə də qalırlar. Demək olar ki, hamısı əqli və fiziki qüsurlu uşaqlardır.

Qeyd edək ki, bu gün internat məktəbində may ayı ərzində anadan olmuş 41 uşağa ad günü keçirildi. Tədbiri giriş sözü ilə açan internat məktəbinin direktoru Gülnarə Abdullayeva bldirdi: “Bu tədbir 10 May – Ulu Öndər Heydər Əliyevin 94-cü ildönümü və 15 May Beynəlxalq Ailə Günü münasibətilə keçirilir. Sabunçu rayonunda üç internat məktəbi var: 10 nömrəli Sanatoriya tipli, 11 nömrəli və valideyn himayəsindən məhrum olunmuş uşaqlar üçün 1 nömrəli. May ayında bu internatlarda ad günü olan 41 uşağı bir araya gətirdik və istəyirik ki, bir yerdə qeyd edək. Biz böyük bir ailəyik. Uşaqlarımızın hamısı dövlət tərəfindən himayə olunur”.

Tədbirdə uşaqlar öz istedadlarını nümayiş etdirdilər. Elə buradaca internat məktəbinin yetirmələrinin əl işlərindən ibarət sərgi təşkil olunmuşdu. Açığı, sərgidə nümayiş etdirilən rəsmlərin bu qədər gözəl olacağını gözləmək çətin idi.
Ad günü olan 41 uşaq üçün çox böyük tort hazırlanmışdı və hər bir uşağa məxsusi hədiyyə təqdim olundu.

Hədiyyə alan və tortun böyüklüyündən təəccüblənən uşaqların sevincini sözlə izah etmək çətindir. Onlar sadəcə olaraq xoşbəxt idilər…

http://virtualaz.org