Özbəkistanlı qonaqlar İsmayıllıda silsilə görüşlər keçirəcək

Aprelin 21-də Özbəkistanın Fərqanə Vilayətinin Riştan şəhəri, həmçinin Daşkənddəki “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti (ÖADC) rəhbərliyinin Azərbaycanın İsmayıllı rayonuna səfəri başlayır.

Xatırladırıq ki, ötən ilin dekabr ayında Azərbaycanın Özbəkistandakı səfirliyi və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) birgə layihəsi ilə Azərbaycanın İsmayıllı rayonunun nümayəndə heyəti Riştan şəhərində səfərdə olub, bir sıra görüşlər keçirilib, tərəflər arasında qardaşlaşma haqqında saziş imzalanıb.

Qeyd edək ki, sazişə əsasən tərəflər elm, təhsil, mədəniyyət, səhiyyə, idman, turizm və qarşılıqlı maraq doğuran digər məsələlərdə əməkdaşlıq münasibətlərinin qurulması istiqamətində iş aparacaqlar.

AMM-dən AZƏRTAC-a verilən məlumata görə, səfərdə məqsəd tanışlıq, ikitərəfli əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsi, birgə layihələrin reallaşdırılmasından ibarətdir.

Aprelin 25-dək davam edəcək səfər çərçivəsində nümayəndə heyəti ilə İsmayıllı rayon icra hakimiyyətində görüş keçiriləcək, əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Nümayəndə heyətinə İsmayıllının tarixi, mədəniyyəti, turizm imkanları haqqında məlumat veriləcək, onların Lahıc, Basqal, İvanovka qəsəbələrinə gedəcək, xalça fabriki, rayondakı velosiped istehsalı zavodu, Hacıhətəmli və Talıstan turizm komplekslərində olacaqlar.

Özbəkistan nümayəndə heyətinə bu ölkə Nazirlər Kabinetinin yanında Xarici Ölkələrlə Dostluq Əlaqələri və Millətlərarası münasibətlər Komitəsinin İdarə rəisi Feruz Bekov, ÖADC-nin icraçı direktoru, professor Erkin Nuriddinov, Riştan şəhərinin hakimi (mer) Tavakalcon Raximov, müavini İslam Madaminov və digər şəxslər daxildir.

Səfər zamanı özbək mədəniyyəti, incəsənətinə dair təqdimat mərasiminin keçirilməsi, tanınmış özbək makom ustası, xanəndələr Davron Kadırovun, Beqali Abduvaliyevin çıxışları, Riştan şəhərindən gətirilən əl işləri-kermamika məhsullarının sərgisi nəzərdə tutulub.

Özbəkistanın şərqində yerləşən Rişton şəhəri Böyük İpək Yolunun üzərində, Fərqanə vadisinin ən qədim şəhərlərindən biridir. Qədim dövrlərdən bəri Orta Asiyadakı nadir şüşə, keramika istehsalı üçün böyük mərkəz kimi tanınan Riştanın tarixi bizim eranın II əsrinə təsadüf edir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here