Paradoksal cəmiyyət

Paradoksal cəmiyyət

Fəridə Həmidzadə
BDU Tarix Fakültəsinin 4-cü kurs tələbəsi

Uzun müddətdir cəmiyyətdə müşahidə etdiklərim məni bu məqaləni yazmağa vadar etdi. Eşitdiklərimlə gördüklərim bir-birindən kəskin fərqlənir və bunun cavabının nədə olduğunu hələ də tapa bilməmişəm. Yaşadığımız cəmiyyətdə hər kəsin öz maraqları, öz dünyagörüşü var. Bu fərd olaraq hər birimizin oxuduğumuz kitabdan tutmuş, dinlədiyimiz musiqiyə, güldüyümüz yumora qədər uzun bir məsafə qət edir. Lakin, fərqli dünyaların insanlarının bir ortaq nöqtəsi var. Bu ortaq nöqtəyə deyilən sözlərlə edilən hərəkətlər aiddir. Daha doğrusu sözlərlə əməllərin tərs mütənasibliyi.

İnstagramda müəyyən qrup insanlar var ki, özlərini “stilist”, “müğənni” və ya digər demək istəmədiyim ifadələrlə adlandırıb, əsasən psixoloji durumunda problemi olan (ya da problemi varmış kimi özünü aparan) və yaxud həyatında baş verən hansısa çətinliyin öhdəsindən gələ bilməyib elə orada ilişib qalan şəxslər hesab edilirlər. Bu şəxslər hər kəs tərəfindən təhqirlərə məruz qalır, gördüyüm hər on nəfərdən səkkizi onlara nifrət etdiyini deyir. Qısa araşdırma apararaq həmin şəxslərin instagram profilini gözdən keçirirəm.

Bu da nəticə. Təhqirlərə məruz qalan, xalqın nifrətini guya ki, qazanmış şəxslərin izləyici sayı.
Bəs onları izləyən kimlərdir?! Elə təhqir edən şəxslərin özü. İnsan bəyənmədiyi kəsi niyə izləyib təhqir etsin ki?! Sonda isə bütün bu mənfi şərhlərdən bezən isteroid “məşhurlarımız” onu təhqir edən şəxsin profilini “screen” edib öz hesabında paylaşaraq “Bu filankəsi tanıyın!!!” başlığı altında ölkəyə car çəkir. Axı niyə onlardan belə hərəkəti özünüzə qəbul etdirirsiniz? Onların kim olduğunu ölkə olaraq çox gözəl bilirik. Niyə onları izləyərək “follower” saylarını 200.000, 300.000, 500.000 edib, sonra nifrətinizi bildirib, “comment”lərdə təhqir edərək onların profilində “məşhur” olursunuz?!

 

Bu da tariximizə, ədəbiyyatımıza və incəsənətimizə xidmət edən səhifələrin izləyici sayı. “Maraqsız”adlandırdıqları, görməzdən gəldikləri paylaşımlar. “Niyə bu tip paylaşımlar sizi maraqlandırmır?” sualını verdikdə “Biz onsuz da bunları bilirik” cavabını verirlər. Sanki, bayaqdan haqqında danışdığım o “stilist”, “müğənni” adı verilən əxlaqsızlardan öyrənəcəkləri çox şey varmış kimi… Niyə görə cəmiyyət dərk etmək istəmir ki, Mirzə Cəlili, Üzeyir Hacıbəyovu və digər tarixi şəxsiyyətləri dərk etməyə nə ömrümüz yetə bilər, nə də ki elmimiz…
Bəlkə də Mirzə Cəlil bilsəydi ki 100 il sonra ona olan maraq ucuz şəxslərdən daha az olacaq.. Bəlkə də… Yox, məncə o yenə də “Ölülər” pyesini yazar və Şeyx Nəsrullahı ifşa edərdi… Yaxud Üzeyir bəy bu gün himnimizin sözlərini oxuyarkən səhvlər edən gənclərimizi görsəydi belə yenə də o möhtəşəm himni Əhməd Cavadla birgə hazırlamaqdan vaz keçməzdi…

 

Bu günlərdə daha bir hadisənin şahidi oldum… Çox istedadlı opera ifaçımızın TV kanalların birində gənclərə arabesk mahnılar öyrətdiyini gördüm. Mühakimə etmək də olmur… Neyləsin? Cəmiyyətin tələbatı bu mahnılaradır. Professional musiqilərə deyil. Onları möhtəşəm əsərlər, simfoniyalar, operettalar deyil, mənasını heç kəsin anlamadığı “mahnı” adlandırılan 3-4 sətirlik cümlələr və o cümlələrə uyğunlaşdırılan bəsit “musiqilər” maraqlandırır. Həqiqət isə budur – əyər bu gün opera ifaçımız arabesk oxumağa məcburdursa bu bizim cəmiyyətimizin nə dərəcədə acınacaqlı vəziyyətdə olduğunun bariz sübutudur…