Paytaxt məktəblərində bayram şənlikləri

Ümumi təhsil müəssisələrində Novruz bayramı ilə əlaqədar təntənəli mərasimlər keçirilib.

Belə ki, paytaxt məktəblərində “Gəl, Novruzum”, “Novruz töhfələri”, “Novruz gəlir, yaz gəlir”, “Novruz adətlərimiz”, “Yurdumuza yaz gəlir”, “Səməni saxla məni”, “Novruz xalq bayramıdır” və digər müvafiq mövzularda tədbirlər, ədəbi-bədii kompozisiyalar, “Dəyirmi masa”lar, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil edilib. Həmçinin bir sıra məktəblərin pedaqoji kollektiv üzvləri və şagirdləri hərbi hissələrə, uşaq evlərinə səfərlər edib, imkansız ailələrə bayram sovqatı aparıblar.

Bundan əlavə, təhsil müəssisələrində Novruz bayramı münasibətilə divar qəzetləri, stendlər və guşələr, bülletenlər hazırlanıb, müxtəlif nominasiyalar üzrə müsabiqələr təşkil olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi əməkdaşlarının, yerli icra qurumlarının, ziyalıların, şair və yazıçıların, məktəblərin pedaqoji kollektivi, valideyn və şagirdlərin iştirak etiyi tədbirlərdə xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi, su, od, yel və torpaq çərşənbələrinin mahiyyəti, Novruz atributları haqqında şagirdlərə geniş məlumat verilib. Bildirilib ki, bu bayramın qədim adət-ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir. Bolluq, xeyirxahlıq, gözəllik və humanist ideyalar bayramı olan Novruzun dünyadakı bütün azərbaycanlılar tərəfindən qeyd edilməsi milli birliyin nişanəsidir.

Tədbirlərdə milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyi şagirdlərin diqqətinə çatdırılıb.

Bayram şənliklərində şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edib, şeirlər səsləndirib, maraqlı səhnəciklər nümayiş etdiriblər. Şagirdlərin ifasında milli rəqslər, xalq oyunları, Keçəl və Kosanın məzəli əhvalatları, Bahar qızının gəlişi tədbirlərə rəngarənglik qatıb.   

Sonda bayram tonqalı qalanıb, məktəblilər tonqal ətrafında yallı gediblər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here