Paytaxt məktəblərində “Bilik günü” ilə bağlı tədbirlər keçirilib

Bu gün paytaxtın ümumtəhsil məktəblərində “Bilik günü” qeyd olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, tədbirlərdə bu qurumun əməkdaşları, yerli icra hakimiyyəti orqanlarının, ictimaiyyətin nümayəndələri, sabiq məzunlar, əmək veteranları, tanınmış təhsil və incəsənət xadimləri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə müəssisə rəhbərləri yeni tədris ilində qarşıya qoyulan məqsədlərdən, təhsil sahəsində aparılan islahatlardan danışıb, məktəb məzunlarının qəbul imtahanlarındakı uğurlarından bəhs ediblər.

“Bilik günü”ndə iştirak edən BŞTİ-nin nümayəndələri və qonaqlar yeni dərs ilinin başlanması münasibətilə məktəbliləri, valideynləri və müəllimləri təbrik edib, onlara uğurlar arzulayıblar.

Sonra məktəblilərin iştirakı ilə mahnılar və rəqslərdən ibarət konsert proqramı təqdim olunub.

Tədbirlərdən sonra 5 günlük tədris həftəsi tətbiq olunan məktəblərdə şagirdlər, xüsusilə də birinci sinfə gedənlər müəllimlərlə görüşüb, sinif otaqları, dərs cədvəli ilə tanış olub, siniflərin növbəliliyi barədə məlumatlandırılıblar. Altıgünlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərdə isə dərslərə cədvəl üzrə bu gündən başlanılıb.

Qeyd edək ki, yeni tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində ümumilikdə, 442.147 şagird təhsil alacaq. BŞTİ-nin tabeliyindəki ümumtəhsil məktəblərinin birinci sinfində 48.000-dən çox, IX sinfində 30.139, X sinfində 21.102, XI sinfində 20.379, XII sinfində isə 690 şagird təhsil alacaq.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here