Paytaxt məktəblərində Gənclər Günü silsilə tədbirlərlə qeyd olunub

Paytaxt məktəblərində 2 fevral – Gənclər Günü münasibətilə silsilə tədbirlər keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildiriblər ki, bu qurumun tabeliyindəki ümumtəhsil müəssisələrində Gənclər Günü ilə əlaqədar konfrans, “dəyirmi masa”, “açıq dərs”, mühazirə və seminarlar, həmçinin elm, idman və digər sahələrdə uğur qazanmış gənclərlə məktəblilərin görüşləri təşkil olunub.

Tədbirlərdə şagirdlərə məlumat verilib ki, ümummilli lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, hər il fevralın 2-si ölkəmizdə Gənclər Günü kimi qeyd olunur. Əsası Ulu Öndər tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının rəhbərliyi ilə ölkədə gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradılıb.

Tədbirlərdə şagirdlərə, həmçinin zərərli vərdişlərdən uzaq durmaq, elmə yiyələnmək, idmanla məşğul olmaq, eləcə də dövlətçiliyimizin möhkəmlənməsinə çalışan, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıran, mədəni-mənəvi irsimizi təbliğ edən fəal gənclər sırasına qatılmaq tövsiyə olunub.

Müxtəlif sahələr üzrə nailiyyətlər əldə etmiş gənclər də dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışıb, uğur qazanmağın yollarından söz açıblar.

Tədbirlərdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Təhsil müəssisələrində Gənclər Günü ilə əlaqədar sərgi, müsabiqə və idman yarışları da təşkil olunub. Müsabiqə və idman yarışlarının qalibləri diplom və medallarla mükafatlandırılıblar.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here