Pedaqoji Universitetdə Mustafa Kamal Atatürkün xatirəsi anılıb

Noyabrın 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Türk Tələbə İdarə Heyətinin təşkilatçılığı ilə türk dünyasının böyük oğlu və məşhur hərbi-siyasi xadimi Mustafa Kamal Atatürkün anım gününə həsr edilmiş tədbir keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Mustafa Kamal Atatürkün və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Yunis Əmrə İnstitutunun rəhbəri Cihan Özdəmir bildirib ki, Mustafa Kamal Atatürk XX əsrdə dövlət quran böyük öndərlərdən biridir. O, siyasi baxımdan çox çətin və mürəkkəb vəziyyətdə fəaliyyət göstərib. Osmanlı dövlətinin səylərinə baxmayaraq, ölkə xarici və daxili təzyiqlər, eləcə də Birinci Dünya müharibəsinin nəticələrinə görə çox acınacaqlı durumda idi. Mustafa Kamal Atatürk belə bir şəraitdə xalqı səfərbər edərək milli mübarizəyə başlayıb. Bu mübarizədə ona cəmiyyətdə tanınan, hörmət bəslənilən ziyalılar dəstək veriblər. Heç bir beynəlxalq gücün hegemonluğunu əsla qəbul etməyən, yalnız xalqın iradəsinə, gücünə, mətinliyinə, fədakarlığına, qəhrəmanlığına arxalanan Mustafa Kamal Atatürk bu mübarizəni qələbə ilə başa çatdırıb.

Tədbirdə Mustafa Kamal Atatürklə bağlı videoçarx nümayiş etdirilib.

Türk Tələbə İdarə Heyətinin sədri Hakan Köse qeyd edib ki, türk gəncliyi Mustafa Kamal Atatürkün ideallarına sadiqdir və onun qurduğu dövləti yaşatmaq, daha da gücləndirmək əzmindədir.

Tədbir bədii hissə ilə davam edib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here