Pekində Xarici Dillər Universitetlərinin Qlobal Alyansı təsis edilib

Pekində Xarici Dillər Universitetlərinin Qlobal Alyansının təsis iclası keçirilib. Azərbaycan Dillər Universitetinin də təmsil olunduğu bu alyansın fəaliyyəti beynəlxalq səviyyədə xarici dillər universitetləri arasında əməkdaşlığın və təcrübə mübadiləsinin inkişafına yönələcək.

Pekin Xarici Dillər Universitetində keçirilən təsis yığıncağında dünyanın 20-yə yaxın ölkəsindən 30 universitet təmsil olunub. Alyansın yaradılmasının əsas məqsədi xarici dillər universitetləri arasında əməkdaşlıq üçün platforma yaratmaq, tələbə və müəllim mübadiləsini, birgə elmi tədqiqat işlərinin aparılmasını təşkil etmək, təhsil proqramlarının dünya əmək bazarının tələblərinə uyğun nizamlanmasına dəstək olmaqdır. Alyans həyata keçirəcəyi müxtəlif layihələrlə üzv ölkələrin xalqları arasında mədəni və təhsil əlaqələrinin inkişafına yardım edəcək.

İclasda qeyd olunub ki, mütəmadi formada keçiriləcək forum, seminar və elmi simpoziumlarda müxtəlif istiqamətlər üzrə müzakirələr təşkil ediləcək, aparılan birgə tədqiqatların nəticələri təhlil olunmaqla yeni təhsil modelləri yaradılacaq.

Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev ölkəmizdə ali təhsilin inkişafına dair dövlət strategiyası haqqında danışıb. Bildirib ki, Azərbaycanın ali təhsil proqramları ən müasir beynəlxalq təcrübəni tətbiq etməklə daim inkişafdadır.

Professor Ə.Abdullayev Azərbaycanın bu cür beynəlxalq alyanslarda fəal iştirakının ölkəmizin ali təhsil ocaqlarının beynəlxalq əlaqələrinin genişlənməsinə şərait yaradacağını deyib.

Tədbir çərçivəsində təhsildə qlobal idarəetmə və regionşünaslıq forumu, müxtəlif mövzularda panel iclasları təşkil edilib.

AZƏRTAC