Piboztəpə antik dövr nekropolunda 27 qəbir tədqiq olunub

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Lerik rayonunun Gürdəsər və Kiravurd kəndlərinin inzibati ərazisinə daxil olan abidələrdə antik dövr üzrə Lerik arxeoloji ekspedisiyasının apardığı tədqiqatlar başa çatıb.

AMEA-dan bildirilib ki, arxeoloji qazıntılar zamanı Gürdəsər kəndinin inzibati ərazisinə daxil olan Piboztəpə antik dövr nekropolunda 27 qəbir tədqiq olunub. 2012-ci ildən ərazidə başlanmış arxeoloji tədqiqatlar nəticəsində Piboztəpədə indiyədək ümumi 190 qəbir aşkar olunub ki, bunlardan 170-i antik dövrə aiddir. Qəbirlər səciyyəvi cəhətlərinə görə eramızdan əvvəl V-III əsrlərə aiddir. ABŞ-ın elmi laboratoriyalarında aparılmış radiokarbon analizlərin nəticələri də bu tarixi təsdiqləyir.

Antik dövr üzrə Lerik arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminli bildirib ki, aşkar olunmuş məzarlar müxtəlif formadadır. Qəbirlərdəki ölülər bükülü vəziyyətdə, sağ və ya sol böyürləri üstə dəfn ediliblər. Dəfn edilənlərin yanlarında silahları, qılıncları, bıçaqları və nizələri qoyulub. Bundan əlavə, qəbirlərdə müxtəlif bədii tərtibatlı saxsı qablar da aşkarlanıb. Bu saxsı qabların bəziləri heyvan formasındadır ki, bu da xüsusi ayinlərlə əlaqədardır. Dəfn olunanların üzərindən şəxsi əşyaları, tunc və gümüşdən bəzək əşyaları, müxtəlif tərkibli muncuqlar da tapılıb.

C.Eminli əlavə edib ki, 2016-cı ildən antik dövr üzrə Lerik arxeoloji ekspedisiyasına amerikalı mütəxəssislər də dəvət olunub. Artıq üçüncü ildir ki, ekspedisiya beynəlxalq statusda fəaliyyət göstərir. Xarici mütəxəssislər insan və heyvan sümüklərinin araşdırılması üzrə antropoloji tədqiqatlar və ətraf ərazilərdə abidələrin varlığını müəyyən etmək üçün xəritələşmə işləri aparırlar.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here