Pozitivlik xoşbəxtlikdir

“ Pessimist hər imkanda çətinlik; optimist isə hər çətinlikdə işıq yolu görər”. Çörçill

Mən həyatımın hər aspektində pozitiv insanlar görmək istəyirəm. Bu, əlbəttə ki, o qədər də asan deyil.

Hamımızın həyatı bəzən pozitiv olmağı çətinləşdirən maneələrlə dolu olur.

Lakin, pozitiv olmağı seçmək mənə istədiyim insan olmaq baxımından yardım edir. Hətta hər şey çətin olsa da, bilirəm ki, pozitiv olmaq və olduğum vəziyyət nə olur olsun əlindən gələni etməyə çabalamaq həqiqətən də həmin situasiyaları asanlaşdırır. Qələbə hissindən gözəl nə ola bilər ki?

Pozitivliyə həyatın müxtəlif aspektlərində  qısaca nəzər yetirək.

Böyük bir auditoriyaya daxil olduğunuzu düşünün, nəzərlər üzərinizdə. Kim barənizdə nə düşünür bilmirsiz. Sadəcə baxırlar. Yaxud da hərə öz işindədi, sadəcə siz elə düşünürsünüz. Yerinizə keçib əyləşirsiz, ətrafınıza boylanırsız  və daha kimlərinsə nəzərinin üzərinizdə olmadığını görürsüz. Daha heç kim sizə baxıb öz aralarında danışmır. Daha? Yox, elə heç kim sizə siz fikirləşdiyiniz kimi nəzər yetirməmişdi əvvəldən, onsuz. Hərə öz işində idi. Tanımadığınız yer və insanların təzyiqi sizi boğmuşdu. Onların yaratdığı təzyiq yox, sizin onlarda oluğunu düşündüyünüz təzyiq. Kiminsə sizə nəzər yetirməsi niyə sizi narahat etməlidir ki həm? Niyə kimsə tənqid edərcəsinə baxsın ki?  Yaxşıya köklənmək daha yaxşı olmazdı? Gəlin başqa tərəflərdən baxaq bu məsələyə.

Tutaq ki, libasınız çox da baxımlı deyil, hətta bu auditoriya üçün olduqca pisdir. O səbəbdən insanlar sizə baxıb “aaaa bu niyə belə geyinib?” deyirlər. Həmin libas isə sizin ən sevimli libasınızdır. Hər defə sevə-sevə geydiyiniz paltarınız gülüş mənbəyi imiş, sən demə. Hər kəsə “sənə nə var?” demək gəlir içinizdən. Bunu etməyiniz isə sizi daha da gülünc vəziyyətdə qoyacaq. Bir halda ki, sizin sevdiyiniz geyiminizdi niyə də utanasınız ki? İçdən gələn gözəlliyin çölə çıxmaması mümkündürmü? Niyə də çıxmasına imkan verməyəsiz ki? O libasın içində necə xoşbəxt olduğunuzu hamıya göstərin. Görmək istəməyən görməyəcək, onsuz. Görməyi bacaran isə pisin içində belə yaxşı axtaracaq dərhal. Paltarın içində utanıb sıxılmaqdansa onu necə sevdiyinizi xoşbəxt görünərək, gülümsəyərək göstərin. Qoyun bütün mənfilər sizin müsbətinizin içində itib batsın. Sadəcə sevin və sevginizə güvənin, sizə bəxş etdiyi sevinc hissinə güvənin. Və beləcə pis heçnəyi duymayacaq və görməyəcəksiniz. Hər şəyin keçib gedəcəyinə, bir gün hər şeyin unudulacağına inanın. İnanmasaz belə, onsuz, bu baş verəcək. Siz özünüzü sevin, bu yeter. Kimin nə dediyinə fikir verib məyus olmaqdansa, özünü olduğu kimi qəbul etmək daha yaxşı olmazdımı? Elə sev özünü, elə dəyərləndir, elə uca tut ki, kimsə sən barəndə hökm çıxarmağa çəkinsin. Sadəcə, boş ver.

Pisi belə yaxşı kimi qəbul edin. Niyə baxırlar sənə? Geyimin uyğun deyil ona görə? Əlbəttə ki, sən elə düşünsən elə də olacaq. Baxırlar, çünki sən gözəlsən, sən onları yaxşı görünməklə cəzb edirsən. Baxmaqları baxmamaqlarından daha yaxşıdı, ən azından fərqlisən. Və fərqlilik gözəldir, bunu isə hamı bacarmır. Libas sadəcə bir misal idi, bunu qoyaq kənara.

Nəyisə dəyişdirmək əvəzinə niyə olduğu kimi qəbul etmirsən? Real olmayan, suni yaratdığın xoşuna gələcəkmi? Məncə, yox. Əlbəttə dəyişdirsən lap yaxşı. Amma əgər bacara bilsən. Onu da deyim ki, insan istəsə edə bilmiyəcəyi heçnə yoxdur. Sadəcə elə şeylər vardır ki, onları olduğu kimi qəbul etmək daha yaxşı olardı. Kiminsə səni dəyişmək istəməsi xoşuna gəlməzdi, odur ki, birini dəyişmək istəyirsənsə özünü və düşüncəni dəyiş. Yaradılmış hər şey gözəl və mükəmməldir. İlk əvvəl baxışını dəyiş, hər şeyi gözəl görməyə çalış. Necə? Niyə? Çünki başqa çarən yoxdur, ya qəbul edəcəksən, ya ömrünün sonunacan dəyişməyi arzu edəcəksən. Bəlkə də dəyişərsən, ya da dəyişdirərsən, amma dəyişdiyin xoşuna gəlmiyəcək. Ətrafına gözəl baxsan heç nəyin dəyişdirilməyə ehtiyacı olmadığını, onsuz da gözəl olduğunu görəcəksən.

Mübarizə apar nə isə üçün, məqsəd qoy qarşına, arzula. Əlindən gələni et. Qaç, addımla, yıxıl, sürün. Onsuz istədiyin, xəyal etdiyin hər şey sənindir. Amma əldə edə biləcəyinə inandığın şey üçün mübarizə apar, dayanma. Çata bilməyəcəklərin üçün isə özünü yorma. Kimsə üçün mübarizə aparma, yox  əgər o da sənin üçün mübarizə aparırsa, onda dayanma. Yox tık yoxdusa, yaxud yarımçıqdısa, olduğun yerdə qal və bu işdən yayınma yollarını düşün.

Niyə səni yoran şeylərdən ötrü mübarizə aparırsan? Axarına buraxmaq daha yaxşı olmazdımı? Sən hamıdan qiymətlisən, odur ki, dəyməz. Mübarizə apar o şeydən ötrü ki, sənin mübarizənə dəymiş olsun. Səni səndən alacaq, səni özünün gözündə kiçildəcək, özgüvənini sarsacaq bir şey üçün mübarizəyə dəyməz. Kimisə qazanmaq olmur, istiyən sakitcə özünü təslim edər sənə.

Qaraqabaq, daima gileylənən, hər şeydən narazı olan, nə insanları, nə də özünü sevməyən insan düşünün. Onunla bir yerdə olmaq istərdinizmi və ya nəyisə paylaşmaq? Əlbəttə ki, yox. Heç mən də istəməzdim. Maraqlı olmağa çalışın. Hətta sevgilisi maraqlı olmadığı üçün ayrılanlar da olur, nəzərə alın. Bunu bəzən ciddi danışmaqla, bəzən zarafat etməklə, bəzən sakitcə dayandığınız halda, bəzən həddindən çox danışmaqla edin. Hamısını eyni anda edin. Bütün keyfiyyətlərinizi göstərməyə çalışın. Ağlayan zaman qəfildən gülümsəyin. Bu qarşındakını həm çaşdıra, həm də sizdən təsirlənməsinə səbəb olacaq. İmtina edilə bilinməyən birinə çevrilin. Həm əl içində olduğunuzu, həm də əlçatmaz olduğunuzu hiss etdirin. Bütün bunları edərkən gülümsəməyi də unutmayın. Gülüş çox şeyə qadirdir. Ən sərti belə yumşaldan, əridən əvəzolunmaz qüvvədir. Hal-hazırda ətrafınızda kimsə varsa ona tərəf çevrilin və gülümsəyin, o sizə sizin gülüşünüzü belə kölgədə qoyacaq şəkildə cavab verəcək. Dəfələrlə artıq olmaqla qarşılığını verəcək. Gülüş xoş duyğular oyadan, qarşı çıxıla bilməyən, gözə, qəlbə və ruha ithaf edən vasitədir. Ən böyük və ən güclü silahdır. Gizli silah.

Ətrafımızda “mən çox səmimi insanam” deyən insanlar heç də az deyil, halbuki hər hansı zarafata küsəcək və inciyəcək qədər səmimi deyillər. Gülüşün tonundan belə səmimi olub-olmadığını bilmək olur. İçindən gəldiyi kimi davranmaq daha gözəl və daha asandır. Çünki içərisinə girdiyiniz və ya girmək istədiyiniz obrazın xüsusiyyətlərini bir müddət sonra unuda bilərsiniz, bu çox suni qalır həm. Necə varsansa o cür gözəlsən, bəlkə, bəlkə yox əminliklə deyə bilərəm ki, ətrafınızda sizi olduğunuz kimi bəyənəcək və qiymətləndirəcək onlarla insan var. Sadəcə utanmamaq və rola girməyə çalışmayaraq olduğun kimi davranmaq lazımdır. Olduğu kimi davaranmaq özünə güvənin olmasının bir göstəricisidir. Özünə güvəni olan insanları isə istisnasız hamı sevir. Və özündən əminlik hissi dünyanın ən gözəl hissidir.

Xoşbəxtlik sadəcə nəyisə əldə etmək deyil. Əldə etmək üçün özün də əldə etmək isədiyin qədər verməlisən. Nə qədər versən o qədər də alacaqsan. Odur ki, qarşındakından nəsə gözləmək əvəzinə özün hərəkətə keç. Onu xoşbəxt et. Onu xoşbəxt etdikcə özünün də xoşbəxt olduğunu görəcəksən. Bütün məsuliyyəti öz üzərinə götür və qarşındakı insana bunu hiss etdir, zaman keçdikcə məsuliyyətinin yarısını ona ötürdüyünü görəcəksən. Hər şeyi nəzərə alaraq işə başla. Pis olan heç nə yoxdur. Pis görmək var. Pisi belə yaxşıya çevirmək öz əllərimizdədi, bunun üçün sadəcə irəliləmək lazımdır.

Ən çarəsiz xəstəliklərin belə dərmanı xoşbəxtlik və sevdiyin şeyi etməkdir.

Həyatın mənasını tapın. Nə üçün yaşayırsan, səni nə xoşbəxt edir, hər gün nə etsən xoşbəxt olarsan? Ən imkansız bir şeyi xəyal edərək yaşayın və ona doğru addımlayın. Qarşıya çıxacaq heç kimə və heç kəsə fikir vermədən.

Həyatı özünüz üçün maraqlı edin. Həyatınızın macəralarla dolu olan nağıl olduğunu düşünün, nağılın qəhrəmanı sizsiniz, hadisələr sizin ətrafınızda cərəyan edir. Çətinlikdən qorxmayaraq irəliləmək, yeni macəralara daxil olmaq maraqlı olardı. Biabır olmaqdan, gözdən düşməkdən, tənqid olunmaqdan qorxmayın. Bunları da yaşamağın lazımlı olduğunu düşünün. Kiminsə qabağında kimsə sizə təhqir edici söz dedi və ya hansısa bir hadisə baş verdi, çoxlu insan qarşısında gülünc vəziyyətə düşdünüz. Bunun üçün nə pis olmaq, nə də özünü alçalmış hiss etmək lazım deyil. Soyuqqanlılığınızı göstərərək gülümsəmək və vecinə almamaq lazımdır. Çünki bu hadisə onsuz da unudulacaq. Bir də buna yaxşı tərəfdən baxın. Ən azından bu hissin nə olduğunu siz də bildiz. Özünü belə hadisələr zamanı necə aparmaq lazım olduğunu öyrəndiz. Bu hadisənin şahidi olan insanlar, əslində, hadisəyə yox, sizin özünüzü itirib-itirməməyinizə və necə reaksiya verəcəyinizə diqqət yetirirlər.

Həyat davam edir və heç kimi gözləmir. Bacardığınız qədər bütün hislərlə tanış olun. Sevin, sevilin, nifrət edin, əsəbləşin, qıcıqlanın, qoyun sizdən zəhlələri getsin, unudun, unudulun, ağlayın, ağladın. Bunları hiss etmək belə gözəldir.

Qarşıya çıxan hər bir uğursuzluq gələcək uğurunuzun müjdəçisidir və sizi həmin uğura hazırlayır.

Unutmayın, hər şərdə bir xeyir, hər qəribəlikdə bir normallıq, hər nifrətdə bir məhəbbət, hər qeyri-müəyyənlikdə bir müəyyənlik, hər dağınıqlıqda bir səliqəlik var. Bunları üzə çıxarmaq isə səndən asılıdır. Bütün insanlar yaxşıdırlar, amma yalnız sevdiklərinə qarşı. Odur ki, onların sevdikləri insan olmalısan. Bunu isə özün kimi olmaqla edə bilərsən. İnsanların içindəki yaxşılığı sənə göstərməsinə layiq olmalısan. Elə davranmalısan ki, insanlar sənə özlərini açıb əsil xoş üzlərini göstərsin.

Hər kəs xoşbəxtliyə layiqdir. Xoşbəxtliyi kənarda yox öz içində axtarmalısan. Yalnız həyatın sənə verdiklərinə qane olaraq xoşbəxt ola bilərsən. Həyatın sənə bəxş edəcəyi macəralardan imtina etmə. Ən azından dünyadan hər şeyi yaşayaraq köçmüş olacaqsan. Sənə yalnızca bir dəfə verilmiş olan yaşamaq fürsətini qaçırma. Dünən sabah dediyin gün bu gündür.

Nərminə Quluzadə

[email protected]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here