RESPONSIVE LEADERBOARD AD AREA
MÜSAHİBƏ 2019.10.31 12:46

Prezident elan etdi: bu başçılar gedəcək – II Hissə

44

Dialoq.info Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, millət vəkili Zahid Orucun Axar.az-a müsahibəsini təqdim edir:

I hissə BURADA

– Yəni bələdiyyələrin inkişaf etdirilməsi prosesinin bərqərar olması bu qədərmi çətindir?

– Düşünürəm ki, bələdiyyə sistemində çalışan insanların da təhsil bazası, bilikləri, menecment qabiliyyətləri burada mühüm rol oynayacaq. Yoxsa bu gün icra hakimiyyətlərinin səlahiyyətini bələdiyyələrə verməklə bizim avtomatik yerli demokratiyanın pik nöqtəsinə çatacağımız və bununla da camaatın razı qalacağı qənaətinə gəlmək çox yanlış olar. Əksinə, sizə açıq deyim ki, bir sıra hallarda bələdiyyədə təmsil olunan şəxslərin ümumi durumuna baxanda, onların hələ ümumdövlət məsuliyyətini tam şəkildə çiyinlərinə götürməyə hazır olmadıqlarını söylərdim. Hətta bilirsiniz ki, 2014-cü ildə namizədlik üçün ali təhsil məsələsi ortaya qoyuldu. Buna qədər orta təhsillilər də kifayət qədər bu sektorda var idi və bunda qəbahət tutmaq heç düzgün də deyildi. Kimsə deyirdi ki, mən kənddə doğulmuşam, buranın adamıyam, torpağı, izi tanıyıram, amma sonra gördülər ki, məsələ bununla bitmir. Buna görə də bələdiyyəyə münasibət siz dediyiniz kimi ikilidir. Bir tərəfdən əhali, bir tərəfdən də hakimiyyət onlardan narazıdır, bəlkə özləri özlərindən də narazıdır. 2019-cu ilin bələdiyyə seçkisini elə etmək lazımdır ki, islahatlar kursunun ümumi ruhuna uyğun olsun. Bu təbii ki, çox mühüm yanaşma olar. Yəni biz başa düşməliyik ki, bələdiyyə sistemi ayaq tutduqca, onların fəaliyyəti genişləndikcə, bu, Azərbaycan cəmiyyətində bir tərəfdən hökumətin yükünü azaltmış olacaq və bölgələrin rolunu artıracaq. Bilirsiniz, cəmi 2-3 şəhər mərkəzi büdcədən dotasiya almırdı. Sonra onların sayı 9-a çatdırıldı, sonra 14 oldu, indi 33-dür. Yerdə qalanların hamısı neftdən əldə olunan böyük vəsaitlərdən bəhrələnməkdədir. Hər biri özü-özünü dolandırmaq, özü-özünü saxlamaq, inkişaf elətdirmək imkanlarına gəlib çatsalar, nə gözəl olar. Bu, bölgələrə nə qədər investisiya cəlb edə bilməyindən asılıdır. Prezident də dedi ki, icra başçılarının işləməsinə bu amillə qərar veriləcək. Amma bundan ötrü sahibkarlıq mühitini açmaq lazımdır. Nə üçün Prezident Mikayıl Cabbarovu qəbul edərkən vurğuladı ki, bölgələrdə insanların, xüsusilə də sahibkarlıq fəaliyyətinə yönələn insanların bədəninə elə bil zəli kimi çökürlər, qanını sorurlar. Bu yolverilməzdir. Biz istəyirik ki, sahibkarlıq genişlənsin, bu sahədə olan insanlar dövlətin tərəfdaşına çevrilsin. Çünki büdcəni neftli, ya neftsiz dolduran həmin insanlardır. Yəni sən haradasa başından basacaqsansa, fəaliyyətinə mane olacaqsansa, üzərinə qara tapşırıqlar qoyacaqsansa, o, öz müəssisəsini genişləndirmək imkanını itirəcək, büdcə ondan ziyan çəkəcək, işsiz qalan insanlar ya hakimiyyət orqanlarının üzərinə gələcək, ya da paytaxtın mövcud gərginliyini artıracaq. Hazırda paytaxta hər il yüzminlərlə insan bölgələrdən gəlir. Əks proses getməlidir. Kəndə qayıdış, rayonlara dönüş siyasəti üstünlük təşkil etməlidir. Paytaxtın əmək və mənzil bazarı da buna görə yüklənir. Hələ tək orta məktəbi qurtaranlar hər il 120 mindən çoxdur. Onlar 2-3 ildən sonra ailə qururlar və ildə 50-60 min cütlük paytaxtın bu dediyimiz məkanında gərginlik yaradır. Nə qədər yol infrastrukturunu inkişaf etdirsən, nə qədər kirayə ev bazarını dəyişsən də, problemi həll etmək mümkün olmur. Amma kreditləri rayonlarda, kəndlərdə daha çox verib, kiçik və orta sahibkarlığı gücləndirsək, bu, tamam fərqli bir mənzərə yaradar. Prezident kiçik və orta sahibkarlıqla bağlı mühüm məsələlərə toxundu. Qeyd etdi ki, o məsələ ümumdaxili məhsulda o qədər də yüksək deyil. Həqiqətən belədir. Baxın, dünyada, məsələn, Cənubi Koreyada bu, büdcədə 48%-ə kimidir. Görün, kiçik sahibkarlıq nə qədər özünü individual bir şəkildə şaxələndirir. Orada çalışan insanların sayı, ödənişlərin miqdarı çəkili bir səviyyədədir. Almaniyada nisbət hətta kiçik və orta sahibkarlığın xeyirinədir. Yəni hamı gedib, “Əpl”da, “Əlibaba”da işləmir.

Azərbaycan bu gün “Əpl” istehsal edəsi deyil, biz “Mersedes” maşınını da yaradası deyilik. Azərbaycan insanının xarakterində min illərdir bizə deyirlər ticarət yollarının üzərində olduğumuzdan, mental olaraq, menecerlik var. Hətta çox yaxşı xatırlayıram ki, devalvasiyadan qabaq Şimali Qafqazın əhalisi gəlib, “Sədərək”dən bazarlıq edirdi. Onlar Azərbaycan insanının qoçaqlığından istifadə edirdi, Afrikadan bu yana gətirdiyi malları buradan alıb Rusiyaya aparırdılar. Devalvasiya rəqəmləri dəyişəndən sonra rusiyalıların bura bazarlıq üçün gəlişi azaldı.

Ancaq biz yalnız ticarət üzərində durmuruq. Bu gün Azərbaycan nə qədər neft ixrac edir-etsin, əməyi, ixtisaslı kadrları, xidməti ixrac etməyənə qədər biz neftə tam alternativ yarada bilməyəcəyik.

– Xidmət dedikdə nəyi nəzərdə tutursunuz?

– Baxın, Azərbaycanda bir-birinin ardınca mühüm tədbirlər həyata keçirilir. Gələn qonaqların böyük bir hissəsi ASAN Xidmət rəhbərliyi ilə görüşür ki, bizə onun modelini verin. Bu o deməkdir ki, Azərbaycan həmin sahəni kənara ixrac edir, aparıb orada onu təsis edir, formalaşdırır. Dünya budur. İnsanlar bir ömür ərzində, məsələn, Cənubi Koreyada 4 dəfə ixtisasını dəyişir ki, əmək bazarının tələbatlarına uyğun olsun. Biz isə 22 yaşımızda bir ixtisas alırıq, diplomumuzu da çox böyük səliqə ilə evimizin ən gözəl yerinə qoyuruq və xalq dili ilə desək, orada onu bəsləyirik ki, bir dəfə ixtisas almışıq, bəs edər. Hələ o diplomu necə almadığımız məsələsi ikinci yerdə dayanır. Elm tutumlu iqtisadi sahələrin yaranması çox vacib bir məsələdir. Hazırda Azərbaycanda hər 10 min nəfərə bir alim düşür. Bu gün Rusiyanı tənqid edirlər, amma bu ölkədə sanksiyalar ucbatından elmlə iqtisadiyyat artıq birləşib. Yəni iqtisadiyyat sifariş edir, elm isə onu tapır. Bizdə universitet sistemi iqtisadiyyatla çulğalaşmalıdır. Hər birimizə bəllidir ki, iqtisadiyyat daim yenilənir. Maşını istehsal edənə qədər onun hissələrini istehsal etsəydik, ondan qat-qat artıq qazanardıq. Ona görə də Azərbaycan cəmiyyətində ən başlıca məsələ iqtisadiyyatı gücləndirməkdir və ölkə rəhbəri buna aydınlıq gətirir. Prezident dedi ki, biz 2003-cü ildən sonra maksimum iqtisadi müstəqilliyə çalışdıq. 1991-ci ildə biz Müstəqillik Aktını qəbul etmişdik, amma bu, formal xarakter daşıyırdı. 1993-2003-cü illərdə Ulu öndər Azərbaycanda vətəndaş müharibəsinin qarşısını aldı, ölkəni qurdu, xarici əlaqələrini bərpa etdi, kriminal ünsürləri təmizlədi, sabitlik yaratdı, neft ixracı üçün bütün əsasları yaratdı… Bu mənada ölkəni xilas etdi. Lakin iqtisadi müstəqilliyə biz İlham Əliyevin liderliyi dövründə nail olduq. Bunu unutmamalıyıq.

Hazırda isə İlham Əliyev iqtisadi müstəqilliyi gücləndirmək və ölkənin maliyyə imkanlarını genişlədirmək, daimi etmək üçün yeni kurs başladıb. Bu, ən sadə insanların maraqlarına, mənafelərinə uyğun addımlardır, ölkənin yeniləşmə prosesidir. Bu, həmçinin kadr siyasətində yeni dövrdür, yəni baş verənlər yalnız adların dəyişməsi deyil. Mənə görə, İlham Əliyevin həyata keçirdiyi siyasət dövlət və millətin həyatını yeniləyir. Obrazlı şəkildə müqayisə edim: 1999-cu ildə ulu öndər Baş Prokurorluqla bağlı müşavirə keçirmişdi. Heydər Əliyev həmin müşavirədə demişdi ki, prokurorluğun qapı və pəncələrini açın, izn verin, bura yeni nəfəs və yeni hava daxil olsun. Cənab Prezident sonuncu verdiyi mesajlarda da “yeni nəfəs” ifadəsini dilə gətirdi. Buna görə də Azərbaycan cəmiyyəti və Azərbaycan insanı bu proseslərdə dövlət başçısının yanındadır və bunu biz bir tədqiqat mərkəzi olaraq ölçmək üçün insanlarımızın qapısına getmişik. İctimai rəy çox mühüm qüvvədir. Soruşursunuz ki, islahatlar davam edəcəkmi? Bəli. Çünki hələ qarşıda yeni və mühüm vəzifələr dayanmaqdadır.

– Proses 2015-ci ildən başlayıb və 4 ildir islahatlar gedir. Sizcə, indi başladılan prosesi hakimiyyətin təmizlənməsinin son mərhələsi saymaq olarmı?

 Ötən 10 il ərzində həm də İlham Əliyevin lider, prezident kimi xarakteri millətin gözünün qarşısında bütöv açıldı. Heydər Əliyevdən sonra Azərbaycanın birinci şəxsi olmaq həddindən artıq məsuliyyətli və eyni zamanda risklidir. Yeri gəlmişkən, mütləq qeyd etmək istəyirəm ki, XXI əsrdə vəziyyət 90-cı illərdəki qədər təhlükəlidir. XXI əsrin çağırışları daha sərt və ağırdır. Məsələn, danışdığımız günlər Suriyada İŞİD rəhbərinin məhv edilməsi dünya informasiya vasitələrində nömrə birə çevrilib. Məgər kimə sirdir ki, nə qədər ölkələrdən insanlar bu saxta cihad savaşına qoşulub, bu savaş nə qədər dövlətin dağılması üçün zəmin hazırlayıb. O biri yandan, ərəb inqilabları, hakimiyyətlərin kənar müdaxilələr vasitəsi ilə dəyişdirilməsi və s. Buna görə mənim aləmimdə Prezident İlham Əliyev bütün bu illər ərzində hər bir ilin əsas vəzifəsini müəyyənləşdirib, ona doğru addımlar atıb. Bəlkə də kadr məsələsinin birinci yerdə durmamasının ən önəmli sirri ölkənin transmilli layihələri, regional və beynəlxalq aləmə, qovşağa qoşulmasının birinci yerə çıxması idi. Əgər iqtisadi müstəqilliyin, iqtisadi imkanların, büdcə resursların yoxdursa, apardığın islahatların nə effekti var?

Hesab edirəm ki, 2015-ci ildən sonra Azərbaycan liderinə qarşı Qərb ölkələrindən son dərəcə haqsız münasibətlər sərgiləndi. Mən ilk dəfədir bu məsələləri söyləyirəm. Hesab edirəm ki, “Vikiliks”in məxfi diplomatik yazışmalarına baş vuran insanlar görə bilərlər ki, ölkə rəhbəri dəfələrlə Qərb institutlarının rəhbərlərinə, dövlət nümayəndələrinə, ən yüksək səviyyəli diplomatlarına deyir ki, Azərbaycanın Qərbə doğru gedən yolunu qiymətləndirin, buna dəyər verin, siz bununla bağlı məsələlərdə bizi müəyyən qədər müdafiə edin, bu təhlükələrdə bizi tək qoymayın. Cənab Prezidentin dediyi sözlər 2007, 2009, 2013-cü ildə Ukraynanın taleyində özünü qabarıq şəkildə göstərdi. O boyda 46 milyonluq nəhəng ölkəni gətirib 20 faizinin işğalı durumuna çatdırdılar. Həmin o ölkəni geopolitik inqilabın yeminə çevirdilər.

Bir dəfə mən NATO-nun tədbirində olanda bir general demişdi ki, biz Ukraynanı öz tərəfimizə çəkə bilsək, Rusiyaya qarşı çox güclü bir tərəfdaş əldə edəcəyik. Ukraynanı bütöv götürə bilməsək, yarısını götürəcəyik. Mən dedim ki, axı bu vərəq deyil ki, siz onu böləsiniz. Burada ikiyə ayrılan milyonlarla insan taleləri, iqtisadiyyat, siyasət, ölkənin bütövlüyü var. Gördüm, bu məsələ heç bunları düşündürmür.

– Yəni İlham Əliyev kadr dəyişikliyi üçün əvvəlcə ölkənin beynəlxalq təhlükəsizliyini gücləndirməklə məşğul olub…

– Bəli! Prezident İlham Əliyev birinci növbədə bu amili qabartdı ki, Bakı-Ceyhan kəməri işləsin və o, gəlir gətirsin, sonra qaçqınları yerbəyer olsun, şəhid ailəsi ağır fəlakətli durumdan çıxarılsın, I Qarabağ savaşının humanitar fəlakəti ortadan qaldırılsın. Bundan sonra artıq heç şübhəsiz ki, ikinci məsələ önə çıxmağa başladı. Onu da deməliyəm ki, Rusiya ilə delimitasiya xətti, yəni Samur çayı üzərindən bütün sərhəd xəttimizin razılaşdırılması, Qəbələ RLS-lə bağlı məsələlər kifayət qədər strateji məqamlar idi. Bu, çox vurğulanıb, el bayramına çevrilməyib, amma bundan danışmaq lazımdır. Ardınca Türkiyə ilə münasibətlər hərbi müttəfiqlik səviyyəsinə çatdırıldı. Bu nə vaxt, nə zaman oldu?! 2009-cu ildən sonra. Yəni buna qədərki dövrdə Türkiyə bölgəyə hərbi qüvvələrinin gəlməsini risk sayırdı. Həmişə deyirdilər ki, İran və Rusiya buna nə cür reaksiya verəcək. İlham Əliyevin strateji gücü və liderlik bacarığı ona gətirib çıxardı ki, Ərdoğanla 2010-cu ildə Strateji Tərəfdaşlıq Şurasının yaradılması qərarı qəbul olundu. Amma ardınca platforma dəyişdi və qaz sferası ilə bağlı addımlar sürətləndi. Beynəlxalq təhlükəsizliyi qazanandan sonra 2017-ci ilin aprelində neft müqavilələrinin 2050-ci ilə qədər uzadılması ilə bağlı strateji mübarizəni İlham Əliyev qazanan kimi kadr məsələləri ilə bağlı dəyişiklik qərarı geniş miqyas aldı. Sual verə bilərsiniz ki, hər şey bu qədərmi təhlükəli idi? Mən “Bəli” cavabını verərdim.

– …Və yenə də o suala qayıdaq: indi hakimiyyət daxilində təmizlənmə aparılır?

– Açığını desək, insanlar mənafedən ibarətdir. Siyasət mənafeləri idarə etmə elmidir. Tarixdə buna müxtəlif təriflər verirlər. Kimi deyir ki, siyasət mənim üçün mümkün olanları əldə etməkdir, kimi deyir ki, dövləti idarə etmək sənətidir və s. Lakin mənim aləmimdə siyasət maraqları idarəetmə elmidir. Kim onu peşəkarlıqla bacarırsa, dövləti, milləti ayaqda saxlayır. İndi bu gün bir-birinin ardınca həm dövlət idarəetmə sistemində, həm iqtisadiyyatda, həm siyasətdə verilən bu qərarların ardı var. Lakin ən önəmli məsələ odur ki, bunu biz sizin söylədiyiniz kimi təmizləmə və s. kimi adlandırmalı deyilik. İslahat zamanla, yeni çağırışlarla üzə çıxana deyilir.

Bəlkə də bir qədər çox mexaniki və texnoloji müqayisə olacaq. Bu dəqiqə hamımızın həyatında yer alan Ayfon vasitəsilə söhbətimizi apara bilərik. Amma bir və ya iki il sonra bu qurğular yeni sinif, yeni parametrlərlə meydana çıxacaqlar. İnsan həyatı da belədir. Prezident İlham Əliyev bu yola gəlib çatdığı nöqtədə bu komanda üzvlərinə dəyər verir, onları ayrıca qəbul edir. Bu onu göstərir ki, hökumət üzvləri və ya xadimlərlə sağollaşma əl sıxaraq edilir, bunu dövlət ənənəsinə çevirir. Həmçinin yeni insanların gəlişinə də meydan vermək gərəkdir. Əgər bir nazirlikdə kariyera pilləkanı işləmirsə, bir adam 15-20 il şöbədə təlimatçı olaraq qalırsa, deməli, orada sistem nəyisə yaxşı idarə etmir. Ona görə də mənim aləmimdə Prezident İlham Əliyevin Azərbaycanda keçirdiyi tədbirlər bir çox ölkələrdə oxşar görünə bilər, amma bu, tamamilə yenidir və tamamilə Azərbaycan fenomenidir, ən doğru yoldur. Bunun başqa alternativləri təhlükəlidir və qəbuledilməzdir.

– Radikal adlandırdığımız müxalifət bu islahatlar fonunda icazəsiz aksiyalara çıxır. Sizcə, müxalifətin aksiyaları nəyə hesablanıb?

– Bir daha söyləyirik ki, İlham Əliyevin alternativi xaosdur və İlham Əliyev Azərbaycanının əldə etdiyi bütün uğurların üzərindən xətt çəkilməsidir. Hətta bu ölkədə ən narazı adam belə dəyişiklikləri İlham Əliyevin liderliyi altında gözləyir. Bu, çox önəmli məsələdir. “19 oktyabr Ərbəin günüdür”, “İmamların qırx günüdür”, “Hakimiyyət hansısa sərt addım atacaqsa, onu informasiya məkanlarında paylaşacam və 15 əsr əvvəl baş verən döyüşlərlə paralelləşdirəcəyəm”, “Hakimiyyətin ünvanına informasiya aləmində olmazın ittihamlar yağdıracağam” kimi planlar Azərbaycan xalqının taleyini müəyyənləşdirmir. Azərbaycan xalqının həyatı müxalifətin qərarlarından qəti şəkildə asılı deyil və xalqın həyatı “Məhsul” stadionunda müəyyənləşmir. Azərbaycan xalqı, xüsusilə də gənclər İlham Əliyevi özünə lider kimi qəbul edir. Mən Oksforddan, Sarbonnadan, Harvarddan olan tələbələrin gedib hər hansı antihakimiyyət qüvvəsinin yanında lövbər saldığını görmürəm. Yalnız müəyyən qədər sosial incik, hansısa dövrlərdə vəzifədən çıxarılmış məmurlara bağlı olan insanların kiçik dəstəsinin narazılığı var. Bu isə çox normaldır. Protest elektoratı dünyanın hər yerində var və bizdə də olması realdır, amma islahatlara mane olmaq o qüvvələrin gücü daxilində deyil. Ona görə də hesab edirəm ki, son atılan addımlar dövlətin, millətin yenilənməsi, ictimai münasibətlərin, dövlət münasibətlərinin yeni eraya qədəm qoymasıdır.

– Maraqlı bir məqam da var: oktyabrın 7-si axşam Baş nazir Novruz Məmmədovun istefaya göndəriləcəyi xəbəri çıxır, səhərisi gün Məmmədov istefaya göndərilir, Əli Əsədov yerinə gətirilir. Elə həmin gün radikallar 19 oktyabra icazəsiz mitinq təyin edir. Əsədovun təyinatından sonra oktyabrın 15-də Prezident müşavirə təşkil edir və burada komanda daxilində islahat əleyhinə olanları sərt tənqid edir. 19 oktyabr mitinqi baş tutur, az sonra isə Prezident bir neçə nəfəri istefaya göndərir. Üstəlik, bu dövr ərzində mitinqlə bağlı sosial şəbəkələrdə yaradılan ajiotaj vardı. Sizcə, bu baş verənlərdə nəsə qəribə uyğunluq varmı?

 Bu, dövlətin və onun liderinin aldığı qərarlara hansısa müstəvidə müqavimət göstərmək cəhdidir. Bu, ölkə rəhbərinin hansısa müqavimət və maneçiliklərin mövcudluğu, bunun bir çox hallarda informasiya vasitələrinə qədər gedib çıxması barədə sözlərində də əksini tapır. Əminəm ki, ölkə rəhbərinin masası üzərinə bununla bağlı ən müxtəlif raportlar, təhlillər, araşdırmalar qoyulub. Cənab Prezident ölkədəki bütün proseslərə ən yüksək nəzərlərlə, müdrikliklə nəzarət edir.

Digər tərəfdən, qeyd etdiyiniz qüvvələrin hərəkətləri elə mərkəzlər tərəfindən idarə olunur ki, bunu sadə insanların görməsi mümkün olmur. Bu, adətən dünya dövlətlərində sınaqdan keçirilmiş modellərdir. Bu, qətiyyən kimisə hakimiyyətə sahibləndirmək modeli deyil. Azərbaycanda hazırda elə bir qüvvə yoxdur. Təsir agentləri, təzyiq qrupları kimi ifadələr var. Bu o deməkdir ki, Azərbaycandan hansısa bir müqavilədə güzəşt qoparmaq istəyən xarici kompaniyalar dərhal daxili qüvvələri işə salır. İkincisi, Azərbaycanın mövqeyini Rusiya və İrandan qoparıb, Qərbin bir nömrəli “forpost”una çevirmək istəyi zamanı dərhal “demokratiya”, “insan haqları” önə çıxası olur və hansısa şəxslərin sinxron olaraq həbsxanalarda aclıq aksiyası başlayır. Üçüncüsü, aksiyaların sabit ünvanıdır. Əlbəttə ki, “Məhsul” stadionu bütöv müxalifətin gücünü ölçə biləcək məkandır. Ümidvaram ki, bu təmir başa çatacaq və bu yerlər hər kəs üçün açılmış olacaq.

Ardı var…

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı