Prezident Kitabxanasında “Soyqırım Muzeyi” kitab-albomu təqdim edilib

Fevralın 16-da Azərbaycan Respublikasının Hərbi Prokurorluğu ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun birgə ərsəyə gətirdiyi “Soyqırım Muzeyi” kitab-albomunun və Hərbi Prokurorluğun sifarişi ilə Müdafiə Nazirliyinin nəzdindəki Sənədli və Tədris Filmləri Kinostudiyasında hazırlanan “Əsrin faciəsi” sənədli filminin təqdimat mərasimi keçirilib.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında keçirilən tədbirdə Milli Məclisin deputatları, Hərbi Prokurorluğun məsul işçiləri və Tarix İnstitutunun əməkdaşları iştirak ediblər.

Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirib ki, bu günlərdə həm Azərbaycanda, həm də dünyanın bir sıra ölkələrində XX əsrin faciəsi – Xocalı soyqırımının ildönümü ilə bağlı müxtəlif səpkili tədbirlər keçirilir. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində reallaşdırılan tədbirlərin nəticəsi olaraq dünyanın bəzi ölkələrində Xocalı soyqırımı ilə bağlı müvafiq qərarlar qəbul edilsə də, belə ağır hərbi cinayət beynəlxalq miqyasda hələlik öz hüquqi qiymətini almayıb. Prezident İlham Əliyev 2017-ci il yanvarın 24-də “Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında” Sərəncam imzalayıb. Azərbaycan Respublikasının Prezidenti Administrasiyası bu Sərəncamın icrası məqsədilə Tədbirlər Planını təsdiq edib. Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində hazırlanmış bu kitab-albomda və sənədli filmdə son 200 ildə erməni vandallarının öz havadarlarının köməyi ilə Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı və deportasiyaların miqyası xronoloji ardıcıllıqla, sistemli şəkildə tarixi sənədlərin, istintaq materialları və şahid ifadələri əsasında əks etdirilib. “Əsrin faciəsi” sənədli filminin Azərbaycan dilindəki versiyasının mətni ingilis dilində, ingilis dilində olan versiyasının mətni isə Azərbaycan dilində sub-titrlərlə müşayiət olunur.

M.Əhmədov vurğulayıb ki, bu kitab insanlığa qarşı törədilmiş soyqırımı cinayətlərinin unudulmaması və beynəlxalq aləmdə tanıdılması üçün görüləcək işlərin bundan sonra da ardıcıl davam etdirilməsinə təkan verəcək.

Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov qeyd edib ki, institutda aparılan elmi tədqiqatların mühüm istiqamətlərindən biri də xalqımıza qarşı ermənilərin həyata keçirdikləri soyqırımları tarixinin araşdırılmasıdır. Tarix İnstitutunda son onillikdə dünyanın müxtəlif ölkələrindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımını əks etdirən külli miqdarda arxiv sənədləri gətirilərək toplu şəklində nəşr olunub və tarixçilərimiz bu sənədlər əsasında ölkəmizin bütün bölgələrində həyata keçirilmiş soyqırımlarına ayrı-ayrılıqda tədqiqat əsərləri həsr ediblər. Tarix İnstitutunun direktoru bildirib ki, 1914-1918-ci illərdə böyük dövlətlərin fəal köməyi ilə terrorçu-ekstremist erməni təşkilatlarının Azərbaycanın və Şərqi Anadolunun türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırımları dünya tarixinin ən dəhşətli soyqırımlarıdır. Sovet tarix elminə mətin bolşeviklərdən biri kimi daxil edilən Stepan Şaumyan əslində erməni millətçilərinin ən ifrat və ən iri terrorçu təşkilatı olan “Daşnaksütyun” partiyasının üzvü olub. O, “Daşnaksütyun” partiyasının Bakı Komitəsinin üzvü idi.

Azərbaycan Respublikasının Hərbi prokuroru, Əməkdar Hüquqşünas, hüquq üzrə fəlsəfə doktoru Xanlar Vəliyev qeyd edib ki, Hərbi Prokurorluğun Soyqırımı Muzeyi XX əsrin əvvəllərindən bəri erməni-bolşevik silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar və soyqırımları nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə həsr edilib. Muzey dörd bölmədən – tarix, deportasiyalar-repressiyalar, soyqırımları və terror bölmələrindən ibarət olmaqla 320 kvadratmetrlik sahəni əhatə edir.

Hərbi prokuror bildirib ki, muzeyin yaradılmasında əsas məqsəd XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətləri barədə tarixi həqiqətləri əyani şəkildə gələcək nəsillərə çatdırmaq və ictimaiyyət arasında təbliğini genişləndirməkdir.

Xanlar Vəliyev diqqətə çatdırıb ki, muzeyin soyqırımları və terror bölmələrində erməni silahlı birləşmələri və keçmiş sovet ordusunun 366-cı alayının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə birgə hücumunu, Xocalı və ətraf ərazilərin işğalını əks etdirən maket və fotolar, habelə digər eksponatlar yer alıb. Erməni terrorçularının istifadə etdikləri partladıcı qurğuların, güllə başlıqlarının hadisə yerindən götürülmüş nümunələri də muzeydə saxlanılır.

Tədbirdə çıxış edənlər təqdim olunan kitabın əhəmiyyətindən danışıblar. Vurğulanıb ki, “Soyqırım Muzeyi” kitabının digər dillərdə də hazırlanmasına ehtiyac var.

Xatırladaq ki, 2016-cı ildə Tarix İnstitutunun Hərbi Prokurorluq ilə birgə layihəsi əsasında “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabı hazırlanaraq nəşr olunub.

AZƏRTAC