Professor Nazim İmanov: “Əsas məqsəd İqtisadiyyat İnstitutunu Azərbaycanda fundamental iqtisadi tədqiqatların mərkəzinə çevirməkdir”

Bu fikri AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad üzrə elmlər doktoru, professor Nazim İmanov rəhbəri olduğu qurumun 60 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı səsləndirib. Alim öz məruzəsində institutun müasir dövrdə həyata keçirdiyi innovativ layihələr, burada aparılan tədqiqatlar və gələcəkdə görüləcək işlər haqqında geniş məlumat verib.

“İqtisadiyyat İnstitutu iqtisadiyyat sahəsində ölkənin aparıcı elmi mərkəzlərindən biridir” – deyə bildirən N.İmanov bu qurumun 13 elmi və 6 inzibati şöbədən ibarət olduğunu, müəssisədə 200-ə yaxın əməkdaşın çalışdığını qeyd edib. Bildirib ki, onlardan 19-u iqtisad elmləri doktoru, 52-si iqtisad üzrə fəlsəfə doktorudur.

İnstitutun mütəxəssislərinin “İqtisadi islahatlar üzrə Strateji Yol Xəritələrinin” ərsəyə gəlməsində fəal iştirak etdiklərini deyən professor N.İmanov hazırda əməkdaşların bu sənədin icra prosesinə də cəlb olunduqlarını qeyd edib.

Alim bildirib ki, AMEA-nın digər institutlarında olduğu kimi İqtisadiyyat İnstitutunda da dünyanın çağırışlarına cavab verən, prioritet istiqamətlərdə araşdırmalar aparılır. Tədqiqatçıların hazırladığı elmi məqalələr, əldə etdikləri nailiyyətlər dünyanın nüfuzlu, yüksək istinad indeksli jurnallarında nəşr olunur.

Fundamental-nəzəri tədqiqatlar sahəsində əldə olunan yeniliklərdən söz açan direktor bildirib ki, institut ilk dəfə olaraq, iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi səviyyəsinin ölçülməsi metodologiyasını hazırlayıb və bu metodologiya əsasında 95 ölkə üzrə dövlətin iqtisadiyyata modelyaradıcı müdaxilələrinin səviyyəsi kəmiyyətcə qiymətləndirilib.

N.İmanovun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində, ilk dəfə olaraq, 100 ölkənin iqtisadi modelləri liberallıq-dirijistlik baxımından təsnifləşdirilib. Bu həm nəzəri, həm də ciddi praktik əhəmiyyəti olan bir tədqiqat proqramıdır: “Artıq müəyyən nəticələr ölkəmizdə və xaricdə ictimailəşdirilib. Yekun nəticələr isə bir neçə aydan sonra nəşr ediləcək”.

O, AMEA-nın tarixində ilk dəfə olaraq İqtisadiyyat İnstitutunda yaradılmış “müzakirə və mükalimə meydançaları” haqqında da məlumat verərək qeyd edib ki, hazırda institutda “Kreativ iqtisadiyyat”, “Doktorantlar” və “Gənc alimlər” diskussiya klubu fəaliyyət göstərir. Bu klublarda müvafiq mövzularda seminar-diskussiyalar keçirilir, mühazirələr təqdim olunur, iştirakçılar arasında geniş fikir mübadiləsi aparılır. Müzakirələrdə təkcə institutun əməkdaşları deyil, həm də kənar təşkilatlardan dəvət olunmuş mütəxəssislər, o cümlədən dövlət və hökumət orqanlarının nümayəndələri çıxış edirlər.

Professor N.İmanov rəhbərlik etdiyi elmi müəssisədə dissertasiyaların aprobasiya prosedurlarını tənzimləmək üçün hüquqi zəminin yaradıldığını və bu addımın da AMEA-da yenilik olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, hazırda institutda dissertasiyaların həm ilkin, həm də elmi seminarlarda keçirilən müzakirələri bu qurumun Elmi Şurası tərəfindən təsdiq olunmuş “Qaydalar” əsasında təşkil olunur. Bütün qaydalar və qəbul edilən digər normativ sənədlər institutun rəsmi İnternet saytında yerləşdirilir və ictimaiyyət üçün açıqdır.

Natiq bildirib ki, Azərbaycanda ilk dəfə olaraq, İqtisadiyyat İnstitutu sifariş əsasında bir dövlət proqramının hazırlanmasında iştirak edib. 2017-ci ildə Mərkəzi Bankın və “MasterCard Advisors” şirkətinin mütəxəssisləri ilə birlikdə institutun bir qrup alimi “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” layihəsini hazırlayıb. Proqram 10 gün əvvəl Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunub.

N.İmanov müəssisədə gənc iqtisadçı tədqiqatçılar arasında təşkil olunan elmi məqalə müsabiqəsi, həyata keçirilən dövlət proqramları, eləcə də elmi şöbələr və onların rəhbərləri barədə məlumat verib.

İnstitut direktoru rəhbərlik etdiyi qurumun perspektivləri və hədəfləri haqqında fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, əsas məqsəd İqtisadiyyat İnstitutunu Azərbaycanda fundamental iqtisadi tədqiqatların mərkəzinə çevirməkdir: “Biz elə bir institut qurmaq istəyirik ki, burada fəaliyyət göstərən alim və mütəxəssislər apardıqları tədqiqatların yeniliyinə və konstruktivliyinə görə fərqlənsinlər”.

Professor N.İmanov çıxışının sonunda rəhbərlik etdiyi qurumun əməkdaşlarını və həmkarlarını institutun 60 illik yubileyi münasibəti ilə təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here