“Professor Rövşən Mustafayev” adına medalın təqdimetmə mərasimi olub

Fevralın 9-da AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda Rusiyanın tanınmış tarixçisi və siyasi analitiki Oleq Kuznetsova “Professor Rövşən Mustafayev” adına medalın və sertifikatın təqdimetmə mərasimi keçirilib.

Bu mükafat Hüquq və İnsan Haqları İnstitutu və professor R.Mustafayev adına Beynəlxalq Fond tərəfindən təsis edilib. Mükafat hər il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusunda araşdırmalar aparan və münaqişə barədə həqiqətləri dünya birliyinə düzgün, təkzibolunmaz faktlarla çatdıran alimlərə təqdim olunur.

Təqdimetmə mərasimində Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq elmləri doktoru Aytən Mustafayeva qəsbkar ermənilərin zaman-zaman törətdikləri qanlı cinayətlərdən danışıb, bu barədə dünya ictimaiyyətinə daha ətraflı məlumatların çatdırılmasının zəruriliyini vurğulayıb. Ermənistanın beynəlxalq hüquq norma və prinsiplərinə əməl etməyən təcavüzkar dövlət olduğunu qeyd edən A.Mustafayeva bu istiqamətdə araşdırmalar aparan alimlərin tədqiqatlarını yüksək dəyərləndirib.

A.Mustafayeva tanınmış politoloq Oleq Kuznetsovun Cənubi Qafqazda cərəyan edən proseslərlə, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv mövqeyi ilə seçildiyini qeyd edərək bildirib ki, alimin əsərlərində, analitik yazılarında və müsahibələrində bu məsələyə geniş yer vermişdir. Qeyd olunub ki, onun “Mərkəzi Qafqaz: sivilizasiyaların toqquşmasına retrospektiv baxış” adlı məqalələr toplusunda Rusiyanın Qafqazda siyasətinin və fəaliyyətinin təkamülü təhlil olunur, Gülüstan müqaviləsinə yeni geosiyasi yanaşma təklif edilir.

Aytən Mustafayeva O.Kuznetsovun “XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat” kitabının əhəmiyyətini vurğulayıb. Bildirib ki, kitabda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlama səbəbləri, erməni terrorizminin mahiyyəti və Azərbaycanda dinc əhaliyə qarşı törədilən cinayətlər müəllif tərəfindən tədqiq edilib.

A.Mustafayeva tanınmış tarixçi O.Kuznetsovun bədnam ermənilərin saxtakarlıq və terrorla bağlı siyasətinin sübuta yetirilməsi istiqamətindəki səmərəli xidmətini qeyd edərək, onun “Professor Rövşən Mustafayev” adına medala və sertifikata layiq görüldüyünü diqqətə çatdırıb.

Sonra mükafat sahibinə təqdim olunub.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here