Qəhvəyi çeşmə

Naftalan nefti haqqında müxtəlif rəvayət və ehtimallar var və onların bir çoxu sözün etimologiyası ilə bağlıdır. Onların içərisində daha çox inandırıcı və həqiqətə yaxın olanlardan biri bundan ibarətdir ki, ölkəmizin ərazisində mövcud olmuş qədim Midiya dövlətinin dilində “nafta” sözü “axan, süzülən” mənasında işlənilirdi. Başqa bir ehtimala görə, yaxın ərazidə yaşayan sakinlər yerdən çıxan nefti tuluqlara doldurub “ay neft alan, neft alan” deyə alıcı hayladıqlarına görə ərazinin adı Naftalan kimi formalaşıb.

Lap qədim dövrlərdən Naftalan neftindən çimmək və müxtəlif xəstəliklərdən şəfa tapmaq üçün istifadə edirdilər. Dəvə karvanları neft tuluqları ilə yüklənərək qiymətli müalicə vasitəsini Şərq ölkələrinə daşıyırdı. Ondan xroniki astma və psoriaz, habelə uroloji, ginekoloji və damar xəstəliklərinin müalicəsində istifadə edirdilər.

Naftalan neftinin texniki istismarına isə XIX əsrin 70-80-ci illərindən başlanılıb. Həmin dövrdə milliyyətcə alman olan, bacarıqlı dağ mühəndisi E. Yeger Naftalan məlhəmi istehsal edən kiçik bir zavod tikib və onun müxtəlif ölkələrdə satışını təşkil edib. Naftalan neftinin yüksək müalicəvi xassələri və misilsizliyi getdikcə daha geniş əks-səda doğurmağa başlayıb.

1904-1905-ci illərdə rus-yapon müharibəsi zamanı əsir düşən yapon əsgərlərinin çantalarında Naftalan məlhəmi ilə dolu bankalar tapılması məlhəmin unikal şəfaverici xüsusiyyətlərinin yayıldığını sübut edir.

Naftalan nefti fiziki-kimyəvi xüsusiyyətlərinə görə başqa neftlərdən fərqlənir. Onun üçün əsas xarakterik cəhət tərkibində yüngül fraksiyanın və bərk parafin kabohidrogenlərinin varlığıdır. Əsas fərqlərdən biri də tərkibinin 14 faiz neftdən ibarət olması və su ilə möhkəm emulsiya əmələ gətirməsidir. Məhz elə həmin tərkibi onun yağ-məlhəm kimi istifadəsinə səbəb olub. Naftalan məlhəmi 0,92-0,96 qram çəkisi olan, -200 dərəcə donma temperaturuna malik, qəhvəyi-qonur rəngli, xüsusi ətirli yanmayan yağdan ibarətdir. Təbii müalicə vasitəsi kimi orqanizmə patogenetik təsir edir, mexaniki təsiri yoxdur.

Qəhvəyi çeşmə kimi çağlayan neftin çıxdığı ərazi 90 ilə yaxındır ki, müalicəxana kimi istifadə olunur və kurort zonası elan edilib. Əvvəllər müalicə almaq məqsədi ilə Naftalan şəhərinə hər il 70-75 min xəstə pənah gətirirdi. Onların 55-60 minini başqa ölkələrdən gələnlər təşkil edirdi. Son illər dünyada analoqu olmayan müalicəxanaya üz tutanların sayı yenidən artıb. Aparılan yenidənqurma və təmir-tikinti işlərindən sonra Naftalan müasir tipli şəfa ocağına çevrilib. Sümük-oynaq, sinir-əzələ, dəri, ginekoloji, uroloji xəstəliklərə tutulanlar üçün Naftalan məlhəmi əvəzsiz müalicə mənbəyi rolu oynayır. Ümumilikdə Naftalan nefti 80-ə yaxın xəstəliyin müalicəsində tətbiq olunur, onun təsiri ilə hətta Bexterev xəstəliyindən də şəfa tapanlar olub.

Təbiətin bəxş etdiyi qeyri-adi məlhəmin faydalı xüsusiyyətləri haqqında çox danışmaq olar. Məsələn, hər gün yeməkdən qabaq ağ Naftalan yağından bir çay qaşığı içilməsi mədə yarasını sağaldır. Naftalan yağını buruna damızdırmaq allergiya zamanı çox xeyirlidir. Neftin yanıqlara sürtülməsi göynərti vermir.

Naftalan sanatoriyasında qeyri-adi muzeyi bəlkə də dünyada yeganə hesab etmək olar. Muzeyin eksponatlarını buraya üz tutan xəstələrin atılmış qoltuq ağacları təşkil edir. Xəstələr müalicə prosedurlarından sonra həmin əsa və ağacları burada qoyub gedirlər.

AZƏRTAC