Qərb Universitetinin tələbələri “Keys həlli” formasında imtahan veriblər

Qərb Universitetində yay imtahan sessiyası davam edir. Ənənəvi üsullarla yanaşı, yeni imtahan formalarını tətbiq edən universitetdə bu gün tələbələr “Keys həlli” formasında imtahan veriblər.

Universitetin İmtahan Mərkəzindən verilən məlumata görə, bu imtahan üsulu tələbələrin gələcək iş həyatlarında qarşılaşacaqları real problemlər əsasında qurulan keys məsələlərinin həlli ilə bağlıdır. Bu zaman tələbə vəziyyətin ümumi təsvirini təhlil edir, çatışmazlıqları və onların yaranma mənbələrini tapır, ən əsası isə problemin aradan qaldırılması üçün təkliflər hazırlayır. Bu imtahan forması tələbələrin səthi biliklərdən, əzbərçilikdən uzaqlaşaraq düşünmək və təhlil aparmaq qabiliyyətini üzə çıxarır və inkişaf etdirir.

Qeyd edək ki, ötən semestrdən etibarən Qərb Universitetində imtahan modelini tələbələr müəyyən edir. Dəyişikliyə əsasən, tələbələr semestr boyu keçdikləri fənlər üzrə, müvafiq kursun formatına uyğun olaraq təklif olunan imtahan modellərindən birini seçərək imtahan vermək şansı əldə edirlər. Mövcud imtahan formaları ilə yanaşı (test üsulu, şifahi imtahan, baxış imtahanı, açıq suallar), yeni imtahan modellərinə “Açıq kitab”, “Təqdimat”, “Keys həlli” kimi beynəlxalq akademik səviyyədə tətbiq olunan üsullar daxildir. Bu üsullar tələbələrə yalnız nəzəri deyil, praktik bilikləri də mənimsəməyə imkan verir.

Bir müddət əvvəl isə tələbələrin biliklərinin qiymətləndirilməsində Qərb Universiteti daha bir yeniliyə imza atmışdı. Belə ki, hər hansı bir fənn üzrə imtahandan müvəffəq nəticə göstərməmiş tələbələr üçün tamamilə ödənişsiz əsaslarla intensiv kurslar və konsultasiya saatları təşkil olunur.