Qərbi Kaspi Universitetində “Diaspor dərsi”

Qərbi Kaspi Universiteti və “Diaspor Jurnalistləri” İctimai Birliyinin birgə təşkilatçılığı ilə tələbələr üçün “Diaspor dərsi” təşkil edilib.
Qərbi Kaspi Universitetinin Tədris hissə müdiri Nazim Abbasov qonaqlara öncə universitetin cari tədris ilindəki fəaliyyəti, əldə etdiyi nailiyyətlər barədə məlumat verib. Universitetin çox sayda məzununun ölkəmizin ayrı-ayrı dövlətlərdəki səfirliklərində, müxtəlif beynəlxalq təşkilatlarda çalışdığını, eyni zamanda Azərbaycanın haqq səsini dünyaya çatdırılması üçün diaspor fəaliyyətlərində də səylə çalışdıqlarını diqqətə çatdırıb.
Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə qeyd edib ki, bu “Diaspor dərsi” ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunub. Fuad Hüseynzadə layihənin məqsədinin tələbə-gənclərin Azərbaycan diasporu haqda düşüncəsini inkişaf etdirmək, gənclərin informasiya müharibəsinin aparılmasında rolunu gücləndirmək olduğunu qeyd edib.
Daha sonra Qərbi Kaspi Universitetinin məzunu, Hollandiyada “Connect” təşkilatının sədri, eləcə də diaspor jurnalisti kimi çalışan Vüqar Abbasov “Skype” vasitəsi ilə “Diaspor dərsi”nə qoşulub və öz fikirlərini tələbələrlə bölüşüb.
Tədbirdə “Hollandiya Azərbaycan Evi”nin sədri Elxan Mirhəşimli, Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının magistri, “Həmrəy” İctimai Birliyinin sədr müavini Elvin Babayev, Diaspor Jurnalistləri Birliyinin baş katibi Siyavuş Əmirlinin çıxışları dinlənilib. Çıxış edənlər məlumat və maarifləndirmə xarakterli “Diaspor dərsi”də ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının xaricdəki azərbaycanlıların vahid ideya ətrafında birləşməsində rolu, Azərbaycan dövlətinin diasporun inkişafı istiqamətində gördüyü işlər, xaricdəki tələbə-gənclərimizin diaspor fəaliyyətinin perspektivləri, Azərbaycan gənclərinin informasiya müharibəsinin aparılmasında rolundan bəhs ediblər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here