Q.Paşayeva: Azərbaycan Ermənistanın dəstəklədiyi təşkilatların terror aktlarından böyük əziyyət çəkib

AŞPA-da “İŞİD tərəfindən həyata keçirilmiş insanlıq əleyhinə cinayətlərin, yaxud mümkün soyqırımlarının təhqiqatı və cəzalandırılması” adlı qətnamə layihəsinin müzakirəsi zamanı Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Azad Demokratlar qrupu adından çıxış edib.

Milli Məclisin deputatı bildirib ki, terrorla mübarizədə ikili standartlara yol verilməməlidir. Türkiyənin İraq və Suriya ilə sərhədlərində İŞİD zülmündən qaçan insanlarla görüşündən danışan Qənirə Paşayeva onlara AŞPA da daxil olmaqla, beynəlxalq təşkilatlar və Avropa dövlətləri tərəfindən İŞID-ə qarşı mübarizədə dəstək verilmədiyini söyləyib. O, qaçqınların kömək çağırışını avropalı parlamentarilərə çatdırıb. Qaçqınların yalnız Türkiyə dövləti tərəfindən dəstəkləndiklərini vurğulayıb.

Qrup adından çıxış edən deputat əhalisinin əksəriyyətinin müsəlman olduğu Azərbaycanın da İŞID-lə mübarizədə ciddi addımlar atdığını bildirib. O deyib: “Terror təşkilatlarına qarşıyıq və Ermənistan tərəfindən dəstəklənən terror təşkilatlarından böyük zərərlər görmüş bir ölkə olaraq Azərbaycan bütün terror təşkilatları ilə sərt mübarizə aparır.

İŞID beynəlxalq bir terror təşkilatıdır. Bu təşkilatın sıralarında müxtəlif millətlərdən və fərqli dinlərdən insanlar var. Bu səbəbdən İŞID-i müsəlmanlardan ibarət bir terror təşkilatı olaraq görmək və müsəlmanlara qarşı mənfi fikir yaratmaq istəyənlərə də fürsət verməməliyik. İŞID-in etdiklərinin İslam dini ilə heç bir əlaqəsi yoxdur. Avropada bəzi siyasətçilərin İŞID-in əməllərini bəhanə edərək İslam dini və müsəlmanlar əleyhinə etdikləri çağırışlara da burdan etirazımızı bildirməliyik. Bu cür addımların, Avropada islamofobiyanın artmasına təkan verən hərəkətlərin hansı dəhşətli nəticələrə səbəb olacağını, hansı faciələrə gətirib çıxaracağını nəzərə almalıyıq. Məsuliyyətsiz açıqlamalar sadəcə İŞID-in işinə yarayır.

Avropada İslam əleyhinə fikirlərin olması hamımızı ciddi şəkildə narahat etməlidir və hamımız birlikdə belə mənfi halların qarşısını almaq üçün ciddi çalışmalıyıq. Bu gün dünyadakı münaqişələrin azalması üçün mədəniyyətlərarası və dinlərarası dialoqun artmasına ehtiyac var. Terrorla təsirli şəkildə mübarizə aparmaq üçün bütün Avropa ölkələri bu sahədə İslam ölkələri ilə əməkdaşlığını artırmalıdır. Bu gün ehtiyac duyduğumuz tək şey dialoq və əməkdaşlıqdır”.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here